Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan müxtəlif ixtisaslı müəllimlər üçün “Ağıllı lövhə” proqramı üzrə kurs təşkil edilmişdir.
İlk məşğələsinə 11 may 2013-cü il tarixdə başlanılan və Naxçıvan Müəllimlər İnstitutunun auditoriyasında hər həftənin şənbə günü keçilən kurs məşğələlərini institutun ali təhsilli kompyuter mühəndisləri Səminə Rüstəmova və Kəmalə İbrahimova tədris edirlər. 60 saatdan ibarət məşğələlərin iyun ayının 1-dən sonra, ardıcıl olaraq, həftənin üç günü ərzində keçilməsi nəzərdə tutulmuşdur.
Kursun təşkilində əsas məqsəd elektron lövhənin geniş imkanlarından istifadənin öyrədilməsindən və ümumtəhsil məktəblərində təcrübi şəkildə tətbiqindən ibarətdir.
Bu kursda verilən mühüm biliklərdən biri də siniflərarası və məktəblərarası onlayn və ya şəbəkə bağlantılarının uğurla aparılmasıdır. Kursdan sonra ixtisas müəllimləri internet-şəbəkə imkanları daxilində respublikanın və dünyanın müxtəlif təhsil müəssisələri ilə canlı bağlantı yaratmaq imkanı əldə edə biləcəklər. Eyni zamanda “Ağıllı lövhə” proqramının köməyi ilə müəllim dərsləri nəzəriyyədən praktikaya yönəldə və keçilən mövzunun videogörüntülərini nümayiş etdirə bilir.
Qeyd edək ki, sözügedən proqram üzrə kurs məşğələlərinə gələcəkdə muxtar respublikanın bütün ümumtəhsil məktəbləri müəllimlərinin cəlb olunması nəzərdə tutulmuşdur.
Xəbərlər şöbəsi