23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin hərtərəfli yüksəlişi üçün böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirilir. Muxtar respublikada müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması, təhsilin keyfiyyətinin yüksəldilməsi, “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına ehtiram və sədaqətin məntiqi ifadəsidir.

Muxtar respublikamızda “İstedad-XXI əsr” hazırlıq kurslarının təşkili də bu istiqamətdə görülən işlərin real nəticəsidir. Kurslar yüksək biliyə malik abituriyentlərin hazırlanmasında, müxtəlif xarici dillərin tədrisində, məktəbəqədər və ibtidai sinif şagirdlərində zəkanın inkişafında üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir. Məlumat üçün qeyd edək ki, yeni dərs ili ərəfəsində – sentyabr ayının 11-də Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni tədris binası istifadəyə verilib. 300 şagird yerlik və 4 mərtəbəli yeni tədris binasında 2-si elektron lövhəli olmaqla, 20 sinif otağı, 2 kompüter otağı, müəllimlər otağı, imtahan mərkəzi, iclas zalı, qeydiyyat və mühasibatlıq otaqları, eləcə də bufet fəaliyyət göstərir. Binada 12 kompüter quraşdırılıb və internetə qoşulub.

Hazırlıq kurslarının fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən tədris ocağında olduq. Kursun direktoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevlə söhbət zamanı bildirdi ki, “İstedad-XXI əsr” hazırlıq kursları 2014-2015-ci tədris ilindən etibarən fəaliyyətə başlayıb. Yarandığı müddətdən bu günə qədər müasir təlim və tədris üsullarından istifadə, burada bacarıqlı müəllim heyətinin formalaşdırılması məzunlarımızın yüksək göstəricilər qazanmalarına imkan verib. Kurs öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş prinsipləri əsas tutur. Burada abituriyent hazırlığı, müxtəlif xarici dil (ingilis, rus, alman, fransız, ispan, fars), dövlət qulluğuna hazırlıq, zəka, məktəbəqədər hazırlıq, məntiq, mühasibat kursları, “İstedad-Kids”, kompüter hazırlığı, magistraturaya hazırlaşmaq istəyənlər üçün müasir tədris metoduna uyğun təhsil imkanları yaradılıb. Tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin proqramlarına əsasən və həmin qurumların dərs vəsaitləri və test toplularından istifadə etməklə həyata keçirilir. Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün qrup və fərdi şəkildə dərslər təşkil olunur. Dərs müddətində dinləyicilərin çətinlik çəkdiyi mövzular əlavə məşğələlər salınmaqla həyata keçirilir. Eyni zamanda yay tətili dövründə kursda yay məktəbləri də təşkil olunur. Burada həm şagirdlərə yeni biliklər aşılanır, onların asudə vaxtları səmərəli təşkil edilir, həm də zəka təlimlərinə və fənlərə dair bilik yarışmalarına geniş yer ayrılır. Tədris prosesində müasir texnologiyalardan istifadə məqsədilə qurulmuş elektron lövhələrdən səmərəli istifadəyə böyük önəm verilir.
Kurs tərəfindən muxtar respublikamızın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərimizin bilik və bacarıqlarının öyrənilməsi və inkişaf etdirilməsi, onlara testologiya vərdişlərinin aşılanması üçün aylıq sınaq imtahanları təşkil olunur. Bu sınaq imtahanları III-XI sinifləri əhatə edir. Sınaq imtahanlarının nəticələri www.istedad21.com ünvanı vasitəsilə onlayn şəkildə hər bir şagirdə fərdi iş nömrəsi vasitəsilə çatdırılır. Sınaq-test imtahanlarının keçirilməsi zamanı qəbul edilən bütün yeniliklər operativ şəkildə tətbiq olunur. Ötən tədris ilində ümumtəhsil müəssisələrinin IX sinif şagirdlərinin buraxılış imtahanı modelinə uyğun sınaq imtahanı ölkə üzrə ilk dəfə kurs tərəfindən muxtar respublikamızda keçirilib.
Elbrus İsayevin dediklərindən: – Fəaliyyətə başladığımız 2014-2015-ci tədris ili ərzində qəbul nəticələrimiz 100 faiz olub. 17 məzun 600 baldan yuxarı nəticə göstərib, 3 məzun Prezident təqaüdünə layiq görülüb. Məzunlarımız ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaq imkanı qazanıblar. IV ixtisas qrupunda 6 dinləyicimizin hamısı 600 baldan yüksək nəticə göstərərək Müalicə işi ixtisasını seçib. 2015-2016-cı tədris ilinin də nəticələrini ürəkaçan saymaq olar. 91 məzunumuz 400, 49 məzunumuz 500, 20 məzunumuz 600 baldan yuxarı nəticə göstərib ki, onlardan da 2-si Prezident təqaüdünə layiq görülüb. Bu il də kursda dinləyici kimi iştirak edən məzunlar 100 faiz qəbul nəticəsi ilə etimadı doğruldublar.
Müsahibimiz onu da qeyd etdi ki, müasir təhsil strategiyasında təfəkküryönümlü metodun üstünlüyünü nəzərə alaraq kursumuzda zəka təlimləri üçün geniş imkanlar yaradılıb. Burada şagirdlərə şahmat oyunu və onun sirləri, sürətli və dəqiq şəkildə hesablama bacarıqları, sürətli oxuma, qavramanın gücləndirilməsi, özünə­inamın artırılması, təfəkkürün inkişafı kimi vərdişlər aşılanır. Kurslarda 6-14 yaş arası uşaqlar iştirak edə bilərlər. Kursda, eyni zamanda xarici dillər üzrə hazırlıqlar da keçirilir ki, burada həm bu dillər üzrə qrammatik biliklər öyrədilir, həm də danışıq qrupları təşkil olunur. Xarici dillər üzrə kurslar 4 əsas bacarığın – danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Kurslar ən müasir metodlardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər iştirakçıların seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.
Bu təhsil ocağında “İstedad-Kids” kursu da fəaliyyət göstərir. Kurs məktəbəqədər uşaqlara biliklərin aşılanmasına xidmət edir. Naxçıvanda ilk dəfə olaraq 4-10 yaş qrupu üzrə həftənin iki günü 10 ay müddətində dinləmə və izləmə ağırlıqlı ingilis və rus dili tədrisinin qeydiyyatı da istedad kurslarında aparılır. Bu kursu digərlərindən fərqləndirən başlıca xüsusiyyət dərslərin hər bir mövzuya uyğun olaraq hazırlanan audio və video vəsaitlər, interaktiv oyunlar, yerli ekskursiyalar, ingilis və rus dilində hazırlanmış səhnəciklər şəklində keçilməsidir. Bu da uşaqların xarici dilləri mükəmməl öyrənmələrinə imkan verir. Dərslər Kembric Universitetinin “Kids preschool” proqramı əsasında, beynəlxalq sertifikatlara malik peşəkar müəllimlər tərəfindən aparılır. Proqramı 5 ay müddətində mənimsəmiş hər bir şagird səviyyə imtahanına buraxılır və minimum 70 bal toplamış şagirdlər növbəti proqramlara keçid hüququ əldə edirlər. Qeydiyyat zamanı hər bir şagirdə xas psixoloji və zehni sorğular tərtib edilir və yalnız bu sorğudan keçmiş şagirdlər kursda təhsil hüququna malik olurlar.
Hazırda kursa dinləyici qəbulu il ərzində iki dəfə olmaqla, qruplar üzrə imtahan yolu ilə aparılır. Qrup üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlər müvafiq olaraq 50, 30, 20 faiz güzəştlərdən istifadə edə bilirlər. 600 baldan yuxarı nəticə göstərən şagirdlərə də güzəşt tətbiq olunur, 650 baldan yuxarı nəticə göstərən şagirdlər isə kursda ilboyu ödənişsiz təhsil almaq imkanı qazanırlar. Eyni zamanda aylıq daxili sınaq imtahanlarında da yüksək nəticə göstərən şagirdlərimizə ödənişdə güzəştlər tətbiq olunur. Bununla yanaşı, müharibə veteranı, əlil, şəhid ailələrinin övladları, valideyn himayəsindən məhrum olan şagirdlərimiz də tam və ya qismən təhsil haqqından azaddırlar.
Elbrus müəllim bildirdi ki, 2017-2018-ci tədris ilindən Şərur, Şahbuz, Culfa və Ordubad filialları fəaliyyətə başlayıb. Bütün filiallara müəllim qəbulu üçün imtahanlar keçirilib. Hazırda kursun mərkəz və filiallarına 2017-2018-ci tədris ili üçün dinləyici qəbulu aparılır. Rayonlarda filialların yaradılmasında məqsəd abituriyent­lərin üzləşdikləri çətinlikləri aradan qaldırmaqdır.
Kursun bu il yüksək nəticələr əldə edən məzunları ilə də görüşdük. İlk müsahibimiz 670 balla Naxçıvan Dövlət Universitetinin İngilis dili tərcüməçiliyi ixtisasına qəbul olan Lətif Sadiqov oldu. O dedi ki, orta məktəbdə oxuyandan humanitar fənləri daha çox sevir, fənn olimpiadalarında fəal iştirak edirdim. Arzum yüksək nəticə əldə etmək və Naxçıvan Dövlət Universitetinin tələbəsi olmaq idi. Bunun üçün səylə çalışdım və istədiyim nəticəni əldə etdim.
Məzunlardan biri də 662 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazanan Sultan Məmmədovdur. Onunla telefon bağlantısı zamanı kursun yaratdığı üstünlüklər barədə ürəkdolusu danışdı.
Kursla bağlı olan bu sualı hər iki müsahibimə ünvanladım: “Niyə repetitor hazırlığını yox, məhz kurs hazır­lığ­ı­­nı seçdiniz, sizcə, bunlar arasında hər hansı fərq varmı?”
Onlar bildirdilər ki, kursda dərslər sistemli şəkildə keçilir. Repetitor yanına gedərkən abituriyentin vaxt itkisi çox olur. Bu da fikir dağınıqlığının yaranmasına gətirib çıxarır. Kursda həm də hər həftənin sonunda keçdiyimiz dərslərdən test imtahanı verirdik. Bütün bunlar dərsləri təkrarlamaq, buraxdığımız səhvləri tapmaq və həmçinin qəbul imtahanlarına psixoloji cəhətdən hazırlaşmaq məqsədi daşıyırdı.
Heç şübhəsiz ki, təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahənin inkişafından keçir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda digər sahələr kimi, təhsil sahəsi də öz tərəqqi dövrünü yaşayır.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR