Muxtar respublikamızda başqa sahələrlə yanaşı, təhsilin inkişafı da göz qabağındadır. Nailiyyətlərin təməlində isə təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır. Təhsil ocaqlarının göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil artmaqdadır. Bu il də ali məktəblərə qəbul imtahanlarında abituriyentlər uğurlu nəticələr əldə ediblər. Muxtar respublikada 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun “Qızıl”, 6 məzun “Gümüş” medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplayıblar. Ordubad rayonunun tam orta məktəblərinin məzunları arasında da belə gənclərimizin sayı az deyil. Təhsildə nümunəviliyi ilə seçilərək tələbə adını qazanmış gənclərlə görüşüb həmsöhbət olduq.
Xəlilova Zeynəb Mirzə qızı: – Ordubad rayon Kələki kənd tam orta məktəbinin məzunuyam. İxtisas qrupu seçimlərindən sonra bütün sınaq imtahanlarında 500 baldan yuxarı nəticə göstərmişəm. Keçirilən fənn olimpiadalarında müxtəlif uğurlar əldə etmişəm. 2015-ci ildə Azərbaycan Respublikası üzrə fənn olimpiadasında tarix fənni üzrə ikinci yeri tutaraq “Gümüş” medalla təltif olunmuşam. Məktəb illərindən hüquqşünas olmaq ən böyük arzum idi. Bunun üçün gecəmi gündüzümə qataraq çalışdım. Və nəhayət, həmin gün gəldi. Həyəcanla nəticələri gözləyirdim. Göstəricimin 683 bal olduğunu biləndə sevincimin həddi-hüdudu yox idi. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq ixtisasını seçdim. Qarşıma qoyduğum birinci məqsədimə çatdım, indi isə üzərimə daha məsul vəzifələr düşüb: təhsil alacağım illər ərzində səylə çalışmaq, ixtisasımı mükəmməl öyrənmək, gələcəkdə yaxşı hüquqşünas olaraq vətəndaşlarımızın hüquqlarını ədalətli şəkildə qorumaq. Çalışacağam ki, mənə göstərilən etimadı doğrulda bilim.
İsmayılova Aynur Cabir qızı: – Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin məzunuyam. Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyurdum. 641 balla Naxçıvan Dövlət Universitetinin İngilis dili ixtisasına qəbul olmuşam.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüşü həyatımın ən unudulmaz günlərindən biri oldu. Görüşdə Ali Məclis Sədrinin dediyi bu sözlər yaddaşımdan silinməyəcək: “...Seçdiyiniz ixtisas üzrə yaxşı bilik almaq, peşə öyrənmək, ölkə və xalq üçün faydalı olmaq qarşınızda əsas fəaliyyət istiqaməti kimi dayanmalıdır. Ali təhsil almaqla və peşə öyrənməklə yanaşı, xalqımızın adət-ənənələrinə, milli dəyərlərinə, eləcə də ümumbəşəri dəyərlərə dərindən yiyələnməlisiniz. Bizim təhsilimizin məqsədi həm də yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər yetişdirməkdir. Unutmayın ki, Azərbaycanın gələcəyi sizə etibar olunacaqdır. Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz”.
Gələcək təhsilim üçün Naxçıvan Dövlət Universitetini seçdim. Muxtar respublikada təhsilə yaradılan şəraitin nəticəsidir ki, mən və mənim kimi onlarla məzun 500-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Ali təhsil ocağında da tələbələr üçün hər cür şərait var. Orada oxuyan tələbələr də bundan razılıq edirlər. Mən də çalışacağam ki, orta məktəbdə olduğu kimi, universitetdə də fərqlənən tələbələrdən olum, mənə göstərilən etimadı doğruldum.
Məmmədli Asya Elşən qızı: – Ordubad şəhər 1 nömrəli tam orta məktəbin məzunuyam. Əgər tələbə adını qazanmaq, gələcəkdə öz xalqına və dövlətinə layiq vətəndaş kimi yetişmək istəyirsənsə, təbii ki, çox oxuyub, çox öyrənməlisən. Uşaqlıqdan həkimlik sənətinə böyük həvəsim olub. Ona görə var gücümlə çalışmağa qərar verdim. Ali məktəblərə qəbul imtahanında 632 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul oldum. Nəticələr bəlli olan günü ailəmizin sevincinin həddi-hüdudu yox idi. Bu, mənim üçün həyatda ən böyük uğurlardan biridir. Arzusunda olduğum həkimlik peşəsinə yiyələnəcəyəm. Düşünürəm ki, seçdiyim ixtisas çox məsuliyyətlidir.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada yüksək bal toplamış tələbələrlə görüşündə biz gənclərə üzünü tutaraq dedi ki, cəmiyyətdə layiqli yer tutmaq, vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız. Hər bir gənc mütəxəssis hansı ixtisas üzrə təhsil almasından asılı olmayaraq, birinci növbədə, Azərbaycan dilini və tarixini öyrənməli, milli dəyərləri, azərbaycanlılara məxsus adət-ənənələri dərindən mənimsəməlidir. Bu sözləri həmişə yaddaşımda saxlayaraq hərtərəfli biliyə malik bir gənc kimi təhsilimi başa vurmağa çalışacağam. Onu da dərk edirəm ki, yaxşı həkim olmaq üçün çox çalışmalıyam. İnanıram ki, təhsilimi uğurla başa vuracaq, savadlı həkim kimi insanların sağlamlığı keşiyində dayanacağam.
Nəcəfli Əli Müşviq oğlu: – Dırnıs kənd tam orta məktəbinin məzunuyam. Təhsil müddətində respublika fənn olimpiadalarında məktəbi layiqincə təmsil etmişəm. Bu il keçirilən muxtar respublika üzrə fizika olimpiadasının qalibi olmuşam. Məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Qarşıma məqsəd qoymuşdum ki, qəbul imtahanında da yüksək bal toplayım. Valideynlərim, müəllimlərim mənə inanırdı. Sevinirəm ki, bu inamı doğrulda bildim. Uğur qazanmağımın başlıca səbəblərindən biri muxtar respublikada təhsilə göstərilən qayğıdır. Hər ay sınaq imtahanlarında iştirak edirdim. Ali məktəblərə qəbul imtahanında 623 bal toplayaraq Azərbaycan Mühəndislik Universitetinin İnformasiya texnologiyaları ixtisasına qəbul oldum. Əsas yolu qət eləmişəm. Yüksək səviyyəli kadr kimi yetişməyimiz üçün ölkəmizdə gənclərə hər cür şərait yaradılıb.
Məsuliyyətli illər isə qarşıdadır. Çətin yola qədəm qoyuruq. Ali təhsilimi də uğurla başa vurmaq istəyirəm. Düşünürəm ki, seçdiyim peşəyə yiyələnmək üçün bundan sonra da var gücümlə çalışmalı, biliklərə mükəmməl və dərindən yiyələnməliyəm.
Fatma BABAYEVA