“Dünyanın ən sanballı universitetlərindən biri olan M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra taleyini doğma diyarda elmin inkişafına həsr etmək, həqiqi mənada, vətənpərvərliyin və Naxçıvana böyük sevginin göstəricisidir. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Zöhrab Əhməd oğlu Vəliyev məhz belə bir insan idi. O həm yaxşı elm adamı, həm yaxşı pedaqoq, həm də yaxşı insan kimi yaddaşlarda qalıb”. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 60 illik yubileyinə həsr olunmuş konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu fikirləri səsləndirib. Qeyd edilib ki, Zöhrab Vəliyev 1977-ci ildə universiteti bitirdikdən sonra təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilib. 1986-cı ilə qədər burada elmi tədqiqatlar aparan Zöhrab Vəliyev yarımkeçiricilər fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1986-cı ildən isə fəaliyyətini Naxçıvan Dövlət Universitetində davam etdirən Zöhrab Vəliyev doktorluq dissertasiyasını bu təhsil ocağının əməkdaşı olduğu dövrdə müdafiə edib. Zöhrab Vəliyev bacarıqlı bir elm adamı olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı idi. O, Naxçıvan Dövlət Universitetində dekan müavini, elmi katib, dekan, prorektor vəzifələrində çalışıb. 10-dan çox kitabın, 70-dən artıq elmi məqalənin müəllifi olan alim 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Sonra konfrans məruzələrlə davam etdirilib. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Zöhrab Vəliyevin həyat yolu”, həmin institutun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məftun Əliyevin “Zöhrab Vəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti”, Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun “Görkəmli alim, xeyirxah insan”, Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə fəlsəfə doktoru Məmməd Hüseynəliyevin “Şərəfli yaşanmış alim ömrü” mövzularında məruzələri dinlənilib.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.
Elnur KƏLBİZADƏ