“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, еlmi-publisistik jurnalının bu günlərdə işıq üzü görən növbəti, 26-cı nömrəsi tanınmış şair, dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyinə həsr еdilib.
İslam Səfərlinin həm həyatını, həm də çoxşaxəli yaradıcılığını əhatə edən yeni nəşrin ilk səhifələrində Naxçıvan Muxtar Rеspublikası Ali Məclisi Sədrinin “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” 18 yanvar 2013-cü il tarixli Sərəncamı və həmin sərəncamla təsdiq olunmuş Tədbirlər Planı dərc edilmişdir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 400 tirajla çap olunan jurnladakı məqalələrdə 51 il ömür yaşamış şair-dramaturq İslam Səfərli yaradıcılığının özünəməxsusluğu önə çəkilir, əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr verən şairin poetik nümunələrinə ümumi nəzər salınır.
Naxçıvan Muxtar Rеspublikasının tanınmış alim və ziyalılarının məqalələrinin yеr aldığı jurnalın bu sayında akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, professor Yavuz Axundlunun, filologiya elmləri doktoru Adil Bağırovun, filologiya üzrə fəlsəfə doktorları Xanəli Kərimlinin, Zülfiyyə İsmayılın və Ramiz Qasımlının, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovun, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalovun, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, habelə digər еlm adamlarının məqalələri İslam Səfərli yaradıcılığına yeni faktlarla işıq salır.
“Romantik pafosdan lirizmə”, “Nəğməkar şair ömrünün töhfələri”, “Şerimizin İslam Səfərli zirvəsi”, “İslam Səfərlinin şeirlərində yer-yurd adlarının poetik imkanları”, “İslam Səfərli şerində Naxçıvan”, “İslam Səfərli yaradıcılığının poetik qüdrəti”, “İslam Səfərlinin pyesləri Azərbaycan səhnəsində”, “Düşüncələrini nəğmənin dili ilə ifadə edən fenomen şair”, “Görkəmli şair-dramaturq İslam Səfərlinin nəsil şəcərəsi” və digər başlıqlı məqalələrdə İslam Səfərlinin həyat yolu, çoxşaxəli ədəbi fəaliyyəti dolğun bir şəkildə oxuculara çatdırılır.
Qeyd edək ki, 295 səhifədən ibarət nəşrdə “İslam Səfərlinin yaradıcılığından seçmələr” adı altında orijinal ədəbi irs yaradan ədibin 30-dan çox şeri dərc olunub.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi