23 Dekabr 2024, Bazar ertəsi

Şərur tarixən tanınmış ziyalıların doğulub boya-başa çatdığı bölgə olub. Bu ənənə indi də davam etdirilir. Rayonda istifadəyə verilən yeni təhsil ocaqları, yeniləşən təhsil infrastrukturu ali məktəblərə qəbul olunan gənclərin sayının daha da artmasına, onların yüksək nəticələr göstərməsinə səbəb olur. 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən onu deyə bilərik ki, bu il də rayonun göstəriciləri sevindiricidir.

2016-2017-ci tədris ilində rayonun tam orta təhsil məktəblərinin 543 məzunu olub, onlardan 1-i “Qızıl”, 1-i isə “Gümüş” medala layiq görülüb. Məzunlardan 277-si ali məktəblərə qəbul olaraq tələbə adı qazanıb. Onların 36-sı 500-700, 6-sı 600-650, 1 nəfəri isə 650-700 intervalında bal toplayıb. Doqquzillik bazadan 88 nəfər orta ixtisas məktəblərinə qəbul olunub.
Çərçiboğan kənd tam orta məktəbinin məzunu Elvin Ramazanov qəbul imtahanlarında 682 bal toplayıb. Bu, cari ildə Şərur rayonu üzrə ən yüksək nəticədir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olub. Atası polis mayoru, anası tibb bacısıdır. Valideynləri Bakı şəhərində yaşasa da, Elvin kənddə nənəsinin himayəsində – Çərçiboğan kəndində boya-başa çatıb, təhsil alıb. Onunla söhbətdə dedi: – Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyurdum. Məktəbimizdə hər cür şərait var. Ən böyük arzum qanun keşikçisi kimi cəmiyyətimizə faydalı olmaqdır. Amma qarşıda daha məsuliyyətli bir dövr vardır. Tələbə adını qazanmaqla iş bitmir. Daha çox oxumaq, öz üzərində işləmək, ən azı iki xarici dil öyrənmək lazımdır. Bunun üçün biz gənclərə hər cür şərait yaradılıb. Ona görə də dövlətimizə çox minnətdaram. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimləri bundan sonra da sevindirim”.
Aysel Qəhrəmanova isə rayonun Kürçülü kənd tam orta məktəbini bitirib. 647 balla Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. Dediyinə görə, hələ kiçik yaşlarından müəllim olmaq istəyib. Aysel qazandığı uğurlar üçün müəllimlərinə çox minnətdar olduğunu bildirdi.

– Siz də gələcəkdə müəllim olacaqsınız. Yaxşı müəllimi necə təsəvvür edirsiniz? – soruşduqda Aysel cavab verdi ki, bunun üçün, ilk növbədə, vətənpərvər olmalısan. Vətənpərvərlik ən ali dəyərdir. Vətənə sevgi hər bir insana hələ orta məktəbdən aşılanır.
Aysel onu da bildirdi ki, ölkəmizdə insan amilinə, təhsilə çox ciddi diqqət yetirilir. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüşünün həyatının ən unudulmaz günlərindən biri olduğunu bildirən Aysel onu da qeyd etdi ki, hələ məktəbdə oxuduğu illərdə məzunların belə görüşlərdə iştirak etdiklərini eşidər və bu görüşün ona da qismət olmasını arzulayarmış. Görüşdə Ali Məclis Sədrinin dediyi bu sözlər isə onun yaddaşından silinməyəcək: “...Seçdiyiniz ixtisas üzrə yaxşı bilik almaq, peşə öyrənmək, ölkə və xalq üçün faydalı olmaq qarşınızda əsas fəaliyyət istiqaməti kimi dayanmalıdır. Ali təhsil almaqla və peşə öyrənməklə yanaşı, xalqımızın adət-ənənələrinə, milli dəyərlərinə, eləcə də ümumbəşəri dəyərlərə dərindən yiyələnməlisiniz. Bizim təhsilimizin məqsədi həm də yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər yetişdirməkdir. Unutmayın ki, Azərbaycanın gələcəyi sizə etibar olunacaqdır. Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz”.
Digər bir həmsöhbətim Aysun Cəfərova isə Alışar kənd tam orta məktəbini bitirib. 644 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasında təhsil almağa qərar verib. O, ailənin ikinci övladıdır. Böyük qardaşı 686 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. Aysun deyir ki, dil öyrənməyi çox sevir: – Bilirəm ki, inkişaf edən ölkəmizin, muxtar respublikamızın xarici ölkələrlə yaxın əlaqələri vardır. İngilis dili də beynəlxalq dildir. Hara getsən, hansı ölkəyə səyahət etsən, orada ingilis dili işlənir. Aysun onu da bildirir ki, istənilən xarici dili öyrənmək üçün ana dilimizi yaxşı bilməliyik. Bunun üçün Azərbaycan dilinin bütün incəliklərinə bələd olmaqla ingilis dilini daha dərindən öyrənməyə və gələcəkdə bu sahə üzrə yaxşı mütəxəssis kimi yetişməyə çalışacağam.
Naxçıvan Dövlət Universitetini seçmiş hər iki tələbəyə “Topladığınız yüksək balla müxtəlif universitetləri seçmək imkanınız olub. Siz niyə məhz bu ali məktəbə üstünlük verdiniz?” – sualını ünvanlayanda aldığımız cavab bizi çox fərəhləndirdi. Hər iki tələbə Naxçıvandakı təhsil ocaqlarını öz istəkləri ilə seçdiklərini bildirdilər. Qeyd etdilər ki, Naxçıvanda yüksək səviyyədə təhsil üçün hərtərəfli şərait yaradılıb. Bu gün bu təhsil ocağının dünyanın məşhur universitetləri ilə əlaqələri mövcuddur. Naxçıvan Dövlət Universiteti son illər beynəlxalq elmi konfransların keçirildiyi ünvana çevrilib.
Bu il avqustun 21-də ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşdə Ali Məclis Sədrinin çıxışında vurğulanan “Təhsil olmadan gələcək haqqında düşünmək mümkün deyil” qənaətində mühüm strateji sahə kimi təhsilə göstərilən diqqət bir daha öz təsdiqini tapır. Əminik ki, qarşıdakı təhsil illərində həmsöhbət olduğumuz tələbələr bu qayğıdan yetərincə bəhrələnəcək, onlara göstərilən etimadı doğruldacaq, doğma ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər. Çünki Azərbaycanın sabahı yüksək savada, intellekt və dünyagörüşünə malik belə vətənpərvər gənclərin əlindədir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR