23 Dekabr 2024, Bazar ertəsi

“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə müstəqillik illərində bu sahədə geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatımızın müxtəlif sahələrindəki ixtisaslı kadrlara, gənc mütəxəssislərə olan tələbatın yerli potensial hesabına ödənilməsində bu istiqamətdə aparılan islahatlar böyük rol oynayıb. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən, “İyirmi birinci əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər”, – deyən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib. Kompleks tədbirlərin həyata keçirilməsi bu gün də uğurla davam etdirilir.

Ümummilli liderimizin müəllifi olduğu təhsil strategiyası muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.

Ötən il sentyabrın 15-də – Bilik Günündə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey Kompleksinin açılışı olub. Açılış mərasimində Ali Məclisin Sədri deyib: “Vətənə, xalqa xidmətin ən yaxşı yolu mükəmməl təhsil almaqdır. Hər bir gənc bilməlidir ki, o, yaxşı təhsil almaqla, peşə öyrənməklə, ilk növbədə, ölkəmizin inkişafına öz töhfəsini vermiş olur. Ölkəmizin gələcəyi bugünkü gəncliyin təhsilə və ya peşə sahələrinə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Çox istərdik ki, hər bir gənc biliklərə dərindən yiyələnsin, vətənpərvər olsun, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsin”.
Məktəbin direktoru Həbib Ələkbərov söhbət zamanı bildirdi ki, təhsil islahatları o zaman fayda verir ki, o, cəmiyyətin konkret ehtiyaclarına uyğunlaşdırılsın. Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Lisey də bu zərurətdən yaradılıb. Muxtar respublikada texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılmasında liseyin üzərinə mühüm vəzifələr düşür. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə edir, burada müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub.
2016-2017-ci tədris ilindən fəaliyyətə başlayan liseyin VII-X siniflərinə muxtar respublika ümumtəhsil məktəblərindən qəbul aparılıb. Liseyin VII siniflərinə qəbul üçün 474 şagird müraciət edib, imtahanların nəticələrinə əsasən 54 şagird bu tədris ocağına qəbul olunub. Yeni tədris ilində liseydə 224 şagird təhsil alacaqdır. Liseyin pedaqoji kadr potensialını təmin etmək məqsədilə müxtəlif ixtisaslar üzrə sənəd təqdim etmiş müəllimlərin imtahanı keçirilib. Hazırda liseydə 33 müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.
Lisey hər biri zirzəmi ilə birlikdə 5 mərtəbəli tədris və yataqxana binalarından ibarətdir. Tədris binasında 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, 2 kompüter otağı, müəllimlər otağı, 55 yerlik akt zalı, kitabxana, arxiv və bufet vardır. Burada 42 kompüter quraşdırılıb və internetə qoşulub, kitabxanada 4184 dərslik və 2065 bədii ədəbiyyat olmaqla, 6249 kitab müəllim və şagirdlərin istifadəsinə verilib.
Direktorun sözlərinə görə, tədris ocağı muxtar respublikanın distant təhsil şəbəkəsinə qoşulub, 2 mindən artıq elektron dərsliklə təmin edilib. Elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə əlaqə yaradılıb və muxtar respublikanın 210 təhsil müəssisəsinin iştirakı ilə dərs keçilib.
273 yerlik yataqxana binasında 5 və 3 yerlik 87 yataq otağı, növbətçi, nəzarətçi, istirahət, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, ərzaq anbarları, bərbərxana, təsərrüfat otağı və camaşırxana vardır. Otaqların hər biri zəruri mebel avadanlıqları ilə təchiz olunub.
Liseydə şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi, dərsdənkənar məşğələlərin düzgün təşkili, onların muzeylərə ekskursiyalara aparılması və müəllimlərin kurslarda iştirakı təmin edilir. Pedaqoji kollektiv müasir təlim üsullarının tətbiqinə geniş yer verir, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə xüsusi diqqət yetirilir. Məktəbdə dəqiq elmlərlə yanaşı, digər fənlər də yüksək səviyyədə tədris olunur ki, bu da şagirdlərin dövlətçiliyimizə sədaqət, milli və mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, mədəniyyətimizə ehtiram ruhunda tərbiyə olunmalarında mühüm əhəmiyyət kəsb edir.
Tədris ocağında tez-tez maraqlı sinifdənxaric və məktəbdənkənar tədbirlər təşkil olunur, viktorinalar, siniflərarası bilik yarışmaları keçirilir. Tədris prosesində elektron lövhələrdən, kompüterlərdən, müasir laboratoriyalardan səmərəli istifadə olunur.
Ümummilli liderimizin hamımız üçün örnək olan həyat və siyasi fəaliyyətinin məktəblilərə dərindən öyrədilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə keçirilən tədbirlərdə şagirdlərin fəallığı təmin olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, lisey ilk tədris ilini uğurla başa vurub. Belə ki, məktəbi bitirən 26 məzunun hamısı ali məktəb tələbəsi adını qazanmaq üçün ke­çirilən qəbul imtahanlarında bu adı daşımağın sevincini yaşayıb, onlardan 9 nəfəri 500-700 intervalında bal toplayıb, 18 tələbə muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük veriblər.
Reyal Sərxanbəyli 655 bal toplayaraq müəllimlərinin etimadını doğruldub. Onunla və atası Fazil Sərxanbəyli ilə liseyin həyətində görüşdük.
Çöhrəsində övladının tələbə adını qazanmasından yaranan sevinc hissləri duyulan Fazil bildirdi ki, Reyal orta məktəbdə oxuyarkən dəqiq elmlərə maraq göstərirdi. Şərur şəhərində bu liseyin açılması onların ailəsini də ürəkdən sevindirib. Elə həmin ili Reyal yüksək balla liseyə qəbul olunub. Təhsil aldığı dövrdə ciddi çalışıb, müəllimlərinin bütün tapşırıqlarını yerinə yetirməyə səy göstərib. Nəticə də uğurlu olub. Reyalın da, ona dərs deyən müəllimlərin də zəhməti hədər getməyib.
Valideyn liseydə yaradılmış yüksək şəraitə görə dərin minnətdarlığını bildirdi. Reyal isə ali təhsil alacağı dövrdə də yaxşı oxuyacağını, kamil mütəxəssis kimi yetişməyə çalışacağını dilə gətirdi.
Kəngərli rayonundan olan Fərid Eyvazov da yüksək bal toplayanlar sırasındadır. Onun da sevincinin həddi-hüdudu yoxdur. Müəllimlərindən, orta təhsilini başa vurduğu liseydə yaradılmış şəraitdən xeyli razılıq edir:
– Yaşlılardan eşitdiyimə görə bu gün muxtar respublikanın orta məktəblərində yaradılmış şərait illər öncə hətta heç ali məktəblərdə də olmayıb. Bütün bunlar bizə və ölkəmizin gələcəyinə böyük qayğının ifadəsidir. Sevinirəm ki, belə qayğı hesabına mən də ali məktəbə qəbul olunmuşam. Arzum isə ali təhsilimi başa vurduqdan sonra məhz bu liseydə çalışmaqdır.
Liseyin riyaziyyat müəllimi Paşa Heydərov deyir ki, son vaxtlar məktəblilər arasında dəqiq elmlərə maraq göstərənlərin sayı xeyli artıb. Düşünürəm ki, bu, qloballaşan dünyada informasiya texnologiyalarının sürətlə həyatımıza inteqrasiyası ilə bağlıdır və belə bir məktəbin yaradılması təbiidir. Burada bərqərar edilmiş şəraitdə müəllimin pis işləməyə, şagirdin pis oxumağa haqqı yoxdur. Məhz bunun nəticəsidir ki, bu məktəbdə oxumaq istəyənlərin sayı getdikcə artır...
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey hələ öz kövrək addımlarını atmaqdadır. Ancaq bu addımlar belə deməyə əsas verir ki, təhsil ocağı qarşıya qoyulan məqsədlərə çatmaq, zəngin təhsil ənənələri formalaşdırmaq, ölkəmizin gələcəyi üçün güclü kadr potensialı yaratmağa töhfə vermək məqsədilə mövcud şəraitdən səmərəli istifadə edir, şərəfli bir vəzifənin öhdəsindən gəlməyə çalışır. Bu yolda gələcəkdə daha böyük uğurlara imza atmaq diləyilə kollektivə bol sevinclər ­arzulayırıq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR