AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda növbəti interaktiv açıq dərs keçilib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun apardığı dərsdə aktivləşmə enerjisi, reaksiyanın sürətinin hesablanması və bu prosesə təsir edən amillər, kimyəvi tarazlıq və ona təsir edən amillər barəsində şagirdlərə ətraflı məlumat verilib.
Qorxmaz Hüseynov maddələrin bir-biri ilə molekullarındakı atomlar arasında kimyəvi rabitələrin qırılması və ya zəifləməsi halında reaksiyaya girdiklərini deyib. O, bu rabitələrin qırılması və ya zəifləməsi üçün müəyyən qədər enerji tələb olunduğunu söyləyib.
Reaksiyanın sürətinə təsir edən amillərdən də danışan alim bildirib ki, reaksiya aktiv maddələrin iştirakı ilə böyük, passiv maddələrin iştirakı ilə isə zəif sürətlə gedir.
Dərs zamanı videoslayd vasitəsilə kimyəvi tarazlığın izahlı testləri şagirdlərin diqqətinə çatdırılıb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi