Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik kitablar AMEA Naxçıvan Bölməsinə hədiyyə olunub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. Tapılan bu qiymətli nümunələr profillərinə uyğun olaraq müxtəlif muzeylərə hədiyyə edilir, bəziləri isə bölmədə saxlanılır.
Akademik bildirib ki, bəzi vətəndaşlar qədim əşyaları, kitabları təqdim etməkdə laqeydlik göstərirlər. Bu cür nadir əşyalar, kitab və əlyazmalar elm və mədəniyyət müəssisələrinə təqdim olunmalıdır ki, lazımınca araşdırılıb təbliğ edilsin. Xalqımızın ulu tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri bu müəssisələrdə həm lazımi şəkildə qorunur, həm də məxsus olduğu dövr haqqında əlavə məlumatlar verir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, bu gün Naxçıvanda fəaliyyət göstərən mədəniyyət müəssisələrində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən çox sayda maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinə ciddi önəm verilir və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər.
Vurğulanıb ki, 2017-ci ilin 9 ayı ərzində muzeylərə minə yaxın yeni eksponat daxil olub. Bu eksponatlar muzeylərə verilib. Muzeylərə hədiyyə olunan eksponatların nazirlik tərəfindən təqdimatı keçirilib. Bu tədbirlər bundan sonra da davam etdiriləcək.
Sonra qədim tarixə malik 18 kitabın təqdimatı olub. Bu kitablar içərisində “Təfsir-əl-Quran”, “Elmi-heyvanat”, “Kərbəla faciəsi” və başqa əsərlər də vardır.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov hədiyyə olunan kitablara görə minnətdarlıq edərək deyib ki, tarixi kitablar xalqın milli sərvətidir. Onları qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir.
Sonra AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.
Nail ƏSGƏROV