Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından olan, müasir təhsil tarixinə mühüm nailiyyətləri ilə imza atan Naxçıvan Dövlət Universiteti 50 illik yubileyini qeyd edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu münasibətlə imzaladığı 2017-ci il 14 yanvar tarixli Sərəncam universitetin Azərbaycanda maarifçiliyin və ali təhsil sisteminin inkişafında, ixtisaslı kadrların yetişdirilməsində, elmi və ali təhsil mühitinin formalaşmasındakı roluna verilən yüksək qiymətdir. Yubiley təntənəsini yaşayan ali məktəbin sevincinə daha bir sevinc də qatılıb. Universitet əməkdaşlarının bir qrupu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 31 oktyabr tarixli sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar müəllim”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə isə bir qrup əməkdaş “Əməkdar müəllim”, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunub. Onların ürək sözlərini oxucularımıza da çatdırırıq.
Surə Seyid – Tədris işləri üzrə prorektor, dosent, “Tərəqqi” medallı: – Doğma universitetimizdə mənimlə birgə çalışan həmkarlarımın təltif olunması, bu sevincdən mənə də pay düşməsi qürurverici bir hadisədir. Təltif olunanlar sırasında qocaman müəllimlərimizlə yanaşı, mənim də adımın olması Naxçıvanda aparılan dövlət gənclər və dövlət qadın siyasətinin parlaq təzahürüdür. Naxçıvan Dövlət Universitetinin məzunu olmağımla fəxr edir və əmin edirəm ki, bundan sonrakı fəaliyyətimlə də ulu öndər Heydər Əliyevin idealarına sadiq qalacaq, ölkəmiz və muxtar respublikamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında əlimdən gələni əsirgəməyəcək, elmi mühitimizə yeni töhfələr verəcəyəm.
Məmmədəli Rəhimov – Tələbə İdman Klubunun sədri, dosent, “Tərəqqi” medallı: – Muxtar respublikamızda təhsil və idman dövlət qayğısı ilə əhatə olunmuş sahələrdəndir. Bunu 38 ildir ki, çalışdığım Naxçıvan Dövlət Universitetinin timsalında da görmüşəm. Bu illər ərzində gənc nəslin fiziki tərbiyəsinə göstərilən qayğı sayəsində universitetimizin yetirmələri muxtar respublikamızı və Azərbaycanımızı müxtəlif miqyaslı yarışlarda müvəffəqiyyətlə təmsil ediblər. Buna həm də yaradılan şərait, fiziki tərbiyə və idman sahəsində çalışanların əməyinin yüksək qiymətləndirilməsi nəticəsində nail olunub. Cənab Prezidentimizin əməyimi yüksək qiymətləndirərək “Tərəqqi” medalı ilə mükafatlandırması, ümumilikdə, kollektivə göstərilən diqqət və qayğının nəticəsidir. Minnətdarlığımı çatdırmaqla yanaşı, onu da deməyi borc bilirəm ki, fiziki tərbiyə sahəsində pedaqoji kadrların və yüksək dərəcəli idmançıların hazırlanmasında bundan sonra daha əzm və inamla çalışacaq, əlimdən gələni əsirgəməyəcəyəm.
Məhəmməd Hacıyev – Ümumi riyaziyyat kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi: – Yaşadığımız bayram ruhlu günlərimiz universitetimizin 50 illik tarixi inkişaf yolu keçərək Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə çevrilməsi ilə bağlı bir çox dəyərli anları xatırladır. Naxçıvan Dövlət Universitetinin istər yaranması, istərsə də tanınmış ali təhsil ocağı kimi formalaşması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli liderin təhsil strategiyası muxtar respublikamızda Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir.
Doğma universitetimizin yaradılmasının 50 illiyi mənim və digər müəllim həmkarlarım üçün ikiqat bayramdır. Belə ki, yubiley ərəfəsində bir çox əməkdaşımız dövlət mükafatlarına, fəxri adlara layiq görülüb. Bu sevinci mən də yaşayıram. Təltif olunanlar adından dərin minnətdarlığımı bildirirəm.
Sevinc Orucova – Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi: – Naxçıvan Dövlət Universitetinin məzunu və universitetin Pedaqogika və psixologiya kafedrasında iyirmi ildən artıq fəaliyyət göstərən ziyalı kimi yubiley çərçivəsində elmi-pedaqoji fəaliyyətimin yüksək qiymətləndirilməsi məndə hədsiz sevinc və qürur hissi doğurub. Elmə, təhsil işçilərinə göstərilən bu böyük qayğıya görə dövlətimizin başçısına minnətdaram. Mənə göstərilən bu etimadı öz fəaliyyətimlə, elmi göstəricilərimlə doğrultmağa çalışacağam.
İlhamə Məmmədova – filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi: – 1967-ci ildən böyük inkişaf yolu keçən universitetimiz son 22 ildə müqayisəolunmaz dərəcədə özünün əsl intibah dövrünü yaşayır. Təhsilin və tədrisin keyfiyyəti, nizam-intizamı, müasir tələblərə cavab verən iş şəraiti, yaradılan xarici əlaqələri ilə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən çox-çox irəlidə gedir. Bütün bu həqiqətləri mən xarici ölkələrdə “TEMPUS” proqramlarında iştirak edərkən öz gözlərimlə gördüm. Fəxr etdim ki, mən azərbaycanlıyam və belə bir nüfuzlu tədris ocağında İngilis dili və tərcümə kafedrasının müəllimi kimi çalışıram.
Bu günlərdə “Əməkdar müəllim” kimi yüksək ada layiq görülməyimə görə muxtar respublika rəhbərinə öz dərin minnətdarlığımı bildirirəm.
Seyfəddin Eyvazov – Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi: – Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ideologiyasının muxtar respublikada qətiyyətlə davam etdirilməsi bütün sahələrdə olduğu kimi, təhsil quruculuğu sahəsində də öz bəhrələrini verməkdədir. Bunu 50 yaşını qeyd etdiyimiz Naxçıvan Dövlət Universitetinin timsalında da görmək olar. Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları yubiley çərçivəsində bütünlükdə pedaqoji kollektivimizin fəaliyyətinə verilən yüksək qiymətdir. Bu, təbii ki, digər təltif olunanlar kimi məni də ürəkdən sevindirdi. Bu mükafat bizi daha uğurlu pedaqoji fəaliyyət göstərməyə ruhlandırmaqla yanaşı, üzərimizə daha böyük məsuliyyət qoyur.
Fatma BABAYEVA
Nail ƏSGƏROV