Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 7 fevral tarixli Sərəncamında deyilir: “Cəfakeş alim, təbiət vurğunu, təbiətin mühafizəsi üçün geniş elmi fəaliyyətlə məşğul olan Həsən Əliyev bütün ömrünü Azərbaycan elminin inkişafına həsr etmişdir. Onun elmi yaradıcılığının bünövrəsi təbiətin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə problemləri olmuşdur”.
Həsən Əliyev uşaqlıq və gənclik illərində çox çətin sınaqlarla üz-üzə qalıb. O, sovet hakimiyyətinin ilk illərində taleyin sərt sınaqları ilə üzləşsə də, fitri istedadı və təhsilə olan sonsuz marağı sayəsində axşam məktəbində təhsil alır, mətbuatda zamanın nəbzini tutan publisistik məqalələrlə çıxış edirdi. Həsən Əliyev 1924-1930-cu illərdə Naxçıvan şəhərindəki kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra ali təhsil alaraq aspiranturaya daxil olur. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib işləyir. Elə o vaxtdan xam torpaqların tədqiqinə başlayır. Apardığı tədqiqatların nəticəsi kimi “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafiyası 1940-cı ildə kitab şəklində işıq üzü görür.
1941-ci ildə Böyük Vətən müharibəsi başlananda Həsən Əliyev ordu sıralarında zabit kimi xidmət edir. Cəfakeş alim alman faşizminə qarşı döyüşlərdə ağır yaralandıqdan sonra arxa cəbhəyə qayıdır və səngəri elm cəbhəsi ilə əvəz edir. O, 1944-1949-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1949-1952-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru kimi səmərəli fəaliyyət göstərir. Həsən Əliyev həm də coğrafiya üzrə bir sıra elmi şuraların sədri və üzvü olub. Onun yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri var.
Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətin sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, 1975-ci ildən “Azərbaycan təbiəti” məcmuəsinin baş redaktoru olan Həsən Əliyev dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslarda, seminar və simpoziumlarda məruzələrlə çıxış edib. 50 illik elmi fəaliyyətinin bəhrəsi olan 400-ə yaxın elmi əsər yazıb. Monoqrafik əsərləri elm ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan SSR Ali Sovetinin 10-11-ci çağırışlarda deputatı olub. “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı”, “Qırmızı ulduz”, “Birinci dərəcəli Vətən müharibəsi”, “Şöhrət” ordenləri, SSRİ Elmlər Akademiyasının Vavilov adına qızıl medalı ilə təltif edilib. Dünya universitetlərinin elmi və mədəniyyət üzrə doktoru, İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olub.
Həsən Əliyevə görə, Azərbaycan təbiəti Azərbaycan torpağı demək idi. Onun fəaliyyətinin əsasında insanla təbiət arasındakı pozulmuş balansın bərpası dayanırdı. O deyirdi: “İnsanlara təbiətin bir parçası olduqlarını anlatmaq, onlara təbiəti sevdirmək başlıca vəzifəmiz olmalıdır”.
Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifədir”. Akademik Həsən Əliyev bu vəzifələrin məsuliyyətini dərindən dərk edir və dəyərləndirirdi. Onun qənaətinə görə, təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət elə məhz torpaqdır. Ona görə də cəfakeş alim ömrünün yarısını Azərbaycan torpaqlarının öyrənilməsinə, məhv olmaq təhlükəsiylə üz-üzə qalan meşələrin, dağların, çayların xilas edilməsi yollarını axtarmağa sərf elədi. O, torpağı canlı bir varlıq kimi öyrənir, torpaqla insanın ünsiyyətində böyük sosial-ictimai tutum görürdü. Torpağın eroziyasını insanın eroziyasının başlanğıcı kimi qiymətləndirirdi.
Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində akademikin xidmətləri əvəzsizdir. “Su dirilikdir, həyatdır”, – demişlər. “Susuz təbiət yoxdur və heç bir yaşıllığı təsəvvür etmək də mümkün deyildir. Su da çörək kimi hamıya, hər şeyə lazımdır. Hətta isbat edilmişdir ki, su çörəkdən də vacibdir”, – deyən Həsən Əliyev üçün su ən aktual problemlərdən biri olub. O, sudan kənd təsərrüfatında qənaətlə və səmərəli surətdə istifadə etmək, onu çirklənmədən qorumaq kimi problemlərə xüsusi diqqət yetirir, qeyd edirdi ki, yalnız bu yolla suya olan tələbatın ödənilməsini yaxşılaşdırmaq olar.
O, gənc nəslin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin dərinləşməsinə, təbii komponentlərin təbliğinə böyük əhəmiyyət verirdi. Həsən Əliyevin “Həyəcan təbili” əsəri təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət çağırışıdır. Üstündən 35 il vaxt ötməsinə baxmayaraq, bu kitab yenə də öz aktuallığını saxlayır. Alim ürəkağrısı ilə yazırdı ki, bir düzənlikdəki münbit torpağın əmələ gəlməsi üçün bəzən min ildən artıq vaxt keçir. Onun yararsız hala düşməsi üçün isə çox əmək və çox vaxt sərf etmək lazım gəlmir. Torpaq da övladlarının, əsrlərlə bəsləyib yedirtdiyi insanların əlindən fəryad edir. Bəs onun dadına çatmaq, onu müalicə etmək lazım deyilmi?!
Azərbaycanın bütün ərazilərində mühüm tədqiqatlar aparan akademik Həsən Əliyev Naxçıvan Muxtar Respublikasının da ekologiyası ilə dərindən maraqlanıb, bu qədim diyarın zəngin təbiətini tədqiq edib, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması ilə bağlı təkliflər verib. Sevindirici haldır ki, bu gün görkəmli alimin Naxçıvanın ekoloji mühiti, zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsini təşkil edir. Naxçıvanda yeni yaşıllıq zolaqları, fauna və floramızın qorunması və zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsində bir vaxtlar yaşıl örtük sahəsi ümumi ərazisinin 1 faizini təşkil etməyən muxtar respublikada hazırda 13 faizə qədər ərazi yaşıllıqlara bürünüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının sahəsi Ordubad Milli Parkının, Şahbuz Dövlət Təbiət Qoruğunun, eyni zamanda Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının torpaqları hesabına genişləndirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradılıb. Milli Parkın yaradılmasında əsas məqsəd isə ərazidə ayrı-ayrı komponentləri mühafizə etmək, müxtəlif növ heyvanları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Buna görə də ərazidə mövcud olan heyvanat aləminin qorunması və öyrənilməsi daim diqqət mərkəzində saxlanılır və bu işlər mütəmadi xarakter daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixdə imzaladığı Sərəncamla “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən yubileylə bağlı muxtar respublikada silsilə tədbirlər keçirilir, gənclərin və tələbələrin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyaları təşkil olunur.
Akademikin ömür yolu çox zəngindir və o zəngin ömürdə isə böyük bir Azərbaycan dünyası yaşayır. Həsən Əliyev ana torpağa, ana təbiətə, təbiətin yaratdığı gözəlliklərə, ülviliyə bağlı bir insan idi. Əlbəttə, torpaqdan yaranan insanın torpağa ali hisslər, saf duyğular bəsləməsi təbiidir. Akademik təbiətə bağlı insan olduğundan, ona zərər dəyməsini qətiyyən istəməyib və yaşıllaşdırma işinə böyük rəğbətlə yanaşıb. Təbiətə doğması kimi münasibət göstərən Həsən Əliyev vaxtilə mətbuatda dərc edilən məqalələrində “Meşə həyat mənbəyidir”, – deyə yazırdı. Qeyd edirdi ki, meşə sərvətimizdir, meşə varlığımızdır, meşə məişətimizin bir hissəsidir: “Meşəni – təbiətin bu yaşıl kəmərini bir an təsəvvür etməsək, demək, bəşər də yoxdur. Meşələrin mühafizəsi naminə biz əkinəyararlı torpaqları qorumalı və ondan lazımi səviyyədə istifadə etməliyik. Əks-təqdirdə əkin yerlərini genişləndirmək naminə meşələr qırılacaq, təbiət bizdən üz döndərəcək”.
Xalq şairi Məmməd Araz yazırdı: “Akademik Həsən Əliyev görkəmli torpaqşünas, coğrafiyaçı, Azərbaycanda ekologiya problemləri haqqında ilk həyəcan təbili çalan vətəndaş, ziyalı və müdrik şəxsiyyətdir. Ürəyi xalqın ürəyi ilə birgə döyünən, həyatı xalqın taleyi ilə sıx bağlı olan şəxslər əbədiyaşardırlar. Həsən Əliyev kimi insanlar olmasaydı, dağlar arxasız, çaylar məcrasız, düzlər çəmənsiz, meşələr kimsəsiz, təbiət yiyəsiz qalardı”.
Təbiəti, ilk növbədə, insan qorumalıdır. Görkəmli akademik bu barədə yazırdı: “Bir şeyi yadda saxlayın: Yer kürəsindəki bioloji mühit məhv olan deyil. Onun nizamının pozulması yeni bir mühit yaradıb bu mühiti yaşada bilər. Lakin mühitin dəyişməsi bəşəriyyəti təhlükə qarşısında qoyur. İnsan öz-özünün keşikçisi olmalıdır, heç bir başqa canlı onun hayına çatmayacaq. Bəlkə də, toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə çox yaşamağa yubanmaqdır”.
Böyük təbiətşünas-alimin fikirlərindən yola çıxıb belə bir nümunəni önə çəkmək yerinə düşər ki, hər bir insan ağac əkməli, yaşıllaşdırma işinə həvəs göstərməlidir. Bu yolu tutan Həsən Əliyev kimi görkəmli şəxsiyyətlərin taleyinə, sadəcə, bir qismət yazılır: Torpağa, Vətənə bağlı ömür.
Vaqif AĞALAROV
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru