Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib.
Aprelin 9-da universitetin bu ixtisas üzrə 2-ci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tələbələr buradakı kitabxananın fondu ilə maraqlanıb, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini icra edən II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev tələbələrlə görüşdə bildirib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi, onların gələcək fəaliyyətə hazırlanmaları, yaxşı mütəxəssis kimi yetişmələri baxımından böyük əhəmiyyətə malikdir. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair təsdiq olunmuş tədbirlər planı uğurla icra olunur, Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlər keçirilir. Onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakı təmin olunur. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər hazırda da davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin müəllimi Pərviz Qəribov Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri məqsədilə tələbələr üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələr həmin gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və Naxçıvan Şəhər Prokurorluğunda da olublar.
Səbuhi HƏSƏNOV