AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji araşdırmalar” adlı tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə 2006-cı ildən ərazidə aparılan genişmiqyaslı tədqiqatlardan bəhs edərək bildirib ki, bu il bölgənin müxtəlif ərazilərində 2 beynəlxalq, 3 respublika əhəmiyyətli ekspedisiya həyata keçirilib.
Akademik bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərində qazıntılar apardığını, tədqiqatlar zamanı çox sayda maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu və bu nümunələrin Naxçıvan ərazisi ilə bağlı qaranlıq məsələlərin həllində mühüm rol oynayacağını deyib. İsmayıl Hacıyev bu il Amerika Birləşmiş Ştatlarının arxeoloqları tərəfindən muxtar respublika ərazisində ongünlük kəşfiyyat xarakterli ekspedisiyaların da aparıldığını bildirib.
Tədbirdə Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin Beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marro çıxış edərək Uçan ağıl, Şorsu, I Kültəpə yaşayış yerlərində aşkar olunan təbəqələrdən ətraflı danışıb. O, araşdırmaların çox maraqlı nəticələri olduğunu xüsusi vurğulayaraq bildirib ki, qazıntılar zamanı keramika məmulatları, heyvan sümükləri, ocaq yerləri və aşkar olunan digər maddi-mədəniyyət nümunələri Naxçıvanın qədim tarixə malik olduğunu bir daha təsdiq edir.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri Vəli Baxşəliyev Naxçıvan şəhərində, I Kültəpə və onun ətrafında olan Uzunoba, Yeni yol, Uçan ağıl və digər qədim yaşayış yerlərində araşdırmalar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən danışıb. O diqqətə çatdırıb ki, abidələrin yaşı karbon analizi üsulu ilə təyin edilir və xüsusi aparatlar vasitəsilə xəritələşdirilir. Ekspedisiyanın rəhbəri qeyd edib ki, aparılan arxeoloji qazıntılarla bağlı məlumatların geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün müxtəlif vaxtlarda 20-dən artıq internet saytına, o cümlədən digər kütləvi informasiya vasitələrinə materiallar təqdim edilib.
Alim arxeoloji tədqiqatların aparılmasına hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, ekspedisiyanın üzvü, dosent Zeynəb Quliyeva çıxış edərək arxeoloji ekspedisiya heyətinə gələcəkdə arxeoloqlarla bərabər, botaniklərin, bioloqların, zooloqların cəlb olunması təklifini irəli sürüb. O qeyd edib ki, ərazidə aşkar olunan heyvan sümüklərinin mütəxəssislər tərəfindən yerində incələnməsi daha məqsədəuyğun olar.
Tədbirdə AMEA-nın müxbir üzvləri – bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev çıxış edərək Naxçıvan ərazisində aparılan araşdırmaları, çoxsaylı tədqiqatları yüksək qiymətləndiriblər.
Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin videogörüntüsü nümayiş edilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi