İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdədirlər.
Qonaqlar səfərin ilk günü Heydər Əliyev Muzeyində olublar. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid olan müxtəlif tarixi sənədlər toplanılıb. Hazırda muzeydə 4600-dən çox eksponat vardır. İndiyədək muzeyi 300 minə yaxın tamaşaçı ziyarət edib.
Sonra Naxçıvan Günəş Elektrik Stansiyasında olan qonaqlara bildirilib ki, 22 meqavat gücündəki stansiya 2015-ci ilin dekabr ayında istifadəyə verilib. Stansiyada 2016-cı ildə 30 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tədris imkanları ilə maraqlanıb, universitetin Memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri üçün mühazirələr oxuyublar. Professor Paolo Kontinin “Məişət binalarında alternativ enerji mənbələrindən istifadə imkanları” və digər mövzulardakı məruzələrində muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbələrindən istifadə imkanları diqqətə çatıdırılıb, bu sahədə görülən işlərin məmnunluq doğurduğu vurğulanıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Həmçinin Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi ixtisasının tələbələrinə Naxçıvan Muxtar Respublikasındakı Günəş Elektrik Stansiyasının iş prinsipi və quruluşu barədə təcrübi dərs keçiblər. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində isə Coğrafiya müəllimliyi ixtisasının tələbələri ilə təcrübi məşğələlər aparılıb.
Sonra qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin türbəsini ziyarət edib, Naxçıvan Biznes Mərkəzi və Heydər Əliyev Sarayı ilə tanış olublar. Səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası ilə tanışlıq da xüsusi maraq doğurub.
* * *
İtaliyanın Sienna Universiteti əməkdaşlarının Naxçıvan Muxtar Respublikasına səfəri ərəfəsində onlarla görüşüb, qəzetimiz üçün müsahibə aldıq. Nümayəndə heyətinin rəhbəri Paolo Konti dedi: “Azərbaycanın dilbər guşəsi olan Naxçıvan müasirliyi və tarixi abidələri ilə bizdə xoş təəssürat yaratdı. Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq çox xoşumuza gəldi. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm işlər görülür. Müqayisə edim ki, hazırda İtaliyada və bir çox Avropa ölkəsində alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisi ümumi istehsalın 10 faizini, Naxçıvan Muxtar Respublikasında isə 60 faizindən çoxunu təşkil edir. Mən buna, sadəcə, həsəd aparıram”.
Nümayəndə heyətinin üzvü Tommaso Kolonna: “Azərbaycanın çox böyük əhəmiyyətə malik bölgəsi olan Naxçıvan Muxtar Respublikasına səfərimiz bizə bu qədim diyar haqqında ətraflı məlumat almaq imkanı verir. Xüsusilə də təhsil sisteminin müasir avadanlıqlarla təmin olunması, muxtar respublikanın ərazisində müalicəvi suların mövcudluğu Naxçıvanın yüksək inkişafının və turizm potensialının göstəricisidir. Səfər çərçivəsində muxtar respublikanın bir sıra tarixi yerlərində və mədəniyyət müəssisələrində olduq. Bunların içərisində ən yaddaqalanı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi idi. Həmçinin Naxçıvan Günəş Elektrik Stansiyası bizdə yüksək təəssürat yaratdı. Bir daha şahidi olduq ki, Naxçıvanda alternativ enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər nümunə gücündədir”.
Fahimeh Riyazi: “Naxçıvan Muxtar Respublikasına gəlişimizdən məmnunluq duyduq. Olduğumuz ünvanlarda bizi yüksək səmimiyyətlə qarşıladılar. Muxtar respublikanın 50 yaşlı təhsil ocağında müasir informasiya texnologiyalarının tətbiqi, müəllim-tələbə münasibətləri, yeni təlim üsullarından istifadə, tələbələrin elm, bilik öyrənməyə böyük maraqları, onların doğma diyarın tarixi, mədəniyyəti, abidələri barədə bilgiləri bu təhsil ocağında tədrisin günün tələbləri səviyyəsində qurulduğunu təsdiq edir. Səfərimiz çərçivəsində muxtar respublikanın bir sıra mədəniyyət obyektlərində olduq. Heydər Əliyev Sarayında fəaliyyət göstərən Rəsm Qalereyasında sərgilənən əsərlər yüksək zövqlə işlənib. Regionun tarixi abidələri, təbiət mənzərələri, müasirliyə qovuşmuş yaşayış məntəqələri, inkişafı rəsm əsərlərində öz əksini tapıb. Naxçıvanlı sənətkarların öz doğma yurd yerlərinə bağlılığını bu əsərlərdə qabarıq hiss etmək mümkündür”.
Qeyd edək ki, İtaliyanın Sienna Universitetinin əməkdaşlarının təlimləri noyabr ayının 4-dək davam edəcək.
Muxtar MƏMMƏDOV