23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün yeni təhsil ilində ilk interaktiv açıq dərs keçilib.
“Azərbaycan dilinin dünya dilləri içərisində yeri və tarixi inkişaf məsələləri” mövzusunda keçilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev dilimizin formalaşma tarixi barəsində şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, iltisaqi-aqlütinativ dillər qrupuna daxil olan Azərbaycan dilinin formalaşması miladdan əvvəlki minilliklərdən başlamaqla uzun bir tarixi proses keçib. Oğuz dilləri ailəsinə daxil olan Azərbaycan dilinin keçdiyi inkişaf mərhələlərindən danışan dilçi-alim qeyd edib ki, asərlər, yəni müasir azərbaycanlılar miladdan öncə VI minilliyin ortalarından əlifbaya sahib olublar. Bu, yunan coğrafiyaçısı Strabonun yazılarında da yer alıb. Alim vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” dastanındakı boyların tarixi və dili, onun şeir üslubunda yazılışı ana dilimizin İslam dinindən xeyli əvvəlki dövrlərdən mövcud olduğunu bir daha təsdiq edir.

Xalqımızın ən yeni tarixindən bəhs edən Firudin Rzayev ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən də danışıb. Qeyd edib ki, 1969-cu il Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ulu öndər dilimizin dövlət dili olması tələbi ilə ziyalılarımızın Siyasi Büro qarşısında məsələ qaldırmasına nail olub və 1977-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamızın 73-cü maddəsində öz əksini tapıb.
Açıq dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı dahi şəxsiyyətin ana dilimizə olan məhəbbətinin bariz nümunəsidir.
Bildirilib ki, 2001-ci il iyunun 18-də ümummilli lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayıb. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da isə ulu öndər yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzalayıb. Həmin fərmana əsasən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Vurğulanıb ki, ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin fərmanlara uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanıb və çap olunub. Bütün bunlar dövlət başçımızın milli və mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqlədi. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Pro­qramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı dövlətimizin və onun rəhbərinin ana dilimizin qorunmasına və inkişafına qayğısının ən bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılıb. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir.
Açıq dərs Naxçıvan Muxtar Respublikasının 200 ümumtəhsil məktəbində izlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR