Naxçıvan Dövlət Texniki Kollecini bitirən məzunlara diplomların təqdimat mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Seymur Xudanov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər orta ixtisas məktəblərini də əhatə edib, bu təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilib. Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə aparılan işlərin davamıdır.
Vurğulanıb ki, ixtisaslı kadrların yetişdirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının böyük rolu var. Həmin sərəncama əsasən kollecin tələbələri nəzəri biliklərini müəyyən müəssisələrdə təcrübədə sınayıblar ki, bu da onlarda qazandıqları biliyin əyani şəkildə möhkəmlənməsinə gətirib çıxarıb.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə Naxçıvan Dövlət Texniki Kollecinin 6 ixtisas üzrə, ümumilikdə, 120 məzunu olub. Onlardan 8-i kolleci fərqlənmə diplomu ilə başa vurub.
Məzunlardan Nargül Abbaszadə, Aytac İbrahimli, Aylin Ələkbərova və Songül Səfərova çıxış edərək yaradılan hərtərəfli təhsil şəraitinə görə minnətdarlıq ediblər.
Sonra kolleci bitirən məzunlara diplomlar təqdim olunub.
Nail ƏSGƏROV