YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Azərbaycan müəllimləri də hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərmiş, şərəfli müəllim peşəsinə sadiq qalaraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışmışlar.
Ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu yolda təhsilin aparıcı qüvvəsi olan müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikasında öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılmışdır. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 14 sentyabr tarixli Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqılarının artırılması da bu sahədə görülən işlərin davamıdır. Müasir tədris şəraiti olan təhsil ocaqlarında dərs keçmək bu gün hər bir müəllimin arzusu, eyni zamanda müəllim əməyinə verilən qiymətin ifadəsidir. Naxçıvan Muxtar Respublikasında təhsilə, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğı sayəsində son illər 200-dən artıq təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Təkcə 2017-ci ildə 6 məktəb binası istifadəyə verilmişdir. Hazırda 7 məktəbin tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Muxtar respublika rəhbərinin yüksək diqqət və qayğısı ilə tikilən təhsil müəssisələri əyani vəsaitlər, ən müasir informasiya texnologiyaları, pulsuz dərslik və bədii ədəbiyyatlarla təchiz olunur. 2017-ci ilin avqust ayında ümumtəhsil məktəblərinə 145 min 949 nüsxə dərslik, 6271 nüsxə metodik vəsait, dərslərdə əyaniliyin təşkili məqsədilə məktəbəhazırlıq qrupları üçün 180 ədəd plakat verilmişdir. Ümumtəhsil məktəblərinə 38 adda 8640 nüsxə bədii ədəbiyyat paylanılmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən təhsil müəssisələrində “Oxunması zəruri olan kitablar”dan ibarət guşələr yaradılır.
Muxtar respublikada istifadəyə verilən məktəb binalarının müasir maddi-texniki baza ilə təmin olunması da təhsil sahəsinə göstərilən dövlət qayğısının mühüm tərkib hissəsidir. Bu günədək ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış, məktəblərimizə 4242 kompüter verilmişdir ki, onların da 3339-u internetə qoşulmuşdur. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı, yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açmışdır.
Təhsilin inkişafına hesablanmış tədbirlər sırasında təhsil yarmarkalarının təşkilinin mühüm rolu vardır. 2005-ci ildən etibarən muxtar respublikada hər il ənənəvi olaraq keçirilən təhsil yarmarkaları gənc müəllimlərin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsidir ki, ötən dövrdə təhsil yarmarkalarında iştirak edən yüzlərlə gənc müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində işlə təmin olunmuşdur. Bu il 25-26 avqust tarixlərində keçirilən növbəti təhsil yarmarkasında 254 gənc müəllim təyinat alaraq müəllim kimi fəaliyyətə başlamışdır. Dərs ili ərzində dövlətimiz tərəfindən müəyyənləşdirilmiş güzəşt və stimullaşdırıcı tədbirlərə uyğun olaraq, həmin gənc kadrların əməkhaqlarına əlavələr ödəniləcəkdir. Bununla yanaşı, bu ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 5 ildən artıq dağ kəndində müəllim kimi fəaliyyət göstərən pedaqoji profilli gənc kadrlar həmin kənddə qalıb fəaliyyətini davam etdirərsə, onlara ipoteka kreditinin verilməsi nəzərdə tutulmuşdur.
Hər bir müəllim üçün ən gözəl hədiyyə onun yetişdirdiyi gəncin etimadı doğrultması, layiqli vətəndaş kimi böyüməsidir. Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. 2017-ci ildə məzunlardan 1496-sı ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, 251-i isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunmuşlar.
Muxtar respublikada müəllim və pedaqoji kollektivlərin əməyi yüksək qiymətləndirilmiş, 75 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 94 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 64 müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”.
Peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri Ali Məclis Sədrinin tövsiyələrini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirəcək, bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti