23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları sırasında istər tədrisin keyfiyyəti, istərsə də müasir inkişaf yolu və tərəqqi baxımından adı ön cərgələrdə çəkilən Naxçıvan Dövlət Universiteti yarıməsrlik tarixə malikdir. Bu ali təhsil ocağı digərlərindən özünəməxsus ənənələri və nailiyyətləri ilə seçilir. Universitet muxtar respublikada elm və təhsil müəssisələrinin inkişafı və formalaşmasında, onların savadlı, qabiliyyətli kadrlarla təmin olunmasında mühüm əhəmiyyət daşıyır. 

1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan, qazandığı uğurlarla inkişaf mərhələsinin yüksək pillələri ilə irəliləyən Naxçıvan Dövlət Universiteti dünyaya inteqrasiya etmiş müasirtipli ali məktəbdir. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan universitet daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam ­etdirməkdədir. Hazır­da bu ali təhsil ocağı beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “TEMPUS” pro­qramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Əlavə olaraq universitetdə “Erasmus+” pro­qramı əsasında tələbə mübadiləsi də həyata keçirilir. İndiyədək 30-a yaxın tələbə bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışdır. Həmçinin Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələrin də sayı kifayət qədərdir. Bu tələbələrin həm muxtar respublika, həm də təhsil aldıqları universitet ilə bağlı təəssüratlarını öyrənmək üçün Naxçıvan Dövlət Universitetinə üz tutduq.

Universitetdə Xarici tələbələrlə iş üzrə dekanlıq haqqında ətraflı məlumat aldıq. Öyrəndik ki, ali təhsil ocağının əsas struktur sahələrindən birini Xarici tələbələrlə iş üzrə dekanlıq təşkil edir. Bu dekanlıq tələbələrin sayından asılı olaraq 1998-ci ildə yaradılsa da, əcnəbi vətəndaşların universitetə qəbulu 1992-ci ildən aparılır. Xarici tələbələrlə iş üzrə dekanlıq Naxçıvan Dövlət Universitetinin tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan verir.
Hazırda universitetdə təhsil alan 6 minə yaxın tələbənin 300-dən çoxu İran, Rusiya, Nigeriya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Koreya, Banqladeş və digər ölkələrdən gələn tələbələrdir. Xarici tələbələrlə iş üzrə dekanlıq universitetimizə təhsil almağa gələn xarici vətəndaşlar üçün hazırlıq kursları təşkil edir. Kursların müddəti 8 aydır. Bu kursların təşkili bakalavr üzrə təhsil almaq üçün universitetimizə müraciət edən xarici tələbələrin seçdikləri ixtisas fənlərini daha dərindən mənimsəmələri baxımından öz bəhrəsini verir. Dekanlıq tələbələrin sosial-­iqtisadi problemlərinin həlli, hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün çalışır və həmin tələbələrin iştirakı ilə müsabiqələr, seminarlar, festivallar, sərgilər, elmi konfranslar təşkil edir.
Universitetdə təhsil alan xarici tələbələrin bir neçəsi ilə də görüşdük. Onların universitet, eləcə də muxtar respublika haqqında təəssüratlarını dinlədik.
Cənubi Koreya Respublikası vətəndaşları – Azərbaycanın fiziki coğrafiyası ixtisasının III kurs tələbəsi Kim Dosunq və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisasının IV kurs tələbəsi Li Jin, Nigeriya Respublikası vətəndaşları – Əczaçılıq ixtisasının II kurs tələbəsi Abdullahi Yusuf, Müalicə işi ixtisasının VI kurs tələbəsi Somson Odigie, Türkiyə Respublikası vətəndaşları – Musiqi müəllimliyi ixtisasının IV kurs tələbələri Nəfis Özləm və Doğan Özdəmir, İraq Respublikası vətəndaşı, Energetika mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Hüseyn Torhan, İran İslam Respublikası vətəndaşı, Stomatologiya ixtisası üzrə III kurs tələbəsi Əlizadə Qulamrza burada təhsilin keyfiyyətindən, müəllim və tələbə kollektivinin onlarla səmimi münasibətindən, universitetdə yaradılan hərtərəfli şəraitdən, eləcə də muxtar respublikadakı əmin-amanlıqdan, firavanlıqdan, buranın təbiətinin gözəlliyindən, ekoloji cəhətdən təmizliyindən, insanların qonaqpərvərliyindən bəhs etdilər.
Koreya Respublikası vətəndaşı Li Jinin dediklərindən: “İlk dəfə bura gəldikdə mühitlə ünsiyyət qurmaq çətin olsa da, az müddət ərzində universitetdəki ilkin dil öyrənmə hazırlığı və təbii ki, ən əsası, mənim səyim nəticəsində insanları az da olsa, anlamağa və bu dildə mükəmməl olmasa da, fikrimi izah edə biləcəyim səviyyədə danışmağa başladım. Artıq 3 ildən çoxdur ki, burada təhsil alıram. İndi insanları nəinki anlamaq, onlarla söhbət etməkdə, ünsiyyət qurmaqda heç bir çətinlik çəkmirəm. Bu universitetdə təhsil almağımın ən üstün cəhətlərindən biri Azərbaycan dilini yüksək səviyyədə öyrənməyimdir”.
Digər həmsöhbətimiz Türkiyə vətəndaşı olan Nəfis Özləm ali təhsil müəssisəsindəki hərtərəfli şəraitdən danışdı: “Universitetdə tələbələrin rahatlığını təmin etmək üçün hərtərəfli şərait yaradılıb. Buradakı elektron kitabxana, universitet xəstəxanası, olimpiya tipli idman mərkəzi, müasirtipli tələbə evi və elə onun yaxınlığında tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət yerləri var. Xəstəxanada biz tələbələrin sağlamlıqları ilə bağlı problemləri olduqda ixtisaslı həkimlər tərəfindən təmənnasız xidmət göstərilir. Burada fəaliyyət göstərən olimpiya idman mərkəzində isə tələbələr müxtəlif idman növləri ilə məşğul olur, muxtar respublikada keçirilən idman yarışlarında fəal iştirak edirlər. Əcnəbi tələbələr üçün ekskursiyalar da təşkil olunur ki, bu da bizim marağımızı daha çox cəlb edir. Tez-tez kollektivlə birlikdə muzeyləri, tarixi abidələri ziyarət edir, bu qədim diyarın tarixi və zəngin mədəniyyəti haqqında biliklərə yiyələnirik”.
Nigeriya Respublikası vətəndaşı Somson Odigienin fikrincə isə: “Naxçıvanda yaşamaq təhlükədən uzaq, əmin-amanlıq içində dinc, rahat həyat yaşamaq deməkdir. Hər şeydən əvvəl, diqqətimi buranın sakit həyat tərzi, ən əsası, təmizliyi cəlb edir. Məsələn, qışda gecə səhərə kimi qar yağır. Düşünürsən ki, bu qədər yağan qar səhər şəhərə çıxmaqda, universitetə, mağazaya getməkdə maneçilik törədəcək. Lakin səhər oyandıqda qarın aramsız yağmasına baxmayaraq, yerdə qardan əsər-əlamət qalmadığını görürsən. Şəhərə çıxırsan, şəhər tər-təmiz… Burada insanlara göstərilən qayğı və diqqət məni heyran edir.
Hazırda universitetin Tibb fakültəsinin Müalicə işi ixtisasında təhsil alıram. Bu ixtisası seçməyimin əsas səbəbi burada təhsilin keyfiyyəti və ən son texnologiyalarla təchiz olunan səhiyyə ocaqlarıdır. Tibbi-praktik təcrübələrimizi təkmilləşdirmək üçün tez-tez xəstəxanalarda oluruq. Buradakı müasir standartlara cavab verən tibbi avadanlıqların istifadə qaydasını öyrənirik. Bu isə gələcək işimizdə daha çox biliklərə nail olmağımıza imkan verəcək”.
İraq Respublikasının vətəndaşı Hüseyn Torhanı isə daha çox Naxçıvandakı adət-ənənələr cəlb edir: “Dünya mədəniyyəti, adət-ənənələri, milli dəyərləri hər zaman xüsusi marağıma səbəb olur. Bir çox ölkə­lərdə olmuşam, bunlarla yaxından maraqlanmışam. Lakin heç bir yerdə burada olduğu kimi bayramlarda, xüsusilə də Novruz bayramında insanlarda olan ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiramla rastlaşmamışam. Burada olduğum müddətdə “Lavaş”, “Kətə”, “Plov” festivalları keçirilib. Bu festivallar Azərbaycan mətbəxinin zənginliyini sübut edir.
Universitet isə mənə bu illərdə təhsillə yanaşı, həm də səmimi və mehriban dostlar qazandırdı. Fikrimcə, Naxçıvan Dövlət Universitetində təhsil almaq uğurlu gələcəyimin zəmanətidir”.
Əcnəbi tələbələrin nəinki universitet, eləcə də muxtar respublikanın tarixi, mədəniyyəti, adət-ənənələri, milli mətbəxi, təbiəti, insanlarının səmimi rəftarı, bir sözlə, bütün zənginlikləri haqqında təəssüratları insana ürəkdolusu qürur hissi yaşadır və onu bu diyara daha böyük məhəbbətlə bağlayır.
Ölkəmizin insanları hər zaman dosta hörmətlə yanaşmış, dostluğu ən ali dəyərlərdən biri kimi qoruyub saxlamışdır. Elə bu gün də bu təhsil ocağında tələbələr arasında qurulan səmimi dostluqlar, qazanılan bilik və təcrübələr, nailiyyətlər bir gün öz ölkələrinə qayıdacaq xarici tələbələrin yaddaşında xoş xatirə kimi qalacaq. Naxçıvan Dövlət Universitetindəki tələbəlik illərini qürurla anaraq bu dostluq və qardaşlığı qəlblərində hər zaman ­yaşadacaqlar.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR