Konfransda təhsil naziri Məmməd Qəribov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı davamlı xarakter alıb. Bunun nəticəsidir ki, 1996-cı ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Məktəb tikintisi cari ildə də davam etdirilir. Belə ki, I yarımil ərzində 2716 şagird yerlik beş tam orta məktəb binası istifadəyə verilib.
Bu gün ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhədən və 4242 dəst kompüterdən istifadə olunur. Kompüterlərin 3336-sı internet şəbəkəsinə qoşulub.
Muxtar respublikamızda ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılıb, 2017-ci ilin avqust ayında ümumtəhsil məktəblərinə 133 min 729 nüsxə dərslik və 6 min 271 nüsxə tədris vəsaiti, 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə verilib.
Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrində həmin kitablardan ibarət sərgilərin hazırlanması və təhsil işçiləri, eyni zamanda tələbə, şagird və müdavimlər tərəfindən bu kitabların mütaliə və müzakirəsinin keçirilməsi təmin ediləcək.
Vurğulanıb ki, muxtar respublikamızda bütün qəbildən olan uşaqların təhsili diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Onların 88-i I siniflərdə təhsil alıb. 86 sağlamlıq imkanları məhdud uşaq məktəbdənkənar tərbiyə müəssisələrinə, 24 şagird isə hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən distant təhsilə cəlb olunub.
Muxtar respublikada yaradılmış şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşıb, şagirdlərin təhsilə marağı artıb, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşır. Belə ki, bu il məktəbi bitirən 2758 məzundan 2185-i ali, 141-i orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib.
Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2399 nəfər olub. Cari ildə muxtar respublikanın ümumtəhsil məktəblərinin ümumi orta təhsil bazasından 1182, tam orta təhsil bazası üzrə 141 olmaqla, 1323 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib.
Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2017-ci ilin məzunlarından 1524 nəfəri ali təhsil müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 211-i ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunub.
Nazir işdə buraxılan nöqsanlardan da danışıb. Bildirib ki, muxtar respublikamızın pedaqoji kollektivləri içərisində 2016-2017-ci tədris ili ərzində təhsil prosesinə ciddi yanaşmayan, yüksək şagird və müəllim kontingenti olmasına baxmayaraq, ali və orta ixtisas məktəblərinə qəbul zamanı çox zəif nəticə göstərən ümumtəhsil məktəblərimiz də olub. Belə ki, muxtar respublikanın 14 tam orta məktəbindən sənəd verənlərin 30-40 faizi, 13 tam orta məktəbindən isə 40-50 faizi tələbə adını qazanıb. Bununla yanaşı, Şərur rayonu üzrə 3, Babək rayonu üzrə 1, Ordubad rayonu üzrə 1, Culfa rayonu üzrə 1, Şahbuz rayonu üzrə 1, Kəngərli rayonu üzrə 1 olmaqla, muxtar respublika üzrə 8 tam orta məktəbdən ali və orta ixtisas məktəblərinə qəbul cəmi 20-30 faiz təşkil edib.
Vurğulanıb ki, il ərzində aparılan yoxlama-reydlər onu göstərir ki, ümumtəhsil məktəblərimizdə istər pedaqoji işçilərin, istərsə də şagirdlərin məktəbə davamiyyətində hələ də nöqsanlar mövcuddur. Bundan başqa, dərsdənkənar məşğələlər üçün ayrılmış saatların keçirilməsində təlimati tələblər bəzi hallarda gözlənilmir, bunun nəticəsində də şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün lazımi şərait yaranmır. Yeni təlim metodlarından istifadə edərək təlim-tərbiyə aparmaları üçün məktəb rəhbərləri tərəfindən fənn müəllimlərinin işinə düzgün nəzarət olunmur, məktəb sənədlərinin aparılmasında ciddi nöqsanlara yol verilir. Bir sıra məktəb rəhbərləri tərəfindən lazım olan miqdarda dərs dinləmələri aparılmır və yaxud da nəticələri düzgün təhlil olunmur.
Məruzə ətrafında müzakirələrdə Babək və Ordubad Rayon Təhsil şöbələrinin müdirləri Ovni Muradov və Samir Zeynalovun, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin və Naxçıvan Qızlar Liseyinin direktorları Namiq Məmmədov və Aidə Allahverdiyevanın çıxışları dinlənilib.
Sonra konfransın qətnaməsi oxunub.
Muxtar MƏMMƏDOV