Naxçıvan Dövlət Universitetində “Milli-mənəvi dəyərlərimizi yaşadan Novruz adətləri” foto-video müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Novruz bayramının tarixi və mənəvi əhəmiyyətindən danışıb.
Məlumat verilib ki, tələbələr tərəfindən çəkilən foto-videolar Naxçıvan Dövlət Universitetinin “İnstagram” səhifəsində yerləşdirilib. Ümumilikdə, müsabiqəyə 60-a yaxın foto-video təqdim edilib. Müsabiqədə Novruzun rəmzlərini, adət-ənənələrini, keçirilən mərasimləri əks etdirən materiallar yer alıb. Qaliblər universitetin “İnstagram” səhifəsində ən çox bəyənilən 10 video və foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyası üzrə Stomatologiya ixtisası üzrə V kurs tələbəsi Ayşən Məmmədova müsabiqənin qalibi olub. Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günay Qənbərova ikinci, Müalicə işi ixtisası üzrə II kurs tələbəsi Təranə Həsənova üçüncü, Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Mehrnaz Eskandarinia isə həvəsləndirici yerə layiq görülüb. Videomüsabiqənin qalibi isə Kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Zeynəb Dünyamalıyeva olub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənli ikinci, Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistr Gülbanı Əliyeva üçüncü, həmin ixtisas üzrə Günay Həsənova isə həvəsləndirici yeri tutub.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov müsabiqələrin keçirilməsinin tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini qeyd edib, müsabiqə iştirakçılarına təbriklərini çatdırıb. Prorektor növbəti müsabiqənin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacağını bildirib.
Səadət Əliyeva
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri