25 Dekabr 2024, Çərşənbə

Muxtar respublikamızın təbii bitki örtüyünün qorunması, səmərəli və davamlı istifadə olunması aktual mövzulardan biri kimi AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda aparılan tədqiqatlarda elmi əsaslarla öyrənilməkdədir.

Bu tədqiqatlarda əsas məqsəd Naxçıvan Muxtar Respublikasının yüksək dağ florasının genefondunun toplanmasından, növ tərkibinin müəyyən edilməsindən, bitki növlərinin təsvirinin, onların təsnifat sxeminin işlənməsindən, habelə təbii yem sahələrinin müasir vəziyyətinin xarakterizə edilməsindən, regionun yüksək dağ faydalı bitkilərinin müəyyənləşdirilməsi və onlardan istifadə imkanlarının araşdırılmasından ibarətdir. Son illər elmi-tədqiqat institutu əməkdaşlarının uzun müddət apardıqları elmi-tədqiqat işlərinin nəticəsi kimi sanballı monoqrafiya, kitab və dərs vəsaitləri çap edilir.

Bu günlərdə daha bir elmi araşdırmanın nəticəsi olan “Naxçıvan Muxtar Respublikasının yüksək dağ florası” adlı kitab işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov və həmin institutun aparıcı elmi işçisi Fatmaxanım Nəbiyevadır. 
Almaniyanın Sarrbrüchen şəhərində rus dilində nəşr olunan kitabda Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinin dəniz səviyyəsindən 1800-3006 metr hündürlüklərini əhatə edən subalp və alp çəmənliklərinin, subalp hündürotluqlarının, alp xalılarının, subalp və alp bozqırlarının, subnival bitkilərinin çoxillik botanik və geobotanik tədqiqat üsulları ilə öyrənilməsindən bəhs olunur. Toplanılmış materiallar əsasında kitabda “herbari fondu” yaradılmış, yüksək dağlıq ərazilərin florasında 477 cinsə və 110 fəsiləyə məxsus olan 1326 bitki növü daxil olmaqla tam siyahı tərtib edilmiş, taksonomik spektr hazırlanmış və hərtərəfli təhlili aparılmışdır. Bundan başqa, əsərdə regionun yüksək dağ florasının mühüm xalq təsərrüfatı əhəmiyyətinə malik olduğu göstərilmiş, onun etibarlı yem bazası olması, qida, ətriyyat, gön, tibb, kimya, əczaçılıq, boya və digər sənaye sahələri üçün əvəzolunmaz xammal mənbəyi olduğu müəyyənləşdirilmiş, dağ florasının bərpası, səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitkilərin mühafizəsi yolları şərh olunmuşdur.
Yeni kitab floristlər, geobotaniklər, ekoloqlar, ixtisaslı dissertantlar, ali məktəblərin biologiya fakültəsinin tələbələri, təbii bitki ehtiyatlarını öyrənənlər və regionun zəngin florası ilə maraqlananlar üçün əhəmiyyətli nəşrdir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR