Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları martın 26-da Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüblər. Naxçıvanda keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Bakı şəhərindəki əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqdır.
Martın 26-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Sabunçu və Xəzər rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Şagirdlər Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
Tur-aksiya iştirakçıları regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetinə də ekskursiya ediblər.
* * *
Tur-aksiyanın ikinci günü – martın 27-də Bakı məktəbliləri muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazilərində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.
Şagirdlər əvvəlcə Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin, böyük yazıçı Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyləri ilə tanışlıq paytaxt məktəblilərində böyük maraq doğurub.
Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən rayon ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub.
Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa edilən “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Diqqətə çatdırılıb ki, “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin konserti olub.
* * *
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Bakı şəhər məktəbliləri ilə həmsöhbət olduq.
Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytən Kələşova: – Artıq iki gündür ki, mən və digər məktəbli yoldaşlarım ölkəmizin bu əsrarəngiz guşəsinin qonağıyıq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının gəzməli-görməli yerləri, mədəniyyət və təhsil müəssisələri ilə tanış olduq, tarixi və təbiət abidələrini yaxından gördük. Buraya gəldikdən sonra Naxçıvanın, həqiqətən də, gözəlliklər diyarı olduğunun əyani şahidi oldum. Onu da gördüm ki, burada bizi qarşılayan, qayğımıza qalan insanlar mehriban, qonaqpərvər və səmimidirlər. Bu, məni və yoldaşlarımı çox sevindirdi. Yaradılan imkanlara görə minnətdarlığımı bildirirəm.
Nərimanov rayon 47 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirağa Əsgərli: – Ölkəmizin qədim diyarı, dahilər yurdu Naxçıvanda olduğum qısa müddət ərzində buranın zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə etdim. Tur-aksiyanın birinci günü “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, sonra isə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin, Məmməd Səid Ordubadinin və akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyləri ilə yaxından tanış olduq. Bu, digər şagird yoldaşlarım kimi məndə də böyük təəssürat yaratdı. Culfa rayonundakı möhtəşəm tikili, xalqımızın şücaət və qəhrəmanlıq rəmzi sayılan Əlincəqala isə bizi hədsiz dərəcədə heyrətləndirdi. Öyrəndim ki, çoxəsrlik tariximizi özündə yaşadan bu abidə yenidən bərpa olunaraq xalqa qaytarılıb. Düşünürəm ki, Əlincəqalanın bərpası tarixi keçmişimizə verilən önəmin ifadəsidir. Bu cür tur-aksiyaların təşkil edilməsi isə biz gənclərin tariximizlə, mədəniyyətimizlə daha yaxından tanış olması üçün böyük fürsətdir. Bu işdə əməyi keçən hər kəsə minnətdaram.
Xəzər rayon 125 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Məmmədova: – “Ölkəmizi tanıyaq” devizi ilə keçiriləcək maarifləndirici tur-aksiyada iştirak edəcəyimi, bu aksiya çərçivəsində Naxçıvanda olacağımı eşidəndə çox sevinmişdim. Buraya gəldikdən sonra isə sevincim daha da artdı. Çünki ölkəmizin bu guşəsi haqda ətraflı məlumat əldə etdim, çoxlu gözəl yerlərdə oldum. Həqiqətən də, Naxçıvanın hər bir guşəsi çox maraqlıdır. Bizim üçün ayrılan rahat avtobuslarda saatlarla gəzsəm də, yorulmadım.
Bundan başqa, burada çox sayda həmyaşıdlarımla da tanış olmaq imkanı əldə etdim. Onlarla yaxşı vaxt keçirir, gördüklərimiz və öyrəndiklərimiz barədə danışırıq. Bir sözlə, Naxçıvanla tanışlığım mənim üçün çox faydalıdır. Sevinirəm ki, qayıdanda dostlarıma deyəcək çox sözlərim olacaq. Bizə bu fürsəti yaratdığına görə dövlətimizə minnətdarıq.
Suraxanı rayon 101 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rüfət Zəkiyev: – Naxçıvanda olduğum iki gün ərzində buradakı səliqə-sahman, təmizlik çox xoşuma gəldi. Naxçıvan şəhəri çox gözəldir. Binalar göz oxşayır. İnsanlar səmimi və mehribandırlar.
Diqqətimi ən çox çəkən isə Naxçıvandakı ali təhsil müəssisələri oldu. Muxtar respublikada yüksək ali təhsil almaq üçün hər cür şərait var. Çox istərdim ki, məktəbi qurtarandan sonra ali təhsilimi məhz Naxçıvanda davam etdirim.
Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdə də olduq, müəllim və şagirdlərlə söhbət etdik. Məktəbin elektron lövhəli sinif otaqları, idman zalı, kompüter otaqları, zəngin kitabxanası ən müasir səviyyədədir. Sevinirəm ki, həmyaşıdlarım gözəl imkanlara malik məktəblərdə təhsil alırlar. Bu, biz gənc nəslin gələcəyinə verilən böyük önəmin ifadəsidir. Ümumiyyətlə, Naxçıvanda olduğum iki gün məndə yüksək əhval-ruhiyyə yaratdı, çox məlumatlar öyrəndim. Çəkilən zəhmətə görə minnətdaram.
Nail ƏSGƏROV
Tural AĞAYEV