Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və muxtar respublika Gənclər və İdman Nazirliyi tərəfindən 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı təşkil edilən “Azərbaycan, yurdum mənim” bilik yarışının yekun tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və muxtar respublika Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov çıxış edərək muxtar respublikada gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Qeyd edilib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində qədim diyarımızda da uşaq və yeniyetmələrin yüksək intellektə malik vətəndaş olmaları üçün təhsilə xüsusi qayğı ilə yanaşılıb, ən müasir standartlara cavab verən məktəblər, ali təhsil ocaqları, məktəbəqədər və məktəbdənkənar müəssisələr istifadəyə verilib, şahmat mərkəzləri yaradılıb. Bütün bu görülən işlər öz bəhrəsini verməkdə, ali təhsil ocaqlarına yüksək göstəricilərlə qəbul olan məzunların sayı artmaqda, məktəbli və tələbələr ölkə miqyasında keçirilən, intellekt və geniş dünyagörüşü tələb edən müxtəlif bilik yarışlarında, olimpiadalarda mükafata layiq yerlər tutmaqdadırlar. “Azərbaycan, yurdum mənim” bilik yarışında da iştirakçıların fəallığı, yaxşı nəticə göstərmələri muxtar respublikada gənc nəslin yüksək səviyyədə yetişməsinə göstərilən dövlət qayğısının bəhrəsidir.
Sonra bilik yarışının qalibləri və iştirakçıları mükafatlandırılıblar.
Nail ƏSGƏROV