2015-ci il oktyabr ayının 6-nı Şərur rayonunun Kürçülü kəndinin sakinləri indi də yaxşı xatırlayırlar. Həmin gün burada tam orta məktəbin və məscidin, kənd və xidmət mərkəzlərinin açılışı olub. Kompleks quruculuq tədbirləri çərçivəsində iki kilometr uzunluğunda avtomobil yoluna asfalt örtük salınıb. Səkkiz su keçidi və beton kanal tikilib. Yaşayış məntəqəsinin rabitə sistemi yenilənib, fiber-optik kabel xətti çəkilib. Elektrik enerjisinin və təbii qazın dayanıqlı verilişi təmin olunub, elektrik və qaz xətləri yenilənib. Kənddə qapalı drenaj xətti qurulub. Həmin gün böyük sevinc hisslərini yaşayanlar içərisində kənd tam orta məktəbinin müəllimlərini və şagirdlərini xüsusi qeyd etmək lazımdır.
Məktəbin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin başlıca məqsədi ondan ibarətdir ki, gələcəyimizin qurucuları olan gənclər təhsilli və vətənpərvər böyüdülsünlər. Kürçülü kənd tam orta məktəbi üçün müasir binanın tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Ona görə də müəllim və şagirdlər üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Müəllimlər bilməlidirlər ki, onlar gələcəyin qurucularını hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar gələcəyin qurucuları kimi yetişməlidirlər”.
Ali Məclis Sədrinin bu dəyərli tövsiyəsi məktəbin pedaqoji kollektivinin fəaliyyət proqramına çevrilib. Bunun nəticəsidir ki, məktəb binası istifadəyə verilən tədris ilində təhsil ocağını bitirən 5 məzunun 4-ü ali məktəblərə qəbul olunub. Sonrakı il bu nəticə bir qədər də yüksəldilib. Belə ki, 2016-2017-ci tədris ilində 2-si 500-700 intervalında bal toplamaqla məktəbi bitirən 6 məzunun hamısı tələbə adına layiq görülüb. Bu, muxtar respublikanın kənd tam orta məktəbləri içərisində 100 faizlik nəticə əldə edən yeganə təhsil ocağıdır.
Qazanılan uğurun təməlində duran amillər bu gün muxtar respublika sakinlərinə bəllidir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi qayğı və diqqət, pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, təhsilin məzmununa yeni pedaqoji təfəkkür baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, yeni pedaqoji üsullara, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli və mənəvi irsimizin öyrənilməsi üçün interaktiv əlaqələrin təşkili, nümunə dərslərinin tədrisi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. Həmin şəraitlə biz də tanış olduq. Yeni dərs ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik etdik. Məktəbin direktoru Zülfiyyə Məmmədova bildirdi ki, hazırda 106 şagirdin təhsil aldığı ikimərtəbəli məktəb binası 234 şagird yerlikdir. Burada 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 4 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Laboratoriyalar ən müasir təcrübə avadanlıqları və əyani vasitələrlə təchiz olunub. Məktəbin kitabxanasında 3 mindən artıq dərslik və bədii ədəbiyyat vardır. Təhsil ocağında 4 elektron lövhə quraşdırılıb, kompüter otağında internetə qoşulan 19 kompüter dəsti qoyulub.
Lazımi avadanlıqlarla təchiz edilən şahmat otağında şagirdlər şahmatın sirlərinə yiyələnirlər. Geniş idman zalında isə gənclərin digər idman növləri ilə məşğul olması üçün şərait vardır. Məktəbin hərbi kabinəsi əyani tədris vasitələri ilə təchiz edilib. Yeri gəlmişkən qeyd edək ki, təhsil ocağı bu məktəbi bitirmiş şəhid Qulu Sadiqovun adını daşıyır. Məktəbin həyətində kəndin igid oğlunun büstü ucaldılıb. Pedaqoji kollektiv öz fəaliyyətində şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini diqqət mərkəzində saxlayır. Qulu və onun kimi onlarla şəhidimizin keçdiyi həyat yolunun bugünkü məktəblilərə çatdırılmasına ciddi fikir verilir.
Məktəbin müəllimləri yeni tədris üsullarından istifadəyə və dərslərini canlı şəkildə qurmağa səy göstərir, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini diqqətdə saxlayırlar. Bununla belə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Bütün bunlar şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların vətənpərvər vətəndaş kimi formalaşdırılmasında, şagirdlərin dövlətçiliyimizə, milli və mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmalarında mühüm rol oynayır.
Dahi öndərimiz Heydər Əliyevin hamımız üçün örnək olan həyat və siyasi fəaliyyətinin gələcəyimizin etibar ediləcəyi bugünkü şagirdlərə öyrədilməsi üçün məktəbdə tədbirlər planı hazırlanıb. Plana əsasən keçirilən tədbirlər öz bəhrəsini verir. İnşa, şeir, rəsm müsabiqələri bu baxımdan diqqəti çəkir. Məktəbdə şagirdlərin fiziki hazırlığına fikir verilir. Bunun üçün də dərsdənkənar məşğələləri xüsusi qeyd etmək lazımdır. Məktəbin şagirdləri rayon və muxtar respublika birinciliklərində uğurlu nəticələr əldə edirlər.
Son illər məktəblərimizdə keçirilən şahmat fənninə maraq göstərən şagirdlər tərəfindən bu idman növünün sirlərini öyrənmək üçün yaradılan şəraitdən səmərəli istifadə olunur. Məktəbin şagirdi Emin Hüseynovun bu sahədə qazandığı uğurlar ürəkaçandır. O, bir neçə şahmat birinciliyində qələbə qazanıb.
Məktəbdə müəllimlərlə də həmsöhbət olduq. Ötən dərs ilinin nəticələrinə görə onları təbrik etdik. İngilis dili müəllimi Aynurə Əliyeva bildirdi ki, bu gün muxtar respublikamızda qabaqcıl təhsil mühiti formalaşdırılıb. Bu da şagirdlərin təhsilə marağını daha da artırıb. Bütün bunların nəticəsidir ki, hər il ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri artır. Bunu bizim məktəbin timsalında da görmək olar. Keçən il 4, bu il isə 6 məzunumuz artıq tələbədir. Onlardan Aysel Qəhrəmanovanın və Şəbnəm Məmmədovanın göstəriciləri daha yüksək olub. Aysel 647 balla Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasında təhsil almaq imkanı qazanıb. Orta məktəbdə oxuyanda o, verilən bütün tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirir, sınaq imtahanlarında uğurlu nəticələr göstərirdi. Budur, çəkdiyi zəhmət öz bəhrəsini verib. Təbii ki, burada məktəbdə yaradılmış şərait də başlıca amildir.
Rəşadə Seyidova məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. O da qazanılan uğurları həmin amillərlə bağlayır. Növbəti tədris ilini daha böyük nailiyyətlərlə başa vurmaq üçün dərs ilinin ilk günlərindən kollektivin öz gücünü səfərbərliyə aldığını bildirir.
Elə məktəbdə görüşdüyümüz valideynlər İnşallah Qəhrəmanov, Eldəniz Məmmədov da bu fikirdədirlər. Onların sözlərinə görə, məktəbin pedaqoji kollektivi ilə valideynlər arasında sıx əlaqə yaradılıb. Bunun nəticəsidir ki, heç bir şagird dərsdən yayınmaq haqqında düşünmür. Hədəf ancaq yaxşı oxumaq, yaxşı təhsil almaqdır. Bunun üçün müəllimlər əllərindən gələni əsirgəmirlər.
Məktəbin direktoru Zülfiyyə Məmmədovanın sözlərinə görə, bu il I sinfə 13 uşaq qəbul olunub. Cari ildə təhsil ocağını XI sinif üzrə 9 məzun bitirəcək. Pedaqoji kollektiv əmindir ki, həmin məzunlar müəllimlərin onlara göstərdiyi etimadı doğruldacaq, muxtar respublikamızda təhsilə göstərilən qayğı müqabilində yüksək ballarla ali məktəb tələbəsi adını qazanacaqlar.
Biz də inanırıq ki, belə də olacaq.
Muxtar MƏMMƏDOV