“Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyev xalqın, millətin gələcəyini savadlı, bilikli, hərtərəfli dünyagörüşə malik intellektual gənclərdə görürdü. Dahi rəhbərin siyasi ideyaları ilə inamla addımlayan ölkəmizdə, eləcə də muxtar respublikamızda bu gün təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması işi təhsil sahəsində görülən tədbirlərin önündə dayanır. Görülən işlər gələcəyimiz olan gənclərin savadlı, bilikli, cəmiyyətə faydalı vətəndaş kimi yetişmələrinə xidmət edir.
Ötən il oktyabr ayının 3-dən etibarən muxtar respublikanın ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qrupları yaradılıb. Hazırda 127 məktəbdə 184 qrup fəaliyyət göstərir. Cari ildə muxtar respublikada, ümumilikdə, 3156 beşyaşlı uşaq ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilib. Bəs məktəbəhazırlıq qruplarının işi necə təşkil edilib? Uşaqlar bu mərhələ vasitəsilə nə əldə edə bilirlər? Elə bu suallara cavab tapmaq üçün Naxçıvan şəhərində fəaliyyət göstərən bir neçə ümumtəhsil müəssisəsində olduq.
İlk baş çəkdiyimiz ünvanda, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupu ilə tanışlığımız maraqlı anlarla yadda qaldı. Məktəbin direktoru Sevil Salayeva bildirdi ki, həftənin ilk 4 günü ərzində, hər gün 2 saat müddətində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşağın məktəbə hazırlıqla əlaqədar psixoloji dayanıqlılığını artırmaq, əhatə olunduğu aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Hazırlıq qrupuna 5 yaşı tamam olmuş uşaqlar qəbul edilib.
Sevil Salayeva onu da bildirdi ki, tədris məşğələləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi proqrama əsasən keçirilir. Dövlətimiz tərəfindən məşğələlərin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb, pulsuz əyani vəsaitlər müəllim və uşaqların ixtiyarına verilib. “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” adlı məşğələlər uşaqların erkən yaş dövründən məktəb dərslərinə hazırlanmaları üçündür. Gündəlik 3 məşğələ təşkil olunur. Hər məşğələnin müddəti 30, məşğələlərarası fasilə 10 dəqiqədir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmayıb. Bu qruplarda məşğələlər təcrübəli ibtidai sinif müəllimlərinə həvalə edilib.
Məşğələni aparan müəllim Sevinc Əliyeva dedi ki, əvvəllər uşaqlar məktəbəqədər və məktəbəhazırlıq mərhələlərini keçmədən birbaşa məktəbə qəbul olunurdular. Bu da, təbii ki, həmin uşaqların keçilən dərsləri daha gec qavramalarına səbəb olurdu. Yaranan çatışmazlıqlar müəllimin işini xeyli çətinləşdirir, tədris prosesini ləngidirdi. Müəllim dərs vaxtının əksər hissəsini hazırlıqsız uşaqlara həsr edir, fəal uşaqlar diqqətdən kənarda qalırdılar. Bütün bunlar tədrisin səviyyəsinə də təsir edirdi. Ötən ildən fəaliyyət göstərməyə başlayan məktəbəhazırlıq qrupları isə bu prosesi xeyli təkmilləşdirib. Bu da təkcə valideynlərin deyil, ibtidai sinif müəllimlərinin də işini asanlaşdırıb.
Üz tutduğumuz növbəti ünvan Naxçıvan şəhər 4 nömrəli tam orta məktəb oldu. Təhsil ocağına gəlişimiz məktəbəhazırlıq qrupunda təşkil edilən “Məntiqi və riyazi təfəkkürün inkişafı” məşğələsinə təsadüf etdi. Öyrəndik ki, ötən il bu təhsil ocağında bir məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Lakin cari ildə uşaq sayı nəzərə alınaraq iki qrup yaradılıb. Qruplardan birində məşğələnin gedişini izlədik. Müəllim Xalidə Cabbarova elektron lövhə və digər müasir tədris vasitələri ilə məşğələ aparır, uşaqlar isə maraqla izləyir, başa düşmədikləri ilə bağlı suallar verirdilər. Müəllim verilən sualları dolğun cavablandırır, dərsi təmkinlə izah edirdi. Məşğələnin gedişini izləmək, uşaqların hərəkətlərini müşahidə etmək maraqlı idi. Onlardan bəziləri suallara tez cavab vermək üçün lövhənin qarşısına keçir, kimisi yerindən cavab verir, bir-birləri ilə sanki “bilik yarışı” keçirirdilər. Görünən o idi ki, burada uşaqlar üçün sərbəst mühit yaradılıb, bu da onlara fikirlərini rahat ifadə etməyə imkan verir, nitq qabiliyyətlərinin formalaşmasına şərait yaradır.
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə də digər təhsil ocaqlarında olduğu kimi, tədris prosesi öz axarı ilə davam edirdi. Fərq isə onda idi ki, burada təşkil edilən məşğələdə müəllim və uşaqlardan əlavə, valideynləri də görmək mümkün idi. 17 uşaqdan ibarət məktəbəhazırlıq qrupunun müəllimi Fəxriyyə Məmmədovanın apardığı məşğələ təsviri fəaliyyətlə bağlı idi. Simuzər Abbasovanın valideyni Elmin Abbasov məşğələdə iştirak edirdi. O dedi ki, məktəbəhazırlıq qrupunun yaradılması bütün valideynlər kimi, onun da ürəyincədir. Əmindir ki, övladının məşğələlərdə iştirakı məktəbə gedəndə dərsləri yaxşı qavramasına imkan verəcək. Yaradılan şəraitə görə isə dövlətimizə minnətdar olduğunu vurğuladı.
Məşğələyə qatılan balaca Nərminin valideyni Anar Əliyevlə də həmsöhbət oldum. O bildirdi ki, məktəbəhazırlıq qrupuna övladını yazdırması bir valideyn olaraq onun işini asanlaşdırıb. Çünki burada övladı həm məktəbə uyğunlaşır, həm dünyagörüşünü artırır, eyni zamanda da dərsə marağı, məktəblə tanışlığı onda müsbət keyfiyyətlər yaradır. Müəllimlər də övladının bilik səviyyəsi, qavrayışı haqda ona danışırlar. Bütün bunlar imkan verir ki, qarşıdan gələn dərs ilinə övladı tam hazır olsun.
Bəli, bu gün ölkənin uşaq, yeniyetmə və gəncləri qayğı ilə əhatə olunublar. Onlar hər cür şəraitə malik bağçalara gedir, müasir standartlara uyğun məktəblərdə təhsil alır, gələcəyə inamla baxırlar. Bütün bunlar dövlətimiz tərəfindən yaradılan imkanlar hesabına mümkün olur.
Nail ƏSGƏROV