23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və dünya universitetləri ilə əməkdaşlıqların qurulması istiqamətində yeni addımlar atılır. Bu istiqamətdə yeni tədris ilində əldə olunan uğurlardan biri universitetin “ERASMUS+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində tədrisin təkmilləşdirilməsi” layihəsinə qoşulmasıdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin tərəfdaşları ölkəmizdə fəaliyyət göstərən 8 universitet – Naxçıvan Dövlət, Xəzər, Azərbaycan Dövlət Pedaqoji, Gəncə Dövlət, Sumqayıt Dövlət, Azərbaycan, Azərbaycan Dillər, Bakı Slavyan universitetləridir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetidir. Layihənin partnyorları sırasında Avropa universitetləri də yer tutur. Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Qazi universitetləri qarşılıqlı əməkdaşlığı həyata keçirəcək tərəfdaşlardır. Əsas məqsəd ali təhsil müəssisələrində tədrisin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, tədrisdə yeni təlim texnologiyalarından istifadə, Azərbaycanda innovativ əsaslara dayanan yeni tədris mühitinin yaradılmasıdır.

Layihə çərçivəsində oktyabr ayında tərəfdaş universitetlərdən gəlmiş 40-a yaxın nümayəndənin iştirakı ilə Macarıstanın Debrecen Universitetində təlimlərə start verilmişdir. Təlimlərdə Naxçıvan Dövlət Universitetindən tədris işləri üzrə prorektor və eyni zamanda layihənin koordinatoru Surə Seyid, universitetin müəllimlərindən Şəhla Şirəliyeva, Xumar Məmməd­ova, Elza Aşurova iştirak etmişlər. Beşgünlük təlimlərdə Macarıstanda aparılan təhsil islahatları, Debrecen Universitetində tədrisin bugünkü vəziyyəti, inkişaf dinamikası təlim iştirakçılarının nəzərinə çatdırılmışdır.
Təlim çərçivəsində Debrecen Universitetində “Azərbaycan universitetlərində tədrisin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Surə Seyidin “Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafı” mövzusunda məruzəsi konfransın plenar iclasında Debrecen Universitetinin professorlarının və xarici qonaqların yer aldığı məruzələr siyahısına əlavə olunmuşdur.
Məruzədən əvvəl beynəlxalq konfransın iştirakçılarına Naxçıvan haqqında videoçarx nümayiş etdirilmiş, bu, xarici qonaqlar tərəfindən maraqla izlənmişdir. Surə Seyid elektronlaşan Naxçıvan və günü-gündən inkişaf edən yeni texnologiyaların təhsildə tətbiqi, inkişaf etdirilməsindən bəhs etmiş, universitetdə İKT-nin bugünkü inkişaf mənzərəsini əks etdirən fotoslaydlar nümayiş etdirmişdir. 4 bölmədə davam edən konfransda Naxçıvan Dövlət Universitetindən Xumar Məmmədovanın “Ali təhsildə İKT-nin rolu” məruzəsi də maraqla qarşılanmışdır.
Konfrans materiallarının 2018-ci ilin əvvəllərinədək Avropanın beynəlxalq səviyyəli və nüfuzlu elmi jurnallarından birində nəşr etdirilməsi planlaşdırılır.
Layihənin Avstriya, Finlandiya, İspaniya və Türkiyə təcrübəsi əsasında davam etdirilməsi və qazanılan təcrübələrin yekun nəticələrinin, eləcə də layihənin zirvə toplantısının 2019-cu ildə Naxçıvanda keçirilməsi nəzərdə tutulur.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR