AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyаsının növbəti, sayca 78-ci məşğələsi “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə daim xüsusi önəm verdiyini söyləyib. O, dahi şəxsiyyətin ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə qəbul etdiyi qanun və qərarlardan, görkəmli dövlət xadiminin təşəbbüsü ilə ölkəmizdə qoruq və yasaqlıqların yaradılmasının əhəmiyyətindən danışıb.
Lektoriyada “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusunda məruzə ilə çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair çox mühüm 8 qanun və 32 qərar qəbul olunub. Dahi liderin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan təbiətinin qorunması, bərpası və zənginləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib.
Akademik Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, flora və faunası, mühafizə olunan təbiət əraziləri barədə də məlumat verib, son illərdə onların qorunması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, 1990-1993-cü illərdə – görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu dövrdə muxtar respublikada ilk dəfə olaraq iməciliklərə start verilmiş, yaşıllaşdırma işlərinə bu kompleks yanaşma tədbirləri gözəl ənənəyə çevrilmişdir. Bioresurslar İnstitutunun direktoru məruzədə institutda təbiətin əsrarəngiz zənginliyinin öyrənilməsini, onun mühafizəsinə dair tədqiqatların aparıldığını da diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi