Qədim vaxtlarda, hər yerdə olduğu kimi, Naxçıvanda da həkimliklə, əsasən, tibbi savadı olmayan ara həkimləri, sınıqçılar, mamaçalar, dəlləklər, çöpçülər və başqaları məşğul olublar. Ara həkimləri daxili xəstəliklərin müalicəsi, sınıqçılar sınmış sümüklərin düzəldilməsi və çıxıqların salınması, mamaçalar doğuşun tutulması və ginekoloji xəstəliklərin müalicəsi, dəlləklər, əsasən, diş çəkməklə, qan buraxmaqla, irinlikləri kəsməklə, çöpçülər isə uşaqlardakı boğaz xəstəliklərinin müalicəsi ilə məşğul olmuşlar.
1847-ci ildə çar hökuməti tərəfindən Zaqafqaziyada tibb işçilərinin ştatı haqqında qanun verilir. Bu qanuna əsasən hər qəzada bir həkim, iki feldşer və bir mama nəzərdə tutulur. Elə həmin ildən Naxçıvan qəzasında 1 həkim, 1 feldşer, 1 mama, Şərur qəzasında isə 1 həkim və 1 feldşer tərəfindən əhaliyə ixtisaslı tibbi xidmət göstərilməyə başlanmışdır.
Çar Rusiyasının Zaqafqaziya quberniyasında tibbi xidmətin təkmilləşdirilməsi məqsədilə 26 fevral 1880-ci il tarixli qanunundan 9 il sonra 1889-cu ildə Şərur qəzasının Baş Noraşen kəndində və bundan da 3 il sonra, 1892-ci ildə Naxçıvan qəzasının Cəhri kəndində, həmin dövrün daha mütərəqqi tibbi xidmət forması sayılan 4 çarpayılıq qəbul otağı yaradıldı.
8 mart 1904-cü ildə hökumət qanunu ilə Zaqafqaziyanın qəbul otaqları kənd sahə xəstəxanaları kimi yenidən təşkil olunmuş və çarpayıların sayı 4-dən 6-ya çatdırılmışdır. Naxçıvan şəhərində yaşayanlara tibbi xidmət göstərmək məqsədilə Cəhri kəndində fəaliyyət göstərən 6 çarpayılıq kənd sahə xəstəxanası 1905-ci ildə Naxçıvan şəhərinə köçürülür. Beləliklə, həmin ildə Azərbaycan üzrə fəaliyyət göstərən 16 kənd sahə xəstəxanasından 2-si Naxçıvanda – Naxçıvan şəhərində və Baş Noraşen kəndində fəaliyyət göstərmiş, 1908-ci ildə isə Çənnəb kəndində 6 çarpayılıq daha bir sahə xəstəxanası təşkil edilmişdir.
Naxçıvanda ilk yerli həkim Cəlil Məmmədquluzadənin şagirdi olan Hüseynqulu Səfiyev olmuşdur. O, 1909-cu ildə Moskva Dövlət Universitetinin Tibb fakültəsini bitirib Şərur qəzasında həkimlik fəaliyyətinə başlamış, Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Təbrizə köçmüşdür.
1913-cü ildə Azərbaycan üzrə 8 şəhərdə, o cümlədən Naxçıvan şəhərində 12 çarpayılıq xəstəxana fəaliyyət göstərmişdir. Həmin il Naxçıvan ərazisində cəmi 5 həkim, 14 orta tibb işçisi çalışmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci ilin oktyabrında Naxçıvan İnqilab Komitəsinin dekreti ilə ilk Səhiyyə şöbəsi yaradılır və Əli Abbas oğlu Abbasov Səhiyyə Şöbəsinin müdiri təyin edilir. Bir neçə aydan sonra Səhiyyə şöbəsi Səhiyyə Komissarlığına çevrilir və Ə.Abbasov ilk səhiyyə komissarı təyin olunur.
1925-ci ildə Naxçıvan MSSR-də 24 tibb müəssisəsi fəaliyyət göstərmişdir ki, bu müəssisələrdə 14 həkim, 1 diş həkimi, 10 feldşer, 2 mama və 10 şəfqət bacısı çalışmışdır. 1925-ci ilin noyabrında Azərbaycan xalq səhiyyə komissarı Möhsün İsrafilbəyov (Qədirli) və Naxçıvan xalq səhiyyə komissarı Baba Qədimovun təşəbbüsü ilə Naxçıvan respublika həkimlərinin qurultayı çağırılır ki, bu, Naxçıvan tibb tarixində mühüm hadisə idi.
11 aprel 1926-cı ildə Naxçıvan həkimlərinin iştirakı ilə Azərbaycan həkimlərinin birinci qurultayı keçirilir. Burada tibbi xidmətin səviyyəsi ilə yanaşı, orta tibb işçilərinin sayca azlığı və peşəkarlıqlarının qənaətbəxş olmaması məsələsinə də toxunulur. Ona görə də 16 may 1928-ci ildə Naxçıvan Qadınlar Klubu nəzdində, klubun təlimatçısı İ.Bağırbəyov tərəfindən, B.Mahmudbəyovun rəhbərliyi altında ilk tibbi yardım dərnəyi təşkil edilir və bu dərnəyə 22 nəfər qadın yazılır.
1931-ci ildə Azərbaycan SSR Xalq Komissarları Şurasının “Orta tibb heyətinin hazırlanması haqqında” Qərarı əsasında Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığının səyi ilə 1931-ci il sentyabrın 5-də Naxçıvan Tibb Texnikumu yaradıldı və Cəfər Axundov məktəbin ilk direktoru təyin edildi. 1931-1932-ci illərdə Naxçıvan Tibb Texnikumu təhsil müddəti 4 il olan Feldşer şöbəsi ilə fəaliyyətə başlamış, 1933-1934-cü illərdə texnikumda əlavə olaraq 3 yeni şöbə açılmışdır. 1935-ci ildə Naxçıvan Tibb Texnikumunun ilk buraxılışı olmuş, elə həmin ildə texnikum Naxçıvan Tibb Məktəbi adlandırılmışdı.
Naxçıvan Tibb Məktəbini respublika əhalisinin sağlamlığı keşiyində duran minlərlə həmyerlimiz bitirmiş, onlar İkinci Dünya müharibəsi illərində və sonrakı dövrlərdə öz əməkləri ilə xalqın dərin hörmətini qazanmışlar. Bu məzunların içindən İsmayıl Məmmədov, Malikəjdər İbrahimov, Əbdüləli Tahirov, Cabbar Cəfərov, Yaqub Rzayev, Nəsib Nəbiyev, Kubra Cəfərova kimi alimlər və görkəmli həkimlər yetişmişdir.
1934-cü ildə respublikada çarpayıların sayı 1913-cü ilə nisbətən 10 dəfə, həkimlərin sayı 6 dəfə artaraq 32 nəfərə, orta tibb işçilərinin sayı isə 8,5 dəfə artaraq 110-a çatmışdır.
Müharibə illərində Naxçıvan MSSR-in həkim və tibb işçilərinin əksəriyyəti cəbhəyə getdiklərindən, arxa cəbhənin sanitar vəziyyətini yaxşı saxlamaq, muxtar respublikanın bütün ərazisində özünə və başqalarına ilk tibbi yardım göstərməyin əhaliyə öyrədilməsinə böyük əhəmiyyət verilirdi. Bununla əlaqədar olaraq 1942-ci ilin oktyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Soveti xüsusi qərar qəbul etmişdi. Bu qərarda göstərilirdi ki, Qırmızı Aypara Cəmiyyətinin proqramı həcmində respublikanın ərazisində yaşayan bütün yaşlı əhaliyə istehsalatdan ayrılmadan məcburi surətdə “Sanitariya müdafiəsinə hazıram” normaları üzrə hazırlıq keçilməlidir. Bu işin davamı olaraq 1944-cü ilin aprelində Naxçıvan MSSR Xalq Komissarları Soveti “Kolxoz tibb bacılarının hazırlanması haqqında” qərar qəbul etmişdi. Bununla əlaqədar olaraq Qırmızı Aypara Cəmiyyəti yanında təşkil edilən kursları 127 kolxoz tibb bacısı bitirmişdi.
Müharibə illərində Naxçıvan Tibb Məktəbi orta tibb işçiləri hazırlamaqda davam edirdi. Onların bir çoxu məktəbi qurtaran kimi könüllü olaraq cəbhəyə gedirdi. Məktəbdə 1941-1945-ci illərdə 153 feldşer, 20 mama, 90 tibb bacısı və 39 əczaçı hazırlanmışdır.
1946-cı ildə Naxçıvan MSSR Səhiyyə Komissarlığı Səhiyyə Nazirliyinə çevrildi və bu nazirlik müharibə illərindən sonra səhiyyə sistemində fundamental dəyişikliklərin əsasını qoydu. Muxtar respublikada onkoloji xidməti yaxşılaşdırmaq və onkoloji xəstəliklər haqqında əhalini maarifləndirmək məqsədilə Qırmızı Aypara Cəmiyyətinin 11 üzvündən ibarət fəallar hazırlanmış və onlara xərçəng xəstəliyi barədə 11 saatlıq dərs keçilmişdir.
1952-ci ildən Naxçıvan MSSR Səhiyyə Nazirliyinin nəzdində elmi-tibbi kitabxana fəaliyyət göstərməyə başlamış, bir il sonra həkimlərin sayı 1946-cı ildəkinə nisbətən 2,4 dəfə, orta tibb işçilərinin sayı isə 2,5 dəfə artmışdır. Səhiyyənin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, büdcəsi 1953-cü ildə 1946-cı ilə nisbətən 2 dəfə artırılmışdı.
SSRİ Nazirlər Sovetinin 1960-cı il 14 yanvar 58 nömrəli “SSRİ-də əhaliyə tibbi xidmət göstərilməsini və əhalinin cansağlığının qorunmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərarı ilə əlaqədar Naxçıvan şəhərində 1961-ci ildə respublika səhiyyə maarifi evində ikiillik sağlamlıq universiteti təşkil edilmişdir. Bu illərdə kənd yerlərindəki tələbatın çoxluğu nəzərə alınaraq Naxçıvan MSSR Nazirlər Sovetinin xüsusi qərarı ilə tibb məktəbinin Mamalıq şöbəsinə yalnız kənd yerlərindən tələbələr qəbul olunmağa başlanılmışdır.
Naxçıvan muxtariyyət tarixinin 1969-1987-ci illəri əhatə edən dirçəliş dövründə, bilavasitə ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycan milli səhiyyə sistemi sürətlə inkişaf edərək, səhiyyəmizin misilsiz yüksəlişi, əsrlərə bərabər tərəqqisi təmin edilərək “Sağlamlığımızın qeydinə sağlam ikən qalaq” prinsipinin təntənəsi naminə respublikamızda sağlamlıq zonaları və istirahət evləri yaradılmasına, abadlaşdırılma işlərinin aparılmasına və mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə xüsusi əhəmiyyət verilmişdir.
1974-cü ilin oktyabr ayında Naxçıvan MSSR-in 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gəlmiş görkəmli dövlət xadimi Naxçıvan MSSR-in yeganə tibbi təhsil müəssisəsi olan Naxçıvan Tibb Məktəbində də olmuş və bu təhsil ocağının Naxçıvanda, eləcə də Azərbaycanda orta ixtisaslı tibb kadrlarının hazırlanmasında müstəsna rolunu qeyd etmişdir.
Müstəqillik dövrünün ilk illərində muxtar respublikanın həkimləri məlum çətinliklərə görə uzun müddət təkmilləşdirmə kurslarında iştirak edə bilməmişlər. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırılmış, 1998-1999-cu illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti tərəfindən Naxçıvanda cərrahiyyə, terapiya, pediatriya, travmatologiya-ortopediya, infeksion xəstəliklər və laboratoriya işləri, burun-qulaq-boğaz, dəri-zöhrəvi xəstəlikləri üzrə çox yüksək səviyyədə səyyar kurslar təşkil olunmuşdur.
Ulu öndər Heydər Əliyevin xüsusi qayğısı sayəsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasının yaradılması və 25 nəfərlik tələbə qəbulu Naxçıvan Muxtar Respublikasında tibbi təhsil sahəsində geniş üfüqlər açdı.
İxtisasın fəaliyyətə başladığı ilk illərdə Azərbaycan Tibb Universitetinin görkəmli alimlərindən akademiklər Əhliman Əmiraslanov və Adilə Namazova, professorlardan Çərkəz Cəfərov, Nadir İsmayılov, İbrahim İsayev, dosentlərdən Aydın Nağıyev, Ramin Rzayev, Zərifə Məmmədəliyeva və başqaları vaxtaşırı tələbələrə mühazirələr oxumuş, praktik dərslər keçmiş, tibbi kitabxanamızın dərsliklərlə təmin olunması məsələsində öz köməkliklərini göstərmiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Universitet Elmi Şurasının 2003-cü il 3 iyun tarixli qərarı ilə Pediatriya ixtisası Təbiətşünaslıq fakültəsinin tərkibindən ayrılmış və müstəqil Tibb fakültəsi yaradılmışdır. 2007-ci ildə fakültənin nəzdində Tibbi-profilaktika ixtisası açılmışdır. Bu sahədə aparılan islahatların nəticəsi olaraq 2011-ci ildən etibarən Pediatriya ixtisasına qəbul dayandırıldığından fakültənin nəzdində müalicə işi, sonrakı illərdə isə stomatologiya və əczaçılıq ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikamızda səhiyyə və tibbi təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı sayəsində səhiyyə müəssisələrimiz Avropa standartlarına uyğun şəkildə yenidən qurularaq müasir avadanlıqlarla təchiz olunmuşdur ki, bu da yüksəkixtisaslı tibbi kadrların hazırlanması sahəsində atılan mühüm addımlardandır.
Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitetimiz qonşu Türkiyə Respublikasının Van Yüzüncü Yıl, Elazığ Fırat, Ərzurum Atatürk, İzmit Koceli, Kayseri Ərciyes, Ərzincan, Qars Qafqaz, Ankara universitetləri və İran İslam Respublikasının Təbriz Universiteti ilə sıx əlaqələr qurmuşdur. Bu əlaqələrin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi sisteminin ixtisasartırma kurslarına gedən yüzlərlə həkim və orta tibb işçiləri ilə yanaşı, Naxçıvan Tibb Kollecinin və universitetin Tibb fakültəsinin tələbələri də yay istehsalat təcrübələrinin müəyyən hissəsini qeyd olunan universitetlərin klinikalarında keçirlər.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi məzunlarının Türkiyə Respublikası universitetlərinin klinikalarında internatura kursları keçmələri, tibbi təhsilin rezidentura mərhələsində və Türkiyədə ixtisasartırma kurslarında təhsillərini davam etdirmələri fakültəmizin uğurları sayıla bilər.
2012-ci ildən etibarən bu ali məktəbdə rezidenturanın fəaliyyətə başlaması muxtar respublikanın tibb təhsili tarixində olduqca əhəmiyyətli hadisə, yeni mərhələnin başlanğıcı deməkdir. Bu günə qədər ali məktəbin rezidentura pilləsinə 72 nəfər qəbul edilib və onlardan 9 nəfəri məzun olub. Bu il isə universitetimizdə 3 ixtisas üzrə 6 rezident yekun attestasiyaya buraxılacaqdır. 2017-2018-ci tədris ilində 13 ixtisas üzrə 22 nəfər universitetin rezidentura pilləsinə qəbul edilib. Bu rezidentlərin 9 nəfəri həmin ali təhsil müəssisəsinin Tibb fakültəsinin, 13 nəfəri isə Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Eyni zamanda bu tədris ilində fakültəmizin məzunlarından 9 nəfəri Azərbaycan Tibb Universitetində rezidenturaya, 2 nəfəri isə əczaçılıq ixtisası üzrə magistraturaya qəbul olunub. Builki qəbul imtahanının nəticələri ilə birlikdə hazırda 23 ixtisas üzrə 56 rezident təhsil alır.
Fərəhləndirici haldır ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində respublikamızın müxtəlif regionlarından gəlmiş tələbələrlə bərabər, Türkiyə Respublikası, İran İslam Respublikası və Nigeriya vətəndaşları da təhsil alırlar. Hazırda fakültəmizin məzunlarından üç nəfəri tibb üzrə fəlsəfə doktoru, ikisi dissertant, beşi baş həkim, üçü şöbə müdiri və yüzlərcə praktik həkim respublikamızın müxtəlif şəhər və rayonlarında əhalinin sağlamlığının keşiyində durur.
Qadınlar Klubu nəzdində ilk tibbi yardım dərnəyi kimi fəaliyyətə başlayan tibbi təhsil qısa bir zaman kəsiyində təkmilləşərək sistem şəkli almış və tibbi təhsilin Naxçıvan modeli kimi tanınmışdır. Naxçıvan Muxtar Respublikası rəhbərinin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir ki, 50 illik yubileyini qeyd edən Naxçıvan Dövlət Universiteti dünya səhiyyə sisteminə inteqrasiya etmək yolunda öz sözünü deməkdədir.
İsa ABDULLAYEV
tibb üzrə elmlər doktoru, Əməkdar həkim,
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dosenti