Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi muxtar respublikanın təhsil müəssisələrində diqqət mərkəzində saxlanılır.
Şərur rayonunun Kürçülü kənd tam orta məktəbində Faruk Sumerin “Oğuzlar” əsərinin müzakirəsində məktəbin direktoru Zülfiyyə Məmmədova adıçəkilən sərəncamın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu baxımdan oxunması zəruri olan kitablar haqqında imzalanan sərəncam zamanında atılmış addımdır. Bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək.
Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Dürdanə Orucova Faruk Sumerin “Oğuzlar” əsərinin mövzusu və ideyası, ədəbi-bədii məziyyətləri barədə danışıb. Qeyd olunub ki, bugünkü gəncliyin sağlam ruhda tərbiyə edilməsində oxunması zəruri olan kitablar sırasında “Oğuzlar” əsərinin yer alması təbiidir. Bütün dövrlər üçün aktual olan belə əsərlər öz bədii mükəmməlliyi, aşıladığı fikirlər baxımından müsbət dəyərlərə malikdir.
Kitabın müzakirəsində məktəbin müəllimləri Könül Hacıyeva, Orxan Həsənzadə və yuxarı sinif şagirdləri çıxış ediblər.
Sonda əsərdən parçalar qiraət olunub.
Xəbərlər şöbəsi