Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 14 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd edilməkdədir. Bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib. Sərəncamda bu ali təhsil ocağının yarım əsr ərzində keçdiyi inkişaf yolu yüksək qiymətləndirilərək deyilir: “Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formalaşmasına öz təsirini göstərmiş, fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olmuşdur. Naxçıvan Dövlət Universitetinin məzunları ölkəmizdə milli dövlət quruculuğunun və təsərrüfat həyatının müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verirlər”.
Dahi şəxsiyyətləri, zəngin təbiəti, mehriban insanları, gözoxşayan məkanları ilə seçilən qədim Naxçıvan torpağı əsrlərdən bəri öz elmi potensialı ilə fərqlənmişdir. Çoxsaylı mütəfəkkir və alimlər ordusunun vətəni hesab olunan bu diyar zamanla özünün elm və təhsil məbədlərini yaratmış və inkişaf etdirmişdir.
1967-ci ildə isə muxtar respublikanın paytaxtında sonradan özünün möhtəşəmliyi və geniş imkanları ilə seçiləcək bir elm ocağının təməli qoyulur. Həmin ildən 1972-ci ilədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən ali məktəb 1972-ci ildə 3 fakültə və 14 kafedradan ibarət olan müstəqil ali təhsil subyektinə çevrilir.
Naxçıvanın təhsil və elm mühitində 29 dekabr 1990-cı il kifayət qədər əhəmiyyətə malik tarix kimi dəyərləndirilir. Məhz bu zaman ifadəsi sonralar, müstəqillik dövründə regionun tanınmış ali təhsil ocaqlarından birinə çevriləcək, Avropa, Asiya və Amerika qitələrinin bir sıra bilik məbədləri ilə qarşılıqlı əlaqələr quracaq elm ocağının – Naxçıvan Dövlət Universitetinin yaranma tarixi hesab olunur.
XXI əsrin Naxçıvan Dövlət Universiteti kontingenti beş min tələbədən çox olan, kifayət qədər güclü maddi-texniki bazası ilə fərqlənən müəssisədir.
Hazırda onun tərkibində 11 fakültə və 52 kafedra fəaliyyət göstərir. Bəhs olunan strukturlar içərisində İqtisad fakültəsi özünəməxsus fəaliyyət və təşkilatlanma xüsusiyyətləri ilə fərqlənir. İlk qəbulu 1989-cu ildə Ümumi texniki fənlər fakültəsi nəzdində həyata keçirilmiş, 1992-ci ildən isə müstəqil fakültəyə çevrilmiş bu qurum, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının iqtisadi həyatında mühüm rol oynamışdır.
Bu gün İqtisad fakültəsinin məzunları ölkəmizin müxtəlif strukturlarında layiqincə təmsil olunurlar. Onlar Azərbaycan Respublikasının gömrük, vergi, iqtisad təmayüllü orqanlarda fəaliyyətlərini dövlətçilik, müstəqillik və qanunçuluq kimi prinsiplər əsasında qururlar. Hazırda fakültə məzunlarından 4 general, çoxsaylı dövlət mükafatları laureatları, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunanlar, 20-dən çox iqtisad üzrə fəlsəfə doktoru vardır ki, onlar da vətənimizin çiçəklənməsi naminə çalışmaqdadırlar.
İlkin qəbulunu 2 ixtisasla – İstehsalın iqtisadiyyatı və idarə edilməsi və Mühasibat uçotu, Nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisasları ilə başlayan bu fakültə sonradan öz fəaliyyətini genişləndirmiş, hazırda 4 ixtisas üzrə – İqtisadiyyat, Mühasibat uçotu və audit, Dünya iqtisadiyyatı və Menecment ixtisasları üzrə mütəxəssis hazırlamaqdadır. Bununla belə, müxtəlif dövrlərdə Gömrük işinin təşkili, Dövlət və bələdiyyə idarəetməsi, Maliyyə ixtisasları üzrə kadrların hazırlanması da həyata keçirilmişdir. Fakültədə əyani və qiyabi (ənənəvi və əlavə təhsil) şöbələr üzrə təhsil aparılmaqdadır.
Fakültədə 2 iqtisad təmayüllü dərnək təşkil olunmuş, hər həftənin şənbə günü isə ingilis dilinin daha yaxşı mənimsənilməsi məqsədilə “Conversation-club”un yığıncaqları keçirilməkdədir.
Fakültə tələbələrinin təhsil səviyyəsini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq fakültə üzrə mövcud olan İqtisadiyyat, Dünya iqtisadiyyatı və Menecment ixtisasları üzrə İqtisadiyyat Nazirliyi ilə, Mühasibat uçotu və audit ixtisası üzrə isə Maliyyə Nazirliyi ilə qarşılıqlı razılaşmalar əldə olunmuş və birgə işlər aparılmaqdadır. Bu istiqamətdə təkcə 2016-2017-ci tədris ilində bu qurumların hər biri ilə 9 görüş nəzərdə tutulmuş, onlardan hər biri üzrə 7-si reallaşdırılmışdır.
İqtisad fakültəsinin tələbələri istər universitetdaxili, istərsə də muxtar respublika və respublika səviyyəli yarış, müsabiqə və digər tədbirlərdə də aktiv iştirak etməkdədirlər. Belə ki, təkcə ötən tədris ilinin I semestrində fakültə 2 kubok, 19 fəxri fərman və təşəkkürnamə qazanmışdır. Buna misal olaraq Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilən “Vergilər” olimpiadasında iştirak etmiş 5 tələbənin qalib yerlər tutmasını göstərmək olar. Həmçinin universitetin I kursları arasında keçirilən və 2016-cı ildə 10-17 noyabr – Beynəlxalq Tələbə Həftəsinə həsr olunmuş idman növləri üzrə yarışlarda fakültənin tələbələrinin I yer tutması da sevindirici haldır. Bəhs olunan nailiyyətlərə fakültə tələbələrinin ötən tədris ilində muxtar respublikanın müxtəlif nazirlik və təşkilatları tərəfindən keçirilən tədbirlərdə uğurlu iştirakını da əlavə etmək yerinə düşərdi.
Fəxarətlə qeyd olunmalıdır ki, 2015-2016-cı tədris ilinin məzunlarından müxtəlif ali məktəblərin magistraturalarına 18 nəfər qəbul olunmuşdur. Onlardan da 6-sı tanınmış (İtaliya, İngiltərə, İspaniya) xarici ölkələrin ali təhsil ocaqlarında təhsil alırlar.
İqtisad fakültəsində həyata keçirilən tədbirlər sırasında əyləncə təyinatlı tədbirlər özünəməxsusluğu ilə seçilir. Belə ki, Yeni il, Novruz şənlikləri kimi mərasimlərdə fakültəmizin müəllim-tələbə heyətinin mütəşəkkil iştirakı təmin olunur, onların fərdi yaradıcılıq imkanlarının üzə çıxmasına şərait yaradılır.
Fakültə tələbələrinin tarixi, mədəni və digər yönlərdə olan dünyagörüşünü genişləndirmək, onların bu sahədə olan biliklərini artırmaq məqsədilə muzeylərə, sərgilərə, digər mədəniyyət obyektlərinə ekskursiyalar təşkil olunur.
Hazırkı dövrdə fakültə nəzdində 3 ixtisas kafedrasının – İqtisadiyyat, Mühasibat uçotu və maliyyə, Dünya iqtisadiyyatı fəaliyyəti təmin olunmuşdur. Kafedraların pedaqoji heyəti 2 iqtisad üzrə elmlər doktoru, 16 iqtisad üzrə fəlsəfə doktoru olmaqla, 32 müəllimdən və kənardan dəvət olunmuş mütəxəssislər vasitəsilə formalaşıb. İxtisas kafedraları ilə birlikdə 60 nəfər müəllim və tədrisə köməkçi heyət tələbələrin qayğıları ilə məşğul olmaqdadır. Bu qurumların nümayəndələri tədris prosesində aktiv iştirak etməklə yanaşı, elmi fəaliyyətlərini də davam etdirirlər.
Qeyd etmək yerinə düşər ki, təkcə bu il kafedralar vasitəsilə 3 problem üzrə fərqli istiqamətləri əhatə edən 22 elmi-tədqiqat işi yerinə yetirilməkdədir.
Kafedraların əməkdaşları sosial-iqtisadi, mədəni-maarif həyatında layiqincə iştirak edir, kütləvi informasiya vasitələrində müxtəlif iqtisadi situasiya və problemlərlə bağlı öz dəyərli fikirlərini bildirir, orta təhsil ocaqlarında nümunəvi dərslər keçir, beynəlxalq iqtisadi təcrübənin ölkə və muxtar respublika miqyasında yayılmasına yardım edir, şərh və məsləhətlərini verirlər.
2007-ci ildə universitetin 40 illik yubiley tədbirləri ilə əlaqədar olaraq İqtisad fakültəsinin əməkdaşlarından 3 müəllim “Tərəqqi” medalına layiq görülmüşdür.
2016-2017-ci tədris ilində fakültənin 2 əməkdaşı Avropa Yayım Birliyinin təqdim etdiyi nominasiyalar üzrə qızıl medallarla təltif olunmuşdur.
Yarandığı vaxtdan bu günədək kafedra əməkdaşlarının 100-dən çox kitab və monoqrafiyaları, dərslik və dərs vəsaitləri işıq üzü görmüş, minlərlə məqalə və tezisləri ölkədaxili və xarici mətbuatda çap olunmuşdur ki, bu da fakültənin artan elmi potensialından xəbər verir.
Bu yaxınlarda fakültə üçün istifadəyə veriləcək ikimərtəbəli müasir tədris korpusu öz yeni tədris və texnoloji avadanlıqları ilə pedaqoji heyəti təhsildə yeni nailiyyətlər qazanmağa sövq edəcək.
Sadalanan çoxsaylı məqamlar İqtisad fakültəsinin uğurlu və şərəfli yol keçməsinə dəlalət edir. Gələcəkdə fəaliyyətimizin günün tələblərinə uyğun təşkili nəticəsində bu uğurların sayı artacaqdır.
Mehdi BAĞIROV
Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı