23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Kitab bilik xəzinəsidir” mövzusunda keçirilən konfransı Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirib ki, kitab idrak mənbəyi, kamillik vasitəsidir və insan əsl təhsili mütaliə etməklə qazanır. Qloballaşan dünyada həllivacib məsələlərdən biri də insanlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsidir.
Qeyd edilib ki, muxtar respublikamızda mütaliə üçün geniş imkanlar vardır. Yaradılan şərait nəticəsində oxucular ənənəvi kitabxanalarla yanaşı, elektron kitabxanalardan da istifadə edə bilərlər. Belə mədəniyyət müəssisələri üçün yeni binaların ­tikilməsi, mövcud binaların yenidən qurulması, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kitabxana fondlarının həm tədris, həm də bədii ədəbiyyatla zənginləşdirilməsi, kitabxanalara ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, həmçinin müasir dövrün şair və yazıçılarının ən qiymətli əsərlərinin pulsuz verilməsi bunun bariz ifadəsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən rəğbətlə qarşılanıb. Çünki bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. Siyahıda olan kitabların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında latın qrafikası ilə çap olunmuş əsərlərdir. Həmin kitablar dövlətin qayğısı ilə bütün məktəb kitabxanalarına göndərilib. Sərəncamla bağlı muxtar respublikanın bütün kitabxanalarında həmin kitablardan ibarət guşə yaradılıb.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Kitablardan öyrənmək həmişə faydalıdır”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Mütaliə cəmiyyətin vərdişinə çevrilməlidir”, kitabxanaçı Gülnisə Zeynallı “İnformasiya dövrü və mütaliə problemi” mövzularında çıxışlar ediblər.
Sonra təşkil edilən səyyar sərgiyə baxış olub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR