23 Dekabr 2024, Bazar ertəsi

Martın 28-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Şahbuz rayonunda olublar.

Şagirdlər burada “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olduqdan sonra Batabat Astrofizika Rəsədxanasına gəliblər. Rəsədxanada səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini – planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Məktəblilərə məlumat verilib ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlifrəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir.
Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçılarının marağına səbəb olub.
Şagirdlər daha sonra Naxçıvan Dövlət Universitetinə gəliblər. Konservatoriya binasında şagirdlərlə görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda burada 12 fakültədə ­ 57 ixtisas üzrə 6 min nəfərə yaxın tələbə təhsil alır. Bu gün dünyanın 12 ölkə­sindən 350-dən çox tələbə universitetdə təhsilini uğurla davam etdirir. Ali məktəb 80-dən çox tanınmış dünya universitet ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil edilir.
Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə də olublar. Burada keçirilən görüşdə hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib. O bildirib ki, xüsusi təyinatlı bu təhsil müəssisəsi hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə yaradılıb. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir. Ötən dövrdə məzun olan 2 mindən çox kursantdan hərbi liseyi qızıl və gümüş medallarla, eləcə də fərqlənmə attestatı ilə bitirənlər də az deyil. Məzunlardan 10 nəfəri Türkiyə Respublikasının, 24 nəfəri Rusiya Federasiyasının hərbi akademiyalarında, digərləri isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təyinatlı ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər. Hazırda liseydə 600-ə yaxın kursant təhsil alır.
Sonra tur-aksiya iştirakçıları tədris korpusları və kursant yataqxanası ilə tanış olublar. Şagirdlər Heydər Əliyev adına Hərbi Liseydən zəngin təəssüratla ayrılıblar.
Daha sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn məktəblilərə təbii şəfa mənbəyi barədə ətraflı məlumat verilib.
Həmin gün axşam “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Musiqi Kollecinin tələbələrinin konsert proqramı təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR