23 Dekabr 2024, Bazar ertəsi

Xalqının, millətinin gələcəyinə məşəl kimi işıq salan ziyalı müəllimlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamları ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin təltif edilməsi müəllim əməyinə verilən dəyərin bariz nümunəsidir. Təltif olunanlar sırasında muxtar respublikada fəaliyyət göstərən bir qrup müəllimin də adının olması bizə ikiqat sevinc bəxş etdi. Həmin müəllimlərlə görüşüb, təəssüratlarını öyrəndik.
Cəmşid Abdullayev – Azərbaycan Respublikasının Əməkdar müəllimi: – 38 ildir ki, gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Bu məktəbdə dərs tədris etməyim mənim bu peşəyə olan məsuliyyətimi ikiqat artırır. Çünki cəmiyyətin həssas təbəqəsi hesab olunan fiziki imkanları məhdud uşaqların problemləri muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Onların gələcək taleyi təkcə həmin uşaqların valideynlərini deyil, həm də dövlətimizi, cəmiyyətimizi yaxından düşündürür. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm onlar, həm də muxtar respublika sakinləri tərəfindən rəğbətlə qarşılanır. Belə ki, Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramının qəbul edilməsi bu təbəqədən olan uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunmasına imkan yaradıb. Ən mühümü isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.
Bu günlərdə əməyi qiymətləndirilən müəllimlər sırasında adımın olması məni qürurlandırır. Bundan sonra üzərimizə daha böyük məsuliyyət düşür. İnsan özünü o vaxt xoşbəxt sanır ki, başqaları üçün xeyirxah işlər görür, Vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir. Buna onun əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsini də əlavə etsək, onda həmin müəllimin sevincinin həddi-hüdudunun olmadığını anlamaq çətin deyil. Dərs dediyim məktəbin pedaqoji kollektivi də mənim qədər sevinc hissi keçirir.

Ruhiyyə Nəcəfova – Azərbaycan Respublikasının Əməkdar müəllimi: – Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə müəllim işləyirəm. “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmək mənim üçün böyük xoşbəxtlikdir. Qeyd etmək istərdim ki, bu günün müəllimləri xoşbəxtdirlər ki, hərtərəfli qayğı ilə əhatə olunan təhsil sahəsində fəaliyyət göstərirlər. Bu da müəllimləri öz vəzifə borclarına məsuliyyətlə yanaşmağa, elmin sirlərini öyrətdikləri şagirdləri həm də dövlətçiliyimizə, müstəqilliyimizə məhəbbət ruhunda tərbiyələndirməyə səfərbər edir.
Esmira Məhərrəmova – Azərbaycan Respublikasının Əməkdar müəllimi: – 1981-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Hazırda Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə işləyirəm. Fəaliyyət göstərdiyim bu illər ərzində şagirdlərim həmişə yaxşı nəticələr əldə ediblər. Onlardan biri Prezident təqaüdünə layiq görülüb, biri isə ölkə səviyyəsində keçirilən fənn olimpiadasında ikinci yerə sahib olub. Şagirdlərimlə fəxr edirəm. İnanıram ki, onlar da gələcəkdə yiyələndikləri peşələrin öhdəsindən layiqincə gələcəklər.
Sevincimin həddi-hüdudu yoxdur, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Əməyimə, fəaliyyətimə verilən böyük dəyərə görə minnətdarlığımı bildirirəm. Bu adın çox böyük məsuliyyəti var. Ona görə də, bundan sonra da əzmlə işləyəcək, gənc nəslin dərin biliklərə yiyələnməsində, milli və mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında əlimdən gələni əsirgəməyəcəyəm.
Lalə Hüseynova – “Tərəqqi” medallı: – Ordubad rayonundakı Aza kənd tam orta məktəbində işləyirəm. Uzun illərdir, təhsil sahəsində fəaliyyət göstərdiyimə görə deyə bilərəm ki, bu gün Naxçıvanda bu sahənin inkişafına yüksək dövlət qayğısı göstərilir. Son illərdə regionda neçə-neçə məktəb binasının tikilməsi və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilməsi ölkə­mizin gələcəyinə hesablanmış addımdır. Müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi də təhsilin inkişafına böyük təkan verir, onları daha da ruhlandırır.
“Tərəqqi” medalı ilə təltif olunmağımı həyatımın ən yüksək mükafatı hesab edirəm. Mənə göstərilən bu diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, göstərilən etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə işimlə cavab verəcək, bundan sonra da fəaliyyət göstərdiyim təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən intellektli gəncliyin yetişməsində səylə çalışacağam. Təbii ki, bu vəzifələr, yaradılan şərait, göstərilən dövlət qayğısı biz müəllimlərdən böyük məsuliyyət tələb edir. Çünki bizim yetişdirdiyimiz şagirdlər müstəqil Azərbaycanın gələcəyidir.
Mahmud Cavadov – “Tərəqqi” medallı: – Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Bu siyasi xəttin layiqincə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında milli təhsilimizin inkişafı üçün lazımi addımlar atılır. Regionda təhsilə göstərilən qayğını bölgələrimizdə, eləcə də Kəngərli rayonunun simasında da görmək mümkündür. Bu gün rayonumuzda yeni məktəblər tikilir, müasir təhsil üçün hər cür şərait yaradılır. Məqsəd bundan ibarətdir ki, övladlarımız yaxşı təhsil alsınlar, bilikli, savadlı, eyni zamanda vətənpərvər gənc­lər kimi yetişsinlər.
Biz müəllimlərin qarşımızda duran ən vacib vəzifə də gənc nəslin hərtərəfli yetişdirilməsinə çalışmaqdır. Çünki gələcək inkişafımız belə gənclərin əlində olacaq.
Bu gün müəllimlərimiz cəmiyyətimizin ən hörmətli təbəqəsidir. Dövlətimiz tərəfindən bu peşənin sahibləri daim diqqət mərkəzindədirlər. Onların əməyi lazımınca qiymətləndirilir. Elə oktyabrın 3-də ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təhsilin inkişafında xidmətlərinə görə muxtar respublikamızın bir qrup təhsil işçisinin də təltif olunması bu qayğının əyani təzahürüdür. “Tərəqqi” medalı ilə təltif olunmağımı 39 illik pedaqoji fəaliyyətimə verilən ən böyük qiymət kimi dəyərləndirirəm və dövlətimizə minnətdarlığımı bildirirəm.
Hazırda Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyirəm. Ötən tədris ilində məktəbimiz muxtar respublikanın qabaqcıl təhsil müəssisəsi kimi uğurlu nəticələr əldə edib. Pedaqoji kollektiv olaraq çalışacağıq ki, yaradılmış şəraitdən səmərəli istifadə edərək bundan sonra da intellektual və vətənpərvər gənclər yetişdirək.
Yeganə Mustafayeva – Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi: – 1993-cü ildən pedaqoji fəaliyyətə başlamışam. Hazırda Naxçıvan Qızlar Liseyində çalışıram. Məktəbimizdə təhsil alan qızlar elm, bilik almaqla yanaşı, onlara milli və mənəvi dəyərlərimiz, adət-ənənələrimiz daha dərindən öyrədilir. Daha böyük nailiyyətlər əldə etmək üçün müəllimlərimiz pedaqogikanın son nailiyyətlərindən istifadəyə üstünlük verir, dünya təhsil sistemindəki yeniliklərin tədris prosesində tətbiqinə səy göstərirlər. Ən önəmlisi isə kollektiv gələcək Azərbaycan xanımlarına Möminə xatın ucalığını, Nigar, Həcər qeyrətini aşılamaq, onları bu keyfiyyətlərə sahib qadınlar kimi yetişdirmək üçün yaradılmış bütün imkanlardan istifadə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yüksək fəxri ada layiq görülməyimə görə qürur hissi duyuram. Əməyimizə verilən bu yüksək qiymət bizdə böyük ruh yüksəkliyi yaradır, qurub-yaratmaq əzmimizi artırır, bizi gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir. Bundan sonra da hərtərəfli biliyə malik gənclərin yetişməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

 Gülcamal TAHİROVA
 Nail ƏSGƏROV
 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR