Muxtar respublikamızda peşə və orta ixtisas təhsilinin inkişafı prioritet vəzifələr sırasındadır. Son illərdə belə təhsil müəssisələri üçün yeni binaların inşa olunması, onların maddi-texniki bazalarının genişləndirilməsi, yeni ixtisasların açılması əmək bazarının tələbatını ödəmək baxımından mühüm əhəmiyyət daşıyır, həmçinin gənclərin müxtəlif peşələrə yiyələnmələrinə, məşğulluğun təmin olunmasına şərait yaradır. Belə təhsil müəssisələrindən biri də Naxçıvan Dövlət Texniki Kollecidir. Məlumat üçün bildirək ki, haqqında bəhs edəcəyimiz kollec 1925-1926-cı tədris ilində Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kimi yaradılıb.
Həmin tədris ilində texnikuma 2 ixtisas üzrə 41 nəfər tələbə qəbul edilib. 2002-ci ildən təhsil müəssisəsinin profili genişləndirilib, texnikum Naxçıvan Dövlət Texniki Kolleci adlandırılıb. Bu illər ərzində orta ixtisas təhsili müəssisəsini yüzlərlə məzun bitirib, onlar xalq təsərrüfatının müxtəlif sahələrində işlə təmin olunublar. Digər tədris müəssisələri kimi, son illərdə bu kollecin də hərtərəfli fəaliyyət göstərməsi üçün bir sıra işlər görülüb, kollec üçün ayrılmış yeni bina yenidənqurmadan sonra 10 oktyabr 2016-cı ildə müəllim və tələbələrin istifadəsinə verilib. Bu, kollecin pedaqoji kollektivinin öz işinə məsuliyyətini daha da artırıb, müəllimləri ixtisaslı kadr hazırlığında qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə sövq edib.
Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov da söhbətə kollecə göstərilən qayğı ilə başladı. Öyrəndik ki, yeni istifadəyə verilən 5 mərtəbəli müasirtipli, 784 yerlik təhsil ocağında 26 auditoriya, 14 elektron lövhəli sinif, hərbi kabinə, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, internetə qoşulmuş 66 kompüterlə təchiz olunmuş 3 kompüter otağı, müəllimlər otağı, bir elektron lövhəli monitor, kitabxana, 10 fənn kabinəsi, 120 yerlik iclas zalı və bufet, fondunda 3086 bədii ədəbiyyat və dərslik olan kitabxana müəllim və tələbələrin istifadəsinə verilib. Ötən dövr ərzində kitabların sayı 5340-a çatdırılıb. Kollecdə yaradılmış Heydər Əliyev lektoriyasında ümummilli liderin həyat və fəaliyyəti tələbələrə öyrədilir, burada ulu öndərə həsr olunmuş bir-birindən maraqlı tədbirlər həyata keçirilir. Belə tədbirlərdə tələbələrin fəallığı təmin olunur.
Ötən tədris ilində kollecdə 6 fənbirləşmə komissiyası, 10 fənn kabinəsi və 3 laboratoriya fəaliyyət göstərib, yol hərəkətinin təşkili, mühasibat uçotu, baytarlıq təbabəti, bank işi, nəqliyyatda daşımaların təşkili, rabitə qovşaqları və kommunikasiya sistemləri (2016-cı ildə açılıb) ixtisasları üzrə kadr hazırlığı aparılıb. Tədris ilində əyani şöbədə 6 ixtisas üzrə 19 qrupda 372 nəfər, bir ixtisas üzrə qiyabi şöbədə isə 4 qrupda 62 nəfər olmaqla, 434 tələbə təhsil alıb.
Kollecdə dərslərin laboratoriya şəraitində aparılması təmin edilib.
Kadrların mükəmməl biliklərə yiyələnmələri üçün müasir təlim üsullarından istifadə diqqətdə saxlanılıb. Açıq dərslərin keçilməsinə, həmin dərslərin təhlilinə ciddi önəm verilib. Belə dərslərdə elektron vəsaitlərdən, yeni ədəbiyyatlardan, internet məlumatlarından istifadə edilib. Buraxılmış nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Geridə qalan tələbələr əlavə məşğələlərə cəlb olunublar. Çəkilən zəhmət öz bəhrəsini verməkdədir.
Direktorun sözlərinə görə, 2016-2017-ci tədris ilində əyani şöbədə payız və yaz imtahan sessiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas müəssisələrində kredit sistemilə tədrisin təşkili” qaydalarına uyğun keçirilib. Kollec üzrə mənimsəmə 81 faiz, keyfiyyət 34 faiz təşkil edib, imtahan sessiyasının nəticələrinə görə 91 tələbə əlaçı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam əsasında tədris ocağında bir sıra işlər görülüb. Belə ki, ixtisaslar üzrə treninqlər, buraxılış qruplarının istehsalat təcrübələri aidiyyəti təşkilatlarda keçirilib. Təcrübələr bitdikdən sonra 5 ixtisas üzrə 6 qrupda 120 məzun dövlət imtahanına buraxılıb və onlardan 8 nəfəri fərqlənmə, 112 nəfəri isə adi diploma layiq görülüb.
Yol hərəkətinin təşkili qrupu üzrə əyani şöbənin 19 tələbəsi Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində sürmə təlimi keçməklə “B” və “C” kateqoriyaları üzrə şəhadətnamə alıb. Kollecdə 2016-2017-ci tədris ilində qiyabi şöbədə 1 ixtisas üzrə 4 qrupda 62 nəfər qış və yaz imtahan sessiyasına buraxılıb. Bu şöbədə də qazanılan nəticələr uğurlu olub.
Texniki Kollecin yeni binasının açılış mərasimində Ali Məclis Sədrinin “İyirmi birinci əsr texnologiya əsridir. Texniki yeniliklər olmadan hər hansı bir sahənin inkişafını təsəvvür etmək mümkün deyil. Bu da özlüyündə texniki sahələr üzrə ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. Təcrübə göstərir ki, texniki təhsil bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla yanaşı, həm də iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırmışdır... Naxçıvan Dövlət Texniki Kollecində yaradılan yeni infrastruktur və maddi-texniki bazadan, informasiya texnologiyalarından səmərəli istifadə olunmalı, texniki təhsilin məzmunu daha da təkmilləşdirilməlidir. Tədris prosesində təcrübi məşğələlərə, yeni təlim üsullarına üstünlük verilməlidir. Tədris proqramına uyğun elektron dərs vəsaitləri hazırlanmalı, pedaqoji heyətin səviyyəsi yüksəldilməli, müəllimlər yeni təlim üsullarını mənimsəməli, məsuliyyətlə və tələbkarlıqla çalışmalıdırlar” tövsiyəsinə əməli işlə cavab verməyə çalışan kollecdə hər bir ixtisas üzrə kredit sistemi ilə 144 dövlət proqramı hazırlanıb, çapa verilib. Kollecin tarixində ilk dəfə olaraq elmi məqalələrdən ibarət jurnal nəşrə hazırlanıb.
Təhsil ocağında Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublika İdarəsinin dəstəyi, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Müasir bank xidmətlərinin tətbiqi və marketinqi” mövzusunda treninq keçirilib. Kollecdə tələbələrin istedad və bacarıqlarının formalaşdırılması və düzgün istiqamətləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili bir ənənə şəklini alıb. Bu həm də təhsilin səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərir. Ötən dərs ilində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda yarışda kollecin komandası birinci, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Rəssamlar Birliyinin birgə təşkil etdikləri “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IV muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsində isə kollecin tələbələri I,II,III, kollecin qızlardan ibarət yüngül atletika komandası 16-18 fevral 2017-ci il tarixlərdə Bakı şəhəri Respublika Olimpiya Mərkəzində keçirilən Azərbaycan birinciliyində iştirak edərək I yerə layiq görülüblər.
Asəf Ruşanov bildirdi ki, tələbələrin təhsili ilə 4 nəfəri fəlsəfə doktoru olmaqla, 44 nəfər müəllim məşğul olur. Səmərəli fəaliyyətinə görə kollecin 2 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 1 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif edilib. Kollecin müəllimləri təhsil aldıqları orta məktəblərdə nümunəvi dərslər keçiblər.
Yaradılan şərait hesabına qazanılan uğurlar isə adıçəkilən təhsil ocağında oxumaq istəyən gənclərin ildən-ilə sayının artmasına səbəb olur. Bu baxımdan cari ildə də kollecə qəbulun nəticələri ürəkaçandır. Bu tədris ilindən elektrik təchizatı ixtisası üzrə kadr hazırlığına da başlanılıb.
2017-2018-ci tədris ilində kollecə tam orta təhsil bazasından qiyabi şöbəyə – yol hərəkətinin təşkili ixtisasına 15 nəfər, əyani şöbənin 7 ixtisasına ümumi orta təhsil bazasından 119 nəfər qəbul olunub. Yeni tədris ili üçün müəllimlərin, fənbirləşmə sədrlərinin, qrup rəhbərlərinin, kabinə müdirlərinin iş planları işlənib hazırlanıb. Kollecə yeni təyin olunan gənc müəllimlər təcrübəli müəllimlərə təhkim edilib, onların qarşılıqlı dərsdinləmədə, açıq dərslərdə iştirakları nəzərdə tutulub. İlk günlərdən tədris ocağında pedaqoji nizam-intizam qaydalarına nəzarət önə çəkilib. Kollecdə həm müəllim, həm də tələbələr üçün vahid geyim qaydası tətbiq olunub. Müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinə diqqət artırılıb.
Yeni dərs ilinə səylə başlayan kollektiv ötən il qazandığı uğurları son hədd hesab etmir. Yaradılan şəraitdən səmərəli istifadə edərək cari dərs ilində belə uğurları daha da artırmağa çalışır. Bu da belə deməyə imkan verir ki, ixtisaslı kadr hazırlığında kollec qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək.
Muxtar MƏMMƏDOV