Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən də təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.
Bu gün Naxçıvan Muxtar Respublikasında da təhsil özünün tərəqqi dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi qayğı və diqqət, pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, təhsilin məzmununa dövrün tələbləri baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 4242 dəst kompüter verilmişdir ki, onların da 3339-u internet şəbəkəsinə qoşulmuşdur.
Muxtar respublikada təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, son illər 200-ə yaxın təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Cari ildə də tikinti-quruculuq işləri davam etdirilmiş, 2017-ci ilin birinci yarımili ərzində 2716 şagird yerlik beş tam orta məktəb, “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni binalar istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Muxtar respublikamızda ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılır. 2017-ci ilin avqust ayında 145 min 949 nüsxə dərslik və 6271 nüsxə müəllim vəsaiti, 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə təhsil müəssisələrinin kitabxanalarına verilmişdir. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilmişdir. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrinin kitabxanalarında həmin kitablardan ibarət guşələr yaradılır.
Məktəblərdə müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsili də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilmişdir. Muxtar respublikada 86 sağlamlıq imkanı məhdud uşaq məktəbdənkənar tərbiyə müəssisələrinə cəlb olunmuşdur. Onlardan 24-ü şahmat məktəblərinin dərnəklərinə, 13-ü isə müxtəlif idman qruplarına, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb edilmişdir.
Təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Hər il təhsil yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan ən mühüm addımlardandır. Bu il avqustun 25-26-da da növbəti təhsil yarmarkası keçirilmiş, gənc kadrlar ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlamışdır. Bütün bunlar məktəblərin pedaqoji kadr təminatının yerinə yetirilməsi ilə yanaşı, həm də gənclərin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir.
Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızın məzunlarının buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaratmışdır. Şagirdlərin təhsilə marağı artmış, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşmışdır. Belə ki, bu il Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2399 nəfər olmuşdur. 2017-ci ildə cari ilin məzunlarından 1368-i ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, 251-i isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunmuşdur ki, bu da sənəd verənlərin 73,1 faizini təşkil edir. Əvvəlki illərin məzunlarından isə 128-i ali məktəblərə qəbul olmuşdur. 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında 4-ü əvvəlki ilin məzunu olmaqla, 289 nəfər 500-700 arası bal toplamışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında təhsilin bütün pillələri üzrə inkişaf təmin edilmişdir. Orta məktəblərlə yanaşı, orta ixtisas, peşə və ali məktəblər üçün də yeni binalar tikilib istifadəyə verilmiş, müasir tədris şəraiti yaradılmışdır. Bununla yanaşı, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti də təmin edilmişdir.
Təbii ki, bütün sadalananların arxasında insan amili, onun qloballaşan dünyanın tələbləri səviyyəsində təhsil almasına hədəflənmiş diqqət və qayğı dayanır. Təhsil isə cəmiyyətin inkişafında başlıca amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.
"Şərq qapısı"