15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və birinci kurs tələbələri əvvəlcə Naxçıvan Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.
Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb, ümummilli liderimiz Heydər Əliyevin milli təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Yarıməsrlik tarixi inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinin ölkənin qabaqcıl ali təhsil ocaqlarından biri olduğunu vurğulayan Saleh Məhərrəmov qazanılan uğurların muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu bildirib. Universitetin artan nüfuzunun nəticəsidir ki, cari ildə qəbul planı 92,2 faiz yerinə yetirilib.
Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov “Təhsildə kredit sistemi” adlı məruzəsində universitetdə fənlər üzrə biliyin kredit sistemi ilə qiymətləndirilməsi, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verib.
Tələbələr adından Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova, Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə I kurs tələbəsi Aygün Yusifova muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Universitetə yüksək balla qəbul olan gənclərə tələbə biletləri və “Naxçıvan Ensiklopediyası” təqdim edilib.
Tədbirin sonunda universitet haqqında film nümayiş etdirilib.
***
“Naxçıvan” Universitetində keçirilən tədbir də Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, Azərbaycanda ümummilli lider Heydər Əliyevin elm, təhsil strategiyasının uğurla davam etdirilməsindən, bu sahədəki mühüm nailiyyətlərdən söz açıb. Rektor ali məktəblərdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən çoxşaxəli tədbirlərə nəzər salıb.
Qeyd olunub ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Dörd fakültə, on beş ixtisasın fəaliyyət göstərdiyi, minə yaxın tələbənin təhsil alacağı universitetdə müasir tədris korpusları, sosial xidmət mərkəzi, yataqxana binası, kitabxana və idman zalı mövcuddur. Universitetdə tədrisin səviyyəsi yüksəldilir, ixtisas fənləri elmi dərəcəsi olan müəllimlər tərəfindən tədris edilir, müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
İsmayıl Əliyev deyib ki, bizim təhsilimizin məqsədi tələbələrə elm, bilik öyrətməklə yanaşı, həm də onları yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər kimi yetişdirməkdir. Universitetin Tarix ixtisası üzrə I kurs tələbəsi Şövkət Xudiyeva tələbələr adından çıxış edərək təhsil alacaqları ali məktəbin adını layiqincə doğruldacaqlarına, hərtərəfli mütəxəssis və ziyalı kimi yetişəcəklərinə əminliyini ifadə edib.
Valideynlər adından çıxış edən Əbülfəz Abdullayev muxtar respublikada təhsilə göstərilən qayğıya və “Naxçıvan” Universitetində yaradılmış şəraitə görə dövlətimizə minnətdarlıq edib.
Sonda tədbir iştirakçıları universitetin qısametrajlı tanıtım filminə baxıblar. Fakültə dekanları tərəfindən ali məktəbə yeni qəbul olunanlara tələbə biletləri təqdim edilib.
***
Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Təkcə Naxçıvan şəhərində deyil, ucqar dağ kəndlərində də şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, idman zalları verilib. Hazırda Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının tikintisi davam etdirilir. Artıq demək olar ki, Naxçıvan şəhərində təmir olunmayan məktəb binası qalmayıb. Bir sözlə, gənclərin zehni və fiziki inkişafı, bilik və bacarıqlarının artırılması üçün lazım olan bütün şərait yaradılıb. Çox istərdik ki, hər bir gənc yaradılan şəraitdən səmərəli istifadə etsin, biliklərə dərindən yiyələnsin, vətənpərvər olsun, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsin.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxışında bildirib ki, təhsil sahəsində həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verməkdədir. 2017-ci ildə Naxçıvan şəhər ümumtəhsil məktəblərini bitirən 554 məzundan 495 nəfər, yəni 89,35 faiz ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün ərizə verib, onlardan 360 nəfəri, yəni 72,93 faizi ali məktəblərə, o cümlədən 4 nəfər xüsusi təyinatlı məktəblərə qəbul olunublar. 31 nəfər isə I turda müxtəlif orta ixtisas məktəblərinə daxil olub. Bu il tələbə adını qazanmış məzunlardan 60 nəfəri 500-700 intervalında bal toplayıb.
Qeyd edilib ki, yaradılan şərait daha böyük uğurlar qazanmağa imkan verir. Naxçıvan şəhərinin pedaqoji kollektivləri növbəti dərs ilində bu şəraitdən səmərəli istifadə edəcək, daha böyük uğurlara nail olacaqlar.
***
Muxtar respublikamızın rayonlarında da 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Sevil Hacıyeva açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, muxtar respublikanın ən böyük rayonu olan Şərurda son illərdə 45-dək ümumtəhsil məktəbi, məktəbəqədər və məktəbdənkənar müəssisə tikilib, yaxud yenidən qurulub. Bu il də rayonun Ələkli, Ərəbyengicə və Qarahəsənli kəndlərində tam orta məktəb binaları tikilir, yaxud əsaslı şəkildə yenidən qurulur.
Qeyd olunub ki, Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbi bitirən 43 şagirdin 27-si respublikanın müxtəlif ali məktəblərinə, 4 məzun orta ixtisas məktəblərinə, 2 məzun isə hərbi liseyə qəbul olunub.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva və Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin təşkilatçı müəllimi Ramin Şükürov çıxış edib, şagirdlər ulu öndərə, Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.
Ordubad rayonundakı Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, ötən dərs ilində rayonun tam orta məktəblərinin XI siniflərindən 259 məzun olub. Həmin məzunların 203-ü ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. 147 nəfər tələbə adını qazanıb. Onlardan 41-i 500-700 intervalında bal toplayıb. 11 illik təhsil bazasından 22 məzun orta ixtisas məktəblərinə qəbul olunub.
Ordubad şəhərindəki 1 və 3 nömrəli məktəblərdə, həmçinin rayonun kənd tam orta məktəblərində Bilik Günü ilə əlaqədar keçirilən tədbirlər də yaddaqalan olub.
Culfa rayonunun Əbrəqunus kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev qeyd edib ki, 2016-2017-ci tədris ilində rayonun tam orta məktəblərinin XI sinfini bitirən 373 məzundan 165 nəfəri tələbə adını qazanıb. 27 məzun 500-700 arasında bal toplayıb. Culfa rayonunun ümumtəhsil məktəblərindən 13 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Əbrəqunus kənd tam orta məktəbinin müəllimi Zirafər Yaqubova bildirib ki, məktəbi bitirən 15 nəfərdən 14 nəfəri ali məktəblərə qəbul olunub.
Sonda birincilər məktəblə bağlı şeirlər söyləyiblər.
Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində keçirilən tədbirdə məktəbin direktoru Mahmud Cavadov ötən tədris ilində təhsil ocağının əldə etdiyi uğurlardan danışıb.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, 2016-2017-ci tədris ilində rayonun orta məktəblərini 182 məzun bitirib, onlardan 87 nəfəri tələbə adına layiq görülüb. Ali məktəblərə qəbulda 5 nəfər 600-700, 13 nəfər 500-700 intervalında bal toplayıb.13 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 14 məzun isə orta ixtisas məktəblərində təhsillərini davam etdirmək hüququ qazanıb.
Sonra Bilik Günü münasibətilə şagirdlərə hədiyyələr təqdim edilib.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki, muxtar respublikamızın hər yerində olduğu kimi, rayonda da yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. Belə ki, Şahbuz rayonunda 23 tam orta məktəbdən 22-si müasir bina ilə təmin edilib.
Vurğulanıb ki, 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 133 şagirddən 71-i ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 4 nəfəri 600-700, 15-i isə 500-600 intervalında bal toplayıb.
Sonra rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev və məktəbin müəllimi Tərifə Məmmədova çıxış edərək müəllim və şagirdləri Bilik Günü və yeni dərs ili münasibətilə təbrik ediblər.
Sonda məktəbin fəal şagirdləri tərəfindən şeirlər bədii qiraət olunub.
Sədərək kənd 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov qeyd edib ki, 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin məzunu olan 77 şagirddən 40-ı müxtəlif ali məktəblərə qəbul olunub. Onlardan 1 nəfəri 600-700, 3 nəfəri isə 500-600 intervalında bal toplayıb. Bundan əlavə, 21 məzun orta ixtisas məktəblərinə, 19 nəfər isə Naxçıvan Tibb Kollecinə daxil olub. Bununla yanaşı, 1 şagird Sərhəd Qoşunları Akademiyasına, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin direktoru Gülnarə Hüseynova çıxış edərək dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışıb.
Xəbərlər şöbəsi