Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında bədii qiraət üzrə şeir müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı şagirdlərin üzə çıxarılmasıdır. Müsabiqənin birinci mərhələsi bu ilin 12-16 mart tarixlərində muxtar respublikanın şəhər və rayonlarında təşkil edilib. Birinci mərhələdə qalib gələn şagirdlər ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar.
Muxtar respublika mərhələsində münsiflər heyətinin qərarına əsasən Naxçıvan Qızlar Liseyinin şagirdi Aytac Hacıyeva qalib adını qazanıb. Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Əminəxatın Qasımova, Babək rayon Kərimbəyli kənd tam orta məktəbinin şagirdi Bahar Mehrəliyeva ikinci, Culfa rayon Gülüstan kənd tam orta məktəbinin şagirdi Ramin Ələkbərov, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin şagirdi Şahin Quliyev isə üçüncü olublar. Bir qrup şagird isə həvəsləndirici yerlərə layiq görülüb.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunub.
Müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 16 mart 2018-ci il tarixdə keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV