Uşaq və gənclərin hərtərəfli inkişaf etməsində, onların asudə vaxtlarının səmərəli təşkilində, istedadlı uşaqların aşkar edilməsində məktəbdənkənar müəssisələrin əvəzsiz rolu vardır.
Hazırda muxtar respublikamızda bu sahə ilə məşğul olan 44 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Onların sırasında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusi rola malikdir. 4 mərtəbədən ibarət olan mərkəzin binasında 270 nəfərlik iclas zalı, 70 yerlik akt zalı, rəsm studiyası, rəqs və boks zalları, diyarşünaslıq muzeyi, kompüter və elektron lövhə otaqları, emalatxana, kitabxana, 22 dərnək otağı vardır. Mərkəzdə 3 adda şöbə, 61 dərnək fəaliyyət göstərir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti gənclərin hərtərəfli inkişaf etməsini təmin etmək, onlarda vətənpərvərlik hissini gücləndirmək, gənclərə doğma diyarımızın tarixi, milli adət-ənənələri, flora və faunası haqda biliklər verməkdən ibarətdir. İl ərzində burada müsabiqələr, bilik yarışları, əl işləri sərgiləri təşkil edilir. Mərkəz, həmçinin dərnəklərə uşaqların cəlbi üçün Naxçıvan şəhərinin ümumtəhsil məktəbləri ilə sıx əlaqələr qurur. Bəs yay tətili günlərində mərkəz tərəfindən hansı tədbirlər həyata keçirilir?
Bu suala cavab tapmaq üçün adıçəkilən ünvana yollandıq. Mərkəzin direktoru Namiq Novruzov bizimlə söhbətində bildirdi ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yay fəsli ilə əlaqədar hər il tədbirlər planı hazırlanır, bu il də həmin işlər davam etdirilir. Belə ki, plana əsasən iyun ayının 27-30-u arası sağlamlıq imkanları məhdud uşaqların stolüstü tennis yarışı keçirilib. Ötən ayın 18-də isə mərkəz tərəfindən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub. Həmin günü muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin hesabatı kimi də qeyd etmək olar. Tədbirdə 2016-2017-ci tədris ilində keçirilmiş müsabiqələrdə uğur qazanan və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilən 14 ən yaxşı dərnək üzvü, 7 ən yaxşı dərnək rəhbəri mükafatlandırılıb. Bundan əlavə, yay tətilində hər ay dərnək üzvləri arasında rəsm müsabiqələri, gənclər arasında “Mən nəyi bacarıram?”, “Mən necə rəqs edirəm?” devizləri altında müsabiqələr təşkil edilir. Həmçinin ayda bir dəfə uşaqların turizmə marağının artırılması üçün mərkəzin həyətində turist çadırları qurulur, şəhərin gəzməli-görməli yerlərinə ekskursiyalar təşkil edilir, hər həftənin şənbə günləri muzeylərə gedilir, uşaqlar orada tariximizi, mədəniyyətimizi əks etdirən eksponatlarla tanış olur, onlara bu haqda daha geniş məlumatlar verilir. Avqust ayının 25-də isə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və muxtar respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında daha bir tədbir – “Tullantı işlərindən ibarət əl işləri” sərgisi keçiriləcək.
Nail ƏSGƏROV