Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə bir qrup əməkdaşın “Tərəqqi” medalına və müxtəlif fəxri adlara layiq görülməsini universitetin 50 illik yubileyinə dövlət səviyyəsində yüksək münasibətin daha bir ifadəsi olduğunu deyib.
Vurğulanıb ki, təhsilin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə 7 əməkdaşın “Tərəqqi” medalına, 8-nin “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 16-nın “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 1 əməkdaşın “Əməkdar mədəniyyət işçisi”, 1 əməkdaşın isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülməsi, bütövlükdə, ali təhsil ocağının fəaliyyətinə verilən yüksək qiymətdir. Rektor təltif olunanları təbrik edib və onlara bundan sonrakı elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, “Tərəqqi” medallı Qənirə Əsgərova, Ümumi riyaziyyat kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məhəmməd Hacıyev, Memarlıq və mühəndislik fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Cavanşir Zeynalov, Kitabxanaçılıq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət İsmayılova, Bədən tərbiyəsi və idman kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev təltif olunanlar adından minnətdarlıq ediblər.
Həmkarlarının sevincinə şərik olan Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zəhmət Şahverdiyev təltiflərin və fəxri adların muxtar respublikamızda elm və təhsilin inkişafını, o cümlədən mədəni tərəqqini daha da sürətləndirəcəyinə əminliyini ifadə edib.
Tədbirə yekun vuran rektor bu il 50 illik yubileyini qeyd edən Naxçıvan Dövlət Universitetinin maarifçiliyin və ali təhsil sisteminin inkişafı, ixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini vurğulayıb.
Səadət ƏLİYEVA