23 Dekabr 2024, Bazar ertəsi

Martın 17-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda olublar.

 Əvvəlcə “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olan şagirdlərə bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib. 

Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinləyən şagirdlər rəsədxana ilə yaxından tanış olublar.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Məktəblilərə məlumat verilib ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlifrəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir.
Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçılarının marağına səbəb olub.
Şagirdlər Naxçıvan Dövlət Universiteti ilə də yaxından tanış olublar. Konservatoriya binasında məktəblilərlə görüş zamanı onlara ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir. Ali təhsil ocağı Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə universitetdir. Universitetin İncəsənət fakültəsinin tələbələrinin ifasında konsert proqramı şagirdlərdə xoş ­əhval-ruhiyyə yaradıb.
Məktəblilər Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə də olublar. Burada keçirilən görüşdə hərbi liseyin rəisi, general­-mayor Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib. Kursantların təhsilində hərbi hazırlığın xüsusi yer tutduğunu diqqətə çatdıran liseyin rəisi, onların nəzəri bilikləri öyrənməklə yanaşı, taktiki təlimlərdə də iştirak etdiklərini bildirib.
Çıxışlardan sonra tur-aksiya iştirakçıları tədris korpusları və kursant yataqxanası ilə tanış olublar. Şagirdlər Heydər Əliyev adına Hərbi Liseydən zəngin təəssüratla ayrılıblar.
Daha sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn məktəblilərə səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib.
Həmin gün axşam “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən təşkil edilən konsert proqramı təqdim olunub.

* * *

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasında olan Bakı şəhər məktəbliləri ilə həmsöhbət olduq.
Yasamal rayonundakı Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi Fidan İbrahimova:
– Möminə xatın türbəsi, Xan sarayı, Ordubad və Şahbuzun əsrarəngiz təbiəti və gözəlliyi məni valeh etdi. Biz Naxçıvanın möcüzəli təbiəti, qədim tarixi, inkişaf edən bölgələri və bu il ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvan şəhəri ilə yaxından tanış olduq. Muxtar respublika paytaxtı həqiqətən də çox gözəl, təmiz və ­gözoxşayan bir şəhərdir.
Səbail rayon 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinif şagirdi Həvva Yusifova:
– Çox sevinirəm ki, doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvandayam. Muxtar respublikanın gəzməli-görməli yerləri, tarixi abidələri haqqında əvvəllər də çox məlumatım olub. Ancaq necə deyərlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Burada olduğum üç gün ərzində Naxçıvanın tarixi keçmişinə dair çox şey öyrənmişəm.
Şahbuz rayonunda olarkən buranın zəngin flora və faunası ilə də tanışlıq imkanımız oldu. Bu bölgənin təmiz havası, çox gözəl təbiəti var. Naxçıvan səfərimiz mənim və dostlarımın Vətən, yurd sevgisini daha da artırdı. Bu səfər bizim həyatımızda unudulmaz xatirəyə çevriləcəkdir. Buna görə də yoldaşlarım adından dövlətimizə öz minnətdarlığımı bildirirəm.
Yasamal rayon 20 saylı tam orta məktəb-liseyin 10-cu sinif şagirdi Nizami Xəlilov:
– Bu cür tur-aksiyaların təşkil olunması şagirdlərin dünyagörüşünün, biliklərinin artırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Biz tarix dərsliklərindən Naxçıvanın qədim tarixə malik olduğunu oxumuşduq. Amma buradakı tarixi və mədəni abidələri ziyarət edərək bunu əyani şəkildə görmək və ətraflı məlumat toplamaq imkanım olduğu üçün özümü xoşbəxt hiss edirəm. Naxçıvan qədim tarixi abidələrlə zəngin bir diyardır. Naxçıvanın gözəl təbiəti və çox qonaqpərvər insanları var. Biz məktəblilər üçün bu tur-aksiyanın təşkil olunmasına görə Prezidentimizə məktəblilər adından minnətdarlığımı bildirirəm.
Naxçıvan Dövlət Universiteti və Heydər Əliyev adına Hərbi ­Liseylə tanış olarkən bu təhsil ocaqlarındakı şərait mənim diqqətimi cəlb etdi. Çalışacağam ki, gələcəkdə qəbul imtahanlarında yüksək bal toplayaraq mən də Naxçıvandakı ali təhsil müəssisələrinin birində oxuyum.
Binəqədi rayon 267 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tamerlan Xanbəyov:
– Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanı gəzib, tarixi abidələrlə tanış olub, dəyərli məlumatlar toplayırıq. Mənim üçün ən maraqlısı isə Batabat Astrofizika Rəsədxanası ilə tanışlıq oldu.
Rəsədxanada olmaq mənim çoxdankı arzum idi. Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq da çox maraqlı idi. Duzdağ Fizioterapiya Mərkəzi özünün təbii şəfa mənbəyi olması ilə dünyanın nadir yerlərindən biridir. Mən çox sevinirəm ki, Duzdağla yaxından tanış ola bildim. Naxçıvanı yaxından tanımaq üçün biz məktəblilərə yaradılan bu gözəl imkana görə, şagird yoldaşlarım adından minnətdarlığımı bildirirəm.


Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR