Dünən Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Naxçıvan şəhər ümumtəhsil müəssisələrini əhatə edən respublika fənn olimpiadasının yarımfinal mərhələsi keçirilib.
9-11-ci sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmin fənlərə olan marağı artırmaqdır.
226 şagirdin iştirak etdiyi yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla, ümumilikdə, 8 fənn üzrə keçirilib. Bacarıqlı, istedadlı, çevik və yaradıcı təfəkkürə malik şagirdlərin işirak etdiyi olimpiadaya 13 nəfər nəzarətçi-müəllim cəlb olunub. Şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Sualların cavablandırılmasına humanitar fənlər üzrə 90, dəqiq fənlər üzrə isə 180 dəqiqə vaxt ayrılıb. Hər sual 1 balla qiymətləndiriləcək. Hər bir fənn üzrə 25 sualdan ən azı 20-nə düzgün cavab yazan şagird mərhələni keçmiş hesab olunur və o, final mərhələsinə yüksəlir.
Onu da qeyd edək ki, olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri yerli təşkilat komitələri, final turunun qalibləri isə respublika təşkilat komitəsi tərəfindən qızıl və gümüş medallar, diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
Final mərhələsinin qalibləri diplom və medallarla təltif olunacaq, digər şagirdlərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Həmçinin hər fənn üzrə olimpiadaların ən uğurlu şagirdi seçilərək “Birincilərin birincisi” nominasiyası ilə təltif olunacaq.
Güntac ŞAHMƏMMƏDLİ