Azərbaycanın dövlətçilik tarixində Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqətlə fədakar və yorulmaz xidmət göstərmiş simalardan biri də Behbud ağa Şahtaxtinskidir. Yüksək intellektə, pak mənəviyyata malik olan Behbud ağa Şahtaxtinski görkəmli dövlət və siyasi xadim olmaqla yanaşı, eyni zamanda dövrünün qabaqcıl jurnalisti və publisisti kimi tanınmışdır. Onun bacarıqlı bir diplomat kimi Azərbaycan xalqı və xüsusən naxçıvanlılar qarşısında ən böyük və danılmaz xidməti sovet hakimiyyətinin ilk illərində ölkəmizin tarixi torpaqlarını qorumaqla Azərbaycanın tərkibində Naxçıvan diyarına muxtariyyət qazandıran Moskva və Qars müqavilələrinin bağlanmasını müvəffəqiyyətlə başa çatdırması olmuşdur. Bu müqavilələr nəticəsində erməni fitnəkarlarının Naxçıvana uzanan əlləri kəsilmişdir.
Çoxcəhətli fəaliyyətə malik olan Behbud ağa Şahtaxtinski görkəmli dövlət xadimi, mahir diplomat olmaqdan başqa böyük publisist idi. O, mətbuat orqanlarının yaranmasına xüsusi diqqət yetirmiş, mətbuatı ictimai həyatda ən yaxşı təkanverici qüvvə kimi qiymətləndirmişdir. XX əsrin əvvəllərində “Nicat” qəzetində, “Azərbaycan” qəzetinin rusca əlavələrində və sair mətbuat orqanlarında əhəmiyyətli məqalələrlə çıxış etmişdir. Behbud ağa Şahtaxtinski Azərbaycan mətbuat tarixinə rusdilli “Balaban” satirik jurnalının yaradıcısı kimi də daxil olmuşdur. O, 1912-1913-cü illərdə İsabəy Aşurbəylinin mətbəəsində çap edilən “Balaban” adlı həftəlik jurnalın redaktorluğu vəzifəsini həyata keçirmişdir. Bu jurnalda Azərbaycanda yaşayan rusiyalıların və rusdilli yerli müəlliflərin gizli imzalarla satirik üslublu məqalələri və eləcə də özünün yazdığı məqalələr çap olunurdu. Bu jurnal qısa vaxtda nəşrini dayandırmasına baxmayaraq, Azərbaycan mətbuatında dərin iz buraxmışdır.
Behbud ağa Şahtaxtinskinin məqalələrində xalqın maariflənməsi, cəhalətdən çıxması mövzusu xüsusi yer tutur və bu kontekstdə ruhanilərin cəmiyyətdəki rolu barədə fikirlərini oxucu ilə bölüşür. Görkəmli ziyalıya görə, müsəlman cəhaləti ilə mübarizə aparmaq müsəlman ruhanilərinə qarşı kampaniya aparmaq deməkdir ki, bu da təbiidir. Çünki həyatımızda ruhaniliyin üstün rolu cəhalətimizlə sıx bağlıdır.
O göstərirdi ki, ruhanilər tərəfindən müsəlmanların oyanışına vurulan öldürücü zərbələrin qarşısını almaq üçün Qafqaz müsəlmanlarına Qafqazda iki yaxşı ruhani seminariyasının olması vacibdir. Bu seminariyanın əhəmiyyətini qeyd edən müəllif yazırdı ki, bizim ruhanilər müsəlmanların oyanışı tərəfdarı olduqda cəhalətin öhdəsindən gəlmək çətin olmayacaq. Çünki mollaların əks-təsiri aradan götürüldükdə elə həmin müsəlman kütlələrin öz vəsaitləri hesabına onların məskunlaşdığı bütün yerlərdə ümumi açıq xalq məktəbləri şəbəkəsi yaratmaq olar. Xalq kütlələrinin təhsili və maarifinin güclü təsiri altında cəhalətimiz bizi tərk edə bilər. Müəllif bunun xalqın tərəqqipərvər ziyalılarının birgə fəaliyyətindən asılı olduğunu göstərir və təəssüflə qeyd edirdi ki, bütün bədbəxtçiliyimizin səbəbi bizim bu işi vaxtında görməməyimizdir.
Xalqın maariflənməsi istiqamətində onun qadınlarla bağlı fikirləri də maraq doğurur. 1917-ci ildə “Kaspi” qəzetində dərc olunmuş bir məqaləsində Behbud ağa Şahtaxtinski uşaqların həqiqi tərbiyəçisinin yalnız ətraf aləmin şəraiti barədə kifayət qədər məlumata malik ana ola biləcəyini göstərirdi. O, müsəlman qadınının tərəqqisini cəmiyyətin bünövrəsi hesab edirdi. Təhsil, elm və mədəniyyətin millət və xalqın ən çətin dövrlərində belə vacib olduğunu qeyd edən Behbud ağa Şahtaxtinski yazırdı: “Mənəvi intellektual və elmi qüvvələrə malik olan millət xarici təsirlər altında zorla cəlb edildiyi müharibə çətinliklərinə və şəraitinə belə, asanlıqla uyğunlaşa bilir. Döyüş meydanlarında həmişə mədəniyyət və elmin yaratdığı texnika qarşısında baş əyməyə layiq olan igidlik və elmi qəhrəmanlıq qələbə çalır”. “Həyatın əks-sədaları” adlı məqaləsində yazırdı: “Özünəməxsus mədəniyyəti olmayan millət müstəqil ola bilməz”.
Behbud ağa Şahtaxtinski yaxşı bilirdi ki, həyatın sərvətlərini köhnəlmiş keçmişin çərçivəsinə yığmaq olmaz. İndi vəziyyət elə gətirib ki, əgər tərbiyə və təhsil işi lazımi qədər yüksəkliyə qalxmasa, bizim xalqın nəinki siyasi, hətta fiziki varlığı da şübhə altına alına bilər.
Xalqın siyasi şüurunun, vətənpərvərlik hissinin inkişaf etdirilməsini və xalqın özünü dərk etməsinin yollarından bəhs edərkən Nəriman Nərimanovun “bir millət özünü tanımayınca hüququnu düşünməz, tanınmaq üçün milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır” deyimini öz fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir.
Cəmi 43 il ömür yaşayan bu görkəmli şəxsiyyətin həyatında elə hadisələr olmuşdur ki, onlar bəzən birmənalı qiymətləndirilmir. Tarixi hadisələri təkcə zamana görə yox, zamandakı vəziyyətə görə qiymətləndirmək lazımdır.
Görkəmli dövlət xadimi və böyük diplomat Behbud ağa Şahtaxtinskiyə yenidən qayıdış baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu, tarixi şəxsiyyətin zəngin həyat yolunu işıqlandırmağa geniş imkanlar açdı. Sərəncamda deyilir: “Azərbaycanın ictimai-siyasi həyatında, diplomatiya və dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan Behbud ağa Şahtaxtinski gənc yaşlarından ictimai fəaliyyətə başlamış, 1905-1907-ci illərdə Bakıya kontor qulluqçuları ittifaqının yaradılmasında və mühitində cərəyan edən proseslərin, eyni zamanda mürəkkəb tarixi şəraitin təsiri altında formalaşan Behbud ağa Şahtaxtinski bir müddət jurnalist və publisist kimi fəaliyyət göstərmiş, mətbuatda xalqı narahat edən problemlərə toxunmuş, onların ictimai müzakirəsinə nail olmağa çalışmışdır”.
Sərəncama əsasən Behbud ağa Şahtaxtinskinin 130 illiyi ilə əlaqədar yubiley tədbiri təşkil edilmiş, siyasi, diplomatik və publisistik fəaliyyəti ilə bağlı arxiv sənədləri araşdırılmış və toplu şəklində nəşr olunmuş, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi Behbud ağa Şahtaxtinskiyə həsr edilmiş, onun həyat və fəaliyyəti ilə bağlı elmi konfrans keçirilmiş, görkəmli dövlət xadiminin 130 illiyi ilə əlaqədar tematik verilişlər və qəzet materialları hazırlanmışdır. Ötən dövrdə “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar kitabı” çapdan çıxmış, bu qiymətli nəşrin Naxçıvan ictimaiyyətinə təqdimat mərasimi keçirilmişdir.
Bu gün qürur hissi ilə qeyd etmək lazımdır ki, Behbud ağa Şahtaxtinskinin təhsillə bağlı arzuları Naxçıvan Muxtar Respublikasında gerçəkləşməkdədir. Strateji sahə kimi təhsilə göstərilən dövlət qayğısının ifadəsidir ki, 20 ildən bir qədər artıq zaman kəsiyində qədim diyarımızda təhsilin inkişafı əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Bu dövrdə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 300-dən çox təhsil müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar respublikanın ən ucqar dağ kəndində tikilən məktəb binası ilə Naxçıvan şəhərində inşa olunan təhsil ocağı arasında heç bir fərq yoxdur.
Türkiyənin tanınmış alimlərindən professor İbrahim Ethem Atnur Naxçıvanda olarkən Şahbuz rayonunun Biçənək kəndində gördüyü məktəb binası barədə təəssüratlarını sosial şəbəkələrdə belə paylaşmışdı: “Naxçıvanın ucqar bir dağ kəndində əzəmətli bir bina gördüm. Mənə dedilər ki, bura məktəb binasıdır. Heyrətləndim. Gəzdiyim ölkələrin heç birində ucqar dağ kəndində belə məktəb binası görməmişdim. O məktəb binası bəzi Avropa ölkələrindəki universitet binalarından daha sanballı idi. Bu, öz xalqının təhsilli gələcəyini düşünən insanların Vətəninə böyük xidmətidir. Naxçıvan blokadaya baxmayaraq, sürətlə inkişaf edib. Orada 50 ilə görüləcək işlər 15-20 ildə görülüb”.
Naxçıvanda təhsilin orta, orta ixtisas və ali təhsil pillələrinin inkişafı istiqamətində görülən işlər, tikilən məktəb binaları, yaradılan müasir universitet şəhərcikləri Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Təhsil sahəsinə göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu gün Tivi, Ləkətağ, Şada, Havuş və digər ucqar dağ və sərhəd kəndlərindəki müasir məktəb binalarında təhsil alan şagirdlər ən son model kompüter texnologiyalarından istifadə edərək internet vasitəsilə dünyaya səyahət edir, ali məktəb müəllimləri və tələbələri isə heç bir çətinlik çəkmədən dünyanın ən qabaqcıl ölkələrinin universitetləri ilə videokonfrans əlaqəsi yaradırlar.
Fikrimi ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Hansı partiyaya, hansı siyasi qüvvəyə mənsubiyyətindən asılı olmayaraq, kim Azərbaycan milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdır və tariximizə daxil olmalıdır”.
Namiq MƏMMƏDOV
Heydər Əliyev adına tam orta məktəbin direktoru