Şagirdlər muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları martın 29-da Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olublar. Əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Sonra məktəblilər Naxçıvan Biznes Mərkəzində olublar.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzi ilə tanış olan tur-aksiya iştirakçıları ilə burada görüş keçirilib. Tədbirdə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov və başqaları çıxış ediblər.
Natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır.
Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi ilə tanışlıq da məktəblilərdə dərin təəssürat yaradıb.
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məzarı üzərində ucaldılmış Hüseyn Cavid məqbərəsinə gələn şagirdlərə məlumat verilib ki, bu möhtəşəm memarlıq-xatirə kompleksi ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib.
Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da bakılı məktəblilərdə böyük marağa səbəb olub.
Martın 29-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar. Həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərində olan naxçıvanlı şagirdlər muxtar respublikaya qayıdıblar.
* * *
Bakı şəhərinə yola düşməzdən əvvəl şagirdlərin Naxçıvan barədə təəssüratlarını öyrəndik.
Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Saleh Ağamalıyev: – Naxçıvanda olduğum günlər həyatımın ən yaddaqalan günləri olacaq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının tarixi-mədəni abidələri, ecazkar təbiəti məni heyran etdi.
Tur-aksiya çərçivəsində biz dağlar qoynuna, gözəl təbiətli Şahbuz rayonuna da yollandıq. Rayonda ilk baş çəkdiyimiz ünvanda – “Farma Şah” müəssisəsində mən ilk dəfə dərman bitkilərinin hazırlanmasını gördüm, bu bitkilərin şəfaverici xüsusiyyətləri haqda məlumat aldım.
Qarlı dağların qoynunda yer alan Ağbulaq İstirahət Mərkəzində gördüklərimi də, yəqin ki, uzun müddət unuda bilməyəcəyəm. Belə məkanları mən ancaq televiziya ekranında görmüşdüm. Bundan başqa, biz Batabat Astrofizika Rəsədxanasında, Şahbuz Dövlət Təbiət Qoruğunda olduq, bənzərsiz mənzərələrin qoynunda xatirə şəkli çəkdirdik. Bütün bunlar yaddaşımda silinməz izlər buraxdı.
Nizami rayon 238 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Elmira Bədəlsoy: – Bu, mənim Naxçıvanla əyani olaraq ilk tanışlığım idi. Burada olduğumuz müddətdə vaxtımız mənalı və xoş keçdi. Məktəbdə tarix kitablarında oxuduğum və yalnız şəklini gördüyüm abidələrlə yaxından tanış oldum. Valehedici idi. Düzünü desəm, Culfa rayonu ərazisindəki Gülüstan türbəsi və Əlincəqalaya tamaşa etməkdən doymadım.
Naxçıvanda qədimliklə yanaşı, müasir görünüş də diqqətimdən yayınmadı. Hər tərəfdə gördüyüm gözəllik, təmizlik çox xoşuma gəldi. Məktəblərin də çox gözəl binaları var. Sinif otaqları, laboratoriyalar, kompüter otaqları ən müasir səviyyədədir. Bir sözlə, şagirdlərin yaxşı oxuması üçün Naxçıvanda hər cür şərait yaradılıb.
Heydər Əliyev adına Hərbi Liseylə tanışlığımız da çox maraqlı oldu. Burada kursantlar üçün yaradılan şərait ürəkaçandır. Naxçıvanla bağlı yaddaşıma xoş xatirələr yazıldı, şagird dostlarımla çoxlu şəkillər çəkdirdik. Qayıdanda dostlarımla paylaşacaq gözəl xatirələrim var. Bizim üçün yaradılan şəraitə görə minnətdaram.
Suraxanı rayon 84 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kabirə Salamova: – Naxçıvanla tanışlıq hər birimizin ürəyincə oldu. Buradakı tarixi abidələr regionun zəngin mədəniyyətindən və qədim tarixindən xəbər verir. Naxçıvanın əsrarəngiz gözəlliyinə, ecazkar təbiətinə heyran qaldım.
Muxtar respublikada təhsil sahəsində inkişaf da göz qabağındadır. Tur-aksiya çərçivəsində biz “Naxçıvan” Universitetində və Naxçıvan Dövlət Universitetində də olduq.
Biz Duzdağ Fizioterapiya Mərkəzində duz tuneli və duz qayalarına təəccüblə baxdıq. Burada müxtəlif ağciyər xəstəliklərinin müalicə olunduğunu öyrəndik.
Naxçıvana gəlişimiz mənim və dostlarımın Vətənə olan sevgisini daha da artırdı. Aksiya zamanı biz həm də yaşıdlarımızla fikir mübadiləsi aparmaq imkanı qazandıq. Bütün bunlara görə minnətdaram.
Nail ƏSGƏROV
Tural AĞAYEV