İndi bu sahənin inkişafı üçün hərtərəfli şərait yaradılıb
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı tarixi keçmişi, zəngin mədəniyyəti ilə yanaşı, həm də faydalı qazıntıları ilə zəngindir. Ulu Yaradan bu əsrarəngiz türk yurduna saysız-hesabsız nemətlər verib. Yerüstü zənginlikləri ilə seçilən bu torpağın altı da üstü kimi, necə deyərlər, “qızıldır”. Naxçıvan Muxtar Respublikasının ərazisində yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və cazibədar süxurların mövcudluğu geoloq və səyyahların diqqətini hələ XVIII əsrdən cəlb edib. Bu istər Qərbi Avropa, istərsə də Rusiya geoloji ədəbiyyatında Alp qurşağının statiqrafik məsələlərinin həllində öz əksini tapıb.
Regionun geoloji baxımdan öyrənilməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. Bu sahədə işlərə 30-cu illərdən start verilsə də, sistematik olaraq elmi tədqiqatların aparılması 1940-cı illərə təsadüf edir. Həmin dövrdən başlayaraq muxtar respublika ərazisinin zəngin faydalı qazıntıları haqqında elmi məqalələr hazırlanıb. Xüsusilə muxtar respublikanın geologiyasının kompleks öyrənilməsində Ş.Ə.Əzizbəyovun 1961-ci ildə çap etdirdiyi “Naxçıvan MSSR-in geologiyası” monoqrafiyasında ərazinin tektonikası, maqmatizmi, geomorfologiyası, geoloji inkişaf tarixi və faydalı qazıntıları haqqında müfəssəl zəruri məlumatlar verilib.
Muxtar respublika ərazisində ilk dəfə 1967-ci ildə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yaradılıb. Ekspedisiyanın bazası Ordubad rayonunun Kələki kəndində yerləşib. Həmin qurum 2001-ci ildən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 oktyabr tarixli qərarı ilə Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturundan çıxardılıb Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 6 fevral tarixli Fərmanına əsasən Geoloji Axtarış Ekspedisiyasının bazasında Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılıb, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil edilib, yeni Əsasnaməsi təsdiq olunub.
Adıçəkilən idarə ötən dövrdə muxtar respublika ərazisində bir sıra geoloji tədqiqatların aparılması işlərini həyata keçirib. Muxtar respublikada bütün sahələrə göstərilən dövlət qayğısı Geoloji Axtarış və Kəşfiyyat İdarəsindən də yan keçməyib. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə idarə üçün yeni istifadəyə verilmiş kompleksin açılış mərasimi olub. Bu strukturun fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq üçün həmin kompleksdə olduq.
Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni istifadəyə verilmiş kompleks Culfa şəhərində yerləşir. Buradakı inzibati binanın tikintisinə 2015-ci ildə başlanılıb. Kompleksə ikimərtəbəli əsas bina, birmərtəbəli Geologiya Muzeyi, Çöl tədqiqatları üçün kameral mərkəz, Geoloji Tədqiqatlar Mərkəzi, 30 nəfərlik yeməkxana, avtomaşınların saxlanması üçün örtülü dayanacaq və mexaniki təmir sexi daxildir. Buradakı əsas və köməkçi binalar bütün lazımi texniki avadanlıqlarla, müasir istilik sistemləri ilə təchiz olunub.
Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Əli Vəliyev bildirir ki, idarənin əsas fəaliyyət funksiyası muxtar respublika ərazisində yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı, onların resurs və ehtiyatlarının hesablanması, seysmohidrogeodinamik şəraitin və digər təbii hadisələrin öyrənilməsi, ixtisaslaşdırılmış geoloji tədqiqatların aparılmasıdır. Ötən dövrdə bu istiqamətdə bir sıra işlər görülüb. Belə ki, Gal sahəsində kompleks filiz yataqlarının axtarışı, Xoşkeşin sahəsində səpinti qızıl üçün axtarış-qiymətləndirmə, Qaradərəsi sahəsində inşaat, Toydaş sahəsində isə mis-molibden yataqlarının axtarış-qiymətləndirmə işləri aparılıb. Hazırda Toydaş, Şurud və Ərəzin sahələrində layihə-smeta sənədlərinə müvafiq olaraq çöl geoloji işləri davam etdirilir.
Müsahibimiz sevinc hissi ilə qeyd edir ki, bu gün muxtar respublikamızda belə bir geoloji istehsalat bazasının yaradılması hər birimizi qürurlandırır. Kompleksdəki rahat iş otaqları, tərtibat bürosu, monitorinq, arxiv, geoloji partiyalar üçün hərtərəfli şəraitə malik kameral iş otaqları fəaliyyətimiz üçün lazımi şərait yaradır.
Məlumat üçün bildirək ki, kompleksdəki ikimərtəbəli inzibati binada 20 iş otağı, akt zalı, geoloji informasiya fondu, arxiv, treninq otağı vardır. Binadakı geoloji informasiya fondunda geoloji axtarış və kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında məlumatlar toplusu saxlanılır. Hazırda fondda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondundan gətirilmiş muxtar respublikanın geologiyasına aid 243 geoloji hesabat mövcuddur. Eyni zamanda fondda muxtar respublika ərazisində 1928-ci ildən başlayaraq aparılmış geoloji işlərin – Culfa su mənbələri, nadir elementlər, Urmus mis-molibden təzahürü, Darıdağ mərgümüşlü su bulaqları, Ordubad molibden və andaluzit yataqlarının nəticələrinə aid hesabatların surətləri saxlanılır. Çöl tədqiqatları üçün kameral mərkəz isə 4 axtarış və bir kəşfiyyat dəstəsi üçün nəzərdə tutulmuş xidməti otaqlardan ibarətdir. Burada mühəndis-texniki personalın işləməsi, çöl işləri zamanı yerinə yetirilmiş geoloji tədqiqatların kameral araşdırılması, layihə-smeta sənədlərinin və yekun geoloji hesabatların tərtibi və planlaşdırılması üçün lazımi şərait yaradılıb.
Geoloji Tədqiqatlar Mərkəzinin binası isə üyüdücü sex və 3 tədqiqat otağı olan laboratoriyadan ibarətdir. Üyüdücü sexdə 3 üyüdücü dəzgah və üyütmə prosesi üçün 2, laboratoriyada isə Almaniyanın ən qabaqcıl firmalarının istehsalı olan müasir laboratoriya avadanlıqları quraşdırılıb.
Burada Geologiya Muzeyinin yaradılmasında əsas məqsəd muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda tanıdılması və təbliğindən ibarətdir. Muzeyin binasında eksponatların nümayişi zalı, onların saxlanılması, hazırlanması və muzey işçiləri üçün xidməti otaqlar yerləşir. Burada filiz və qeyri-filiz ehtiyatları bölməsi, muxtar respublikanın geologiya tarixi haqqında bölmə və Paleontologiya yarımbölməsi fəaliyyət göstərir. Hazırda fondda 700 eksponat mövcuddur. Həmçinin burada muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri ilə yanaşı, Naxçıvanın geologiyasının öyrənilməsində xüsusi fəaliyyətləri olan geoloq-alim və geoloq-kəşfiyyatçıların portretləri, bu sahəyə aid elmi ədəbiyyatlar da sərgilənir.
Əli Vəliyev qeyd edir ki, iqtisadi, strateji əhəmiyyətə malik olan bu sahənin inkişaf etdirilməsi, idarənin müasir texnologiya və avadanlıqlarla təchiz olunması gələcək uğurların təməlidir. Sonda müsahibimizdən hər birimiz üçün maraqlı olan “Naxçıvan hansı yeraltı sərvətlərə malikdir?” – sualını cavablandırmasını xahiş edirik. İdarə rəisi deyir:
– Naxçıvan Muxtar Respublikasının ərazisi çoxsaylı filiz və qeyri-filiz yataqlarına malikdir. Təbii sərvətlərinə molibden, mis, qızıl, sink, qurğuşun, sürmə-mərgümüş, civə, kobalt, volfram, titan, manqan, maqnezium, daşduz, dolomit, kükürd, travertin, müxtəlif bəzək daşları, mergel, mərmərləşmiş əhəngdaşları, seolit və mineral sular daxildir.
Məncə, əlavə şərhə ehtiyac yoxdur. Tarixboyu fatehlərə, sərkərdələrə boyun əyməyən, yaşı və mədəniyyəti minilliklərə dayanan bu müqəddəs torpaq gələcəkdə də möcüzəli diyar olaraq xatırlanacaq.
Səbuhi HƏSƏNOV