İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması məsələlərindən bəhs edib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “XI əsrdə Naxçıvanda ədəbi mühit: Qətran Təbrizi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühitinin olmasından bəhs edərək XI yüzillikdə yaşamış, ədəbi-bədii yaradıcılığı ilə məktəb yaratmış və ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz qazanmış Qətran Təbrizinin Naxçıvana səfərindən danışıb. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı layihə rəhbərləri, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış ediblər.
Tədbirdə bölmənin Batabat Astrofizika Rəsədxanasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev rəhbərlik etdiyi müəssisənin yeni yaradılan www.ameanbbar.nakhchivan.az saytı haqqında ümumi məlumat verib. Bildirib ki, Azərbaycan dilində hazırlanan saytın ingilis dili versiyası üzərində iş aparılır.
İclasda təşkilati məsələlərə baxılıb, cari məsələlər müzakirə olunub.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi