Sədərək kənd uşaq bağçası nümunəvi fəaliyyəti ilə seçilir
Həyatımıza bəzək, ömrümüzə sevinc olan körpələr gələcəyimiz, xoş sabahımızdır. Onların təbəssümündəki qeyri-adi fərəh, şirinlik insan qəlbini riqqətə gətirir. Çünki uşaq qədər məsum, təmiz, sevimli varlıq yoxdur. Onlar daim böyüklərin qayğısına ehtiyac duyurlar. Ona görə də uşaqlara, körpələrə diqqət hər birimizin borcudur. Bu, humanist və ədalətli cəmiyyətin yaranması üçün zəruri şərtlərdən biridir. Uşaqların böyük himayədarı olan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Mən həyatımın, bu günümün, gələcəyimin də xoşbəxtliyini, səadətini məhz uşaqlara diqqətdə, qayğıda görürəm”.
Sevindirici haldır ki, bu gün muxtar respublikamızda dövlət siyasətinin tərkib hissəsi kimi uşaqların inkişafı, onların sağlam böyüməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bağçalar üçün yeni binaların tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsidir. Məqsəd ondan ibarətdir ki, uşaqlarımız yüksək səviyyədə tərbiyə olunsun, Azərbaycanın layiqli vətəndaşı kimi böyüsünlər. Ötən il noyabrın 30-da sərhəd bölgəsi Sədərək rayonunda yeni tikilib istifadəyə verilən uşaq bağçasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ölkənin gələcəyini etibarlı etmək üçün sağlam və vətənpərvər gənclik yetişdirmək lazımdır. Bu mənada istifadəyə verilən yeni məktəb binaları, məktəbdənkənar tərbiyə müəssisələri və uşaq bağçalarının üzərinə mühüm vəzifələr düşür. Sədərək kənd uşaq bağçasında da uşaqların hərtərəfli inkişafına diqqət göstərilməli, onların məktəbə hazırlıq dövrü səmərəli keçirilməli, əsl vətəndaş kimi böyüdülməlidirlər. Uşaq bağçasında bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait yaradılmışdır”.
Bina müasir memarlıq üslubunda inşa olunmuşdur. Bağçada 4 qrup yaradılmışdır. Uşaqların təlim-tərbiyəsi ilə 8 tərbiyəçi-müəllim məşğul olur. Uşaq bağçasında müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar, mətbəx, geniş və işıqlı oyun zalları vardır.
Bağçanın həyətində geniş abadlıq işləri aparılmış, müasir uşaq-əyləncə meydançaları və istirahət guşələri yaradılmışdır. Bağçanın müdiri Nüşabə Qarayeva söhbət zamanı dedi: – Bu gün məktəbəqədər təhsil müəssisələrinin ixtiyarında olan proqramlar əsaslı şəkildə yeniləşdirilmiş, balacaların istifadəsinə əyani təlim vasitələri və oyuncaqlar verilmişdir. Bütün bunlar isə tərbiyə və təlim işinin çoxcəhətliliyindən xəbər verməklə yanaşı, tərbiyəçilərin işində də ciddi dönüş yaratmaq zərurətini ortaya qoyur. Bizim uşaq bağçası da yeni təlim üsullarından bacarıqla istifadə edən məktəbəqədər təlim müəssisələri sırasındadır.
Nüşabə Qarayeva onu da xüsusi vurğuladı ki, qarşımızda duran əsas vəzifə yaddaşyönümlü təhsildən şəxsiyyətyönümlü təhsilə keçməkdir. Odur ki, balacalara yüksək səviyyədə qayğı göstərilir. Bu təlim-tərbiyə müəssisəsində valideynlərlə sıx əlaqə yaradılmışdır. Onlar vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulurlar. Həmçinin balacalar məktəb təliminə yüksək səviyyədə hazırlanırlar.
Hər il planlaşdırılan işlər tam yerinə yetirilir, pedaqoji proseslərə baxış təşkil olunur, gəzinti və ekskursiyalarda uşaqların fəal iştirakı təmin edilir. Rayon üzrə keçirilən yarış və müsabiqələrdə də uşaqlar uğurlar qazanırlar. Plana uyğun olaraq, Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblərlə daim əlaqə saxlanılır, qarşıya qoyulan müəyyən vəzifələr birgə həyata keçirilir.
Bağçada yaradılmış nümunəvi təlim metodundan səmərəli istifadə edən pedaqoji kollektiv uşaqlarla aparılan təlim-tərbiyə işlərinin, altıyaşlıların məktəb təliminə hazırlanmasının keyfiyyətini yüksəltməyə nail olmuşdur. Bunu bağçadan məktəbə gedəcək uşaqların hər il keçirilən “Əlvida bağça, salam məktəb” adlı şənlikləri də aydın göstərir.
Məktəbəqədər tərbiyə müəssisəsində uşaqların sağlam böyümələri üçün yaradılan şərait belə deməyə əsas verir ki, sabahımız, gələcəyimiz olan uşaqlar burada şən və qayğısız böyüyürlər.
Cəfər ƏLİYEV