Naxçıvan Tibb Kollecində bunun üçün hər cür şərait var
Son illər muxtar respublikamızda baş verən sürətli tərəqqi bütün sahələrin, o cümlədən təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının və infrastruktur obyektlərinin yaradılması istiqamətində onilliklərə bərabər işlər görülüb, irimiqyaslı layihələr reallaşdırılıb. Müasir tələblər səviyyəsində inşa olunan binalar isə həmin ünvanlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların böyük uğurlar qazanmasına yeni üfüqlər açıb.
Dövlət qayğısı ilə əhatə olunan belə ünvanlardan biri də Naxçıvan Tibb Kollecidir. Əvvəlcə bu təhsil ocağının fəaliyyət yoluna nəzər salaq. Kollec 1931-ci ildə Tibb Texnikumu kimi fəaliyyətə başlayıb. 1935-ci ildə texnikumun adı dəyişdirilərək “Tibb Bacısı Məktəbi” adlandırılıb. Lakin uzun illər məktəbin normal fəaliyyət göstərməsi üçün lazımi şərait olmayıb. Ancaq son illərdə digər orta ixtisas təhsili müəssisələri ilə bərabər, bu məktəbə də dövlətin diqqət və qayğısından xeyli pay düşüb. 2001-ci il 17 may tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Tibb Məktəbinin 70 illik yubileyinin keçirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb.
2008-ci ildə məktəbin binası əsaslı şəkildə təmir olunaraq ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə müəllim və tələbələrin istifadəsinə verilib.
Kollec haqqında geniş məlumat verən bu təhsil müəssisəsinin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Sona Məmmədova bildirdi ki, muxtar respublikada bütün sahələr kimi, orta ixtisas təhsilinin inkişafına da xüsusi önəm verilir. Naxçıvan Tibb Kolleci də belə müəssisələrdən biridir. Burada tədrisin keyfiyyətini artırmaq üçün fənn kabinələri, laboratoriyalar yaradılıb, onların maddi-texniki bazası möhkəmləndirilib.
Sona Məmmədova onu da qeyd etdi ki, 2010-cu ildən Naxçıvan Tibb Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsi yaradıldığı dövrdə yalnız feldşer ixtisaslı tibb işçisi hazırlayıb. Bir qədər sonra burada mamalıq və tibb bacısı ixtisasları üzrə də fakültələr təşkil olunub. 2011-2012-ci tədris ilində kollecdə ortopedik stomatologiya, 2016-2017-ci tədris ilində hərbi feldşer, idman və müalicə masajı, laboratoriya diaqnostikası ixtisasları açılıb. Hazırda kollec öz fəaliyyətini 8 ixtisasla davam etdirir.
Kollecin direktoru dedi ki, burada mikrobiologiya, farmakologiya, kimya laboratoriyaları var. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Fənlərin tədrisində həmin avadanlıqlardan istifadə edilməklə laborator müayinələr və reaksiyaların gedişi əyani surətdə tələbələrə göstərilir.
Təcrübə dərslərinin keçilməsi üçün anatomiya, pediatriya, terapiya, mamalıq, cərrahiyyə və hərbi kabinələrin yaradıldığı kollecdə tədrisin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılıb. Həmin kabinələr müasir avadanlıqlarla təchiz olunub. Kabinələrdə keçilən mövzuların plakatlar, mulyajlar və tədrisin əyani vəsaitlər vasitəsilə tələbələrə öyrədilməsi üçün lazım olan hər bir avadanlıq var. Hərbi hazırlıq kabinəsində isə fövqəladə hallar və təbii fəlakətlər zamanı istifadə olunan avadanlıqlar yerləşdirilib.
Kollecdə Heydər Əliyev lektoriyasının fəaliyyəti diqqəti cəlb edir. Lektoriyada ulu öndərin həyat və yaradıcılığının tələbələrə dərindən öyrədilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur.
Tədris ocağının kitabxanası fonddan və oxu zalından ibarətdir. Kitab fondu mütəmadi olaraq müasir tibbi və bədii ədəbiyyatlarla təchiz olunur.
Bununla yanaşı, kollecdə 100 yerlik iclas zalı, bufet, 29 sinif-auditoriya, fiziki tərbiyə dərsləri üçün geniş idman zalı var.
2017-2018-ci tədris ilində kollecdə 638 tələbə təhsil alır. Direktorun sözlərinə görə, Naxçıvan Tibb Kolleci təkcə muxtar respublika üçün deyil, ölkənin müxtəlif bölgələri üçün də tibbi kadrlar hazırlayır. Hazırda kollecdə Bakı, Sumqayıt, Lənkəran, Masallı, Zaqatala, Xaçmaz və digər rayonlardan olan gənclər təhsil alırlar.
Öyrəndik ki, kollecdə 2010-cu ildən təkmilləşdirmə kursları təşkil olunur. Bu kurslarda Naxçıvan şəhər, Ordubad, Culfa, Şərur, Sədərək, Şahbuz, Kəngərli və Babək rayonlarında fəaliyyət göstərən tibb işçiləri dinləyici kimi iştirak edir, tibbin müasir yenilikləri ilə tanış olurlar. Kursun sonunda isə imtahanda müvəffəqiyyət qazanan dinləyicilərə sertifikatlar verilir. Bununla yanaşı, təkmilləşdirmə kurslarında orta tibb təhsili almış, lakin uzun müddət tibb fəaliyyəti ilə məşğul olmayan müdavimlərin də təkmilləşməsi aparılır. Təkmilləşdirmə kurslarının müdavimləri Naxçıvan Tibb Kolleci ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzində, Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Doğum Mərkəzində təcrübə kursları keçirlər.
Kollecin direktoru onu da qeyd etdi ki, tələbələr tətil günlərində Türkiyə Respublikasının xəstəxanalarında təcrübə keçir və mütəxəssislərdən peşə incəliklərini öyrənirlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecindən 2015-2016-cı tədris ilində 20 tələbə və 4 həkimdən ibarət heyət Ərzurum şəhərinin Atatürk Universitetinin Xəstəxanasına, ötən tədris ilində isə 10 tələbə və 2 həkimdən ibarət heyət Ankara şəhərində fəaliyyət göstərən Halidə Edip Məsləki və Texniki Anadolu Liseyində təcrübədə olub, sertifikatlar alıblar.
Kollecin direktoru onu da vurğuladı ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Tibb Kollecinin tələbələri Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarındakı xəstəxanalarda təcrübə keçməyə başlayıblar. Bununla yanaşı, tədris planında nəzərdə tutulan istehsalat və diplomönü təcrübələr də xəstəxanalarda keçirilir. Bu zaman qruplar üzrə bölgülər aparılaraq tələbələr 3 ay müddətində təcrübəli, peşəkar həkimlər tərəfindən nəzəri biliklərini təcrübə vasitəsilə artırırlar.
Kollecin müəllim və tələbə kollektivi muxtar respublikanın ictimai işlərində yaxından və fəal iştirak edir. Belə ki, təhsil ocağının tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Hava və Ekstremal İdman Növləri və Yüngül Atletika federasiyalarının, Rəssamlar Birliyinin keçirdikləri tədbirlərdə iştirak edirlər. Bu baxımdan ötən dərs ilində tələbələrin qazandıqları uğurlar yaddaqalan olub. Kollecin tələbələri Eldar İbrahimov, Vasif Alızarlı, Aysun Rzayeva, Aytac Mərdanlı, Zabit Süleymanov və başqaları adıçəkilən təşkilatların tədbirlərində qalib yerlərə layiq görülüb, diplom və fəxri fərmanlar alıb, hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, orta ixtisas təhsili ölkənin təhsil sisteminin tərkib hissəsidir. Bu təhsil pilləsi həm də ümumi orta təhsilin həyata keçirilməsi yollarından biridir. Söhbətimizdən belə qənaətə gəldik ki, Naxçıvan Tibb Kollecinin kollektivi ixtisaslı tibbi kadrlar hazırladığını unutmur, qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün yaradılan şəraitdən səmərəli istifadə edir.
Kollektiv yeni dərs ilinə uğurla başlayıb. İnanırıq ki, 2017-2018-ci tədris ili də kollecin tarixinə uğurlu illərdən biri kimi yazılacaq.
Gülcamal TAHİROVA