Rəsədxanalar haqqında çox yazılıb. Rəsədxanalar qədim mədəniyyət abidələri, müasir elm mərkəzləri kimi hər zaman diqqət mərkəzində olub. Hələ miladdan əvvəl – elmin inkişaf etmədiyi zamanlarda insanlar təbiətlə daha çox təmas qurmağa, onun sirləri ilə tanış olmağa və xüsusilə səma cisimlərini öyrənməyə can atıblar. Ən azından onlar kainatın dərinliklərinə baş vurmaqla çıxış yolunu təbiətlə mübarizədə yox, onun sirlərini öyrənməkdə görüblər. Əlbəttə, belə bir istək astronomiya və təbiəti öyrənən digər elm sahələrinin daha tez təşəkkül tapmasına təkan verib. Beləliklə, bu zərurətdən kosmosu – ulduzları, Günəşi və digər səma cisimlərini müşahidə etmək üçün xüsusi elmi qurumlar – rəsədxanalar yaradıldı və onlar alimlərin, münəccimlərin ən çox müraciət etdiyi ünvanlara çevrildi. Qeyri-rəsmi mənbələrə görə, dünyada rəsədxanaların yaradılması miladdan çox-çox əvvəllərə gedib çıxır.
İlk rəsədxanalar sadə daş tikililərdən ibarət olub. Onlarda müşahidə yalnız açıq havada gözlə baxmaqla aparılırdı. Müəyyən dövrlərdən sonra səmanı müşahidə etməyə meyil edənlər münəccimlik edər və bunun üçün evlərin damlarında qüllələr ucaldar, əlavə otaqlar tikərdilər. Lakin zaman dəyişdikcə bu primitiv üsul da dəyişdi. Təxminən, XVII əsrdə teleskopun ixtirası ilə bu sahə xeyli təkmilləşdi və bu gün adları, kəşfləri ilə bizə məlum olan astronomiya ilə məşğul olan alimlər formalaşmağa başladılar. Beləcə, müasir rəsədxanalar yaradıldı, elmi-texniki tərəqqi paralelliyində təkmilləşdirildi, yaradıldığı ilk vaxtlardan bir neçə minillik keçsə də, onlar sıradan çıxmadı, qədim elm ocaqlarından müasir tədqiqat mərkəzlərinə çevrildi.
Elmin inkişafında xüsusi rol oynayan, elmi-texniki imkanları və coğrafi mövqeyinin unikallığı ilə tanınan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Rəsədxana bölmənin tərkibində fəaliyyət göstərən 6 elmi-tədqiqat müəssisəsindən biridir. Bu elmi-tədqiqat müəssisəsi Naxçıvan şəhərindəki inzibati binadan, Şahbuz rayonu ərazisində yerləşən Batabat və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyalarından ibarətdir.
Ötən günlərdə bu elmi-tədqiqat müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün rəsədxananın direktoru Qulu Həziyevlə görüşüb həmsöhbət olduq. Söhbət zamanı o bildirdi ki, rəsədxana təşkil olunmazdan əvvəl Naxçıvan ərazisində 2 astronomik rəsədxana olub. Bunlardan biri Şamaxı Astrofizika Rəsədxanasının Batabat Bölməsi, digəri isə Sankt-Peterburq şəhərində yerləşən Pulkovo Rəsədxanasının Ordubad rayonunun Ağdərə ərazisindəki astronomik stansiyası idi. Hər iki rəsədxana üçün Naxçıvan ərazisinin seçilməsi təsadüfi deyildi. Burada astronomik müşahidələr üçün ideal təbii-iqlim şəraitinin mövcudluğu və bölgənin Yer ekvatoruna yaxın olması unikal astronomik müşahidələrin aparılmasına imkan yaradır. Hər iki rəsədxanada 15 ildən artıq bir dövrdə aparılan müşahidələr və tədqiqat işləri bunu bir daha təsdiq edir. 1992-ci ildə Ağdərə stansiyası Şamaxı Astrofizika Rəsədxanasına birləşdirilib. Çox təəssüf ki, keçən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərində baş verən məlum hadisələrdən sonra faktiki olaraq hər iki rəsədxanada astronomik müşahidələr dayandırılıb. Ümummilli liderimizin AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə hər iki rəsədxana təkrar həyata vəsiqə qazanıb, keçmiş kadrların yenidən elmi- tədqiqat işlərinə cəlb olunmasına başlanılıb. Bundan başqa, Şamaxı Astrofizika Rəsədxanasının Batabat Bölməsinin, həm də Ağdərə stansiyasının maddi-texniki bazasından və kadr potensialından istifadə olunub.
Bu elmi-tədqiqat müəssisəsinə göstərilən dövlət qayğısından danışan Qulu Həziyev qeyd etdi ki, rəsədxana üçün həm Naxçıvan şəhərində, həm də Batabat stansiyasında müasir tələblərə cavab verən inzibati binalar tikilərək istifadəyə verilib, elmi-texniki sahədə çalışan əməkdaşların hər biri müasir iş şəraiti olan ayrıca otaqlarla, internetə qoşulan fərdi kompüterlərlə təmin olunub. Rəsədxananın ən müasir cihaz və avadanlıqlarla təminatı intensiv surətdə davam etdirilir. Rəsədxanaya yeni əməkdaşlar, xüsusilə gənc kadrlar cəlb olunur, müasir müşahidə cihazları əldə edilir. Bu işlər tam başa çatdırıldıqdan sonra astronomiyanın digər sahələri – qalaktikalar, relikt cisimlərlə bağlı da tədqiqatlar aparılması nəzərdə tutulub. Bunun üçün əsas avadanlıqlar əldə olunub və qismən quraşdırılıb. Ancaq astronomiyada bütün bu nəzərdə tutulan işlərin effektiv nəticə verməsi üçün müəyyən zaman tələb olunur.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ən böyük çətinliklərimizdən biri bu sahədə elmi kadrların azlığıdır. Bu da ondan irəli gəlir ki, sovetlər dövründə məktəblərdə astronomiya fənn kimi tədris olunsa da, həmin sahəyə maraq göstərən şagirdlərin digər pillələrdə təhsil alması mümkünsüz olub, ya da bu fənn görüntü üçün, epizodik tədris olunub. Ancaq son dövrlərdə elmə və təhsilə göstərilən dövlət qayğısından astronomiya elminə də pay düşüb, artıq bu elm sahəsi üzrə müdafiə şuraları fəaliyyətə başlayıb, astronomiya üzrə elmi dərəcələr təsis olunub. Vaxtilə bizim rəsədxananın ən böyük çətinliyi gənc kadrlardan qaynaqlanırdısa, indi yavaş-yavaş bu çətinliklər aradan qaldırılır.
Qulu Həziyev dedi ki, rəsədxanalar həm tədqiqat obyektinə, həm də iş rejiminə görə xüsüsi zəhmət tələb edir. Məsələn, bəzən həftələrlə gecələr müşahidə proqramları yerinə yetirmək lazım gəlir. Müşahidə aparılan yer, yəni teleskopun olduğu məkan qızdırıla və soyudula bilməz. Bunun üçün də tədqiqatçı bütün hava şəraitlərinə hazırlıqlı və dözümlü olmalıdır. Rəsədxanada 21 əməkdaş çalışır. Onlardan 9 nəfəri bilavasitə elmi-tədqiqat sahəsində fəaliyyət göstərir. Elmi-tədqiqatla məşğul olanların dörd nəfəri gəncdir və son dörd ildə rəsədxananın fəaliyyətinə cəlb edilib. Onlar hazırda təhsillərini doktorantura səviyyəsində davam etdirirlər.
Rəsədxananın fəaliyyəti dövründə bir sıra nailiyyətlər qazanılıb, 2009-cu ildə muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Naxçıvanda astronomiya sahəsində ilk beynəlxalq konfrans keçirilib, sonrakı müddətdə 4 əməkdaş tərəfindən dissertasiya müdafiə edilib. Beynəlxalq səviyyəli elmi jurnallarda əməkdaşların məqalələri dərc edilib. Rusiya, Çin və İngiltərənin elmi jurnallarında dərc olunan məqalələrə elmi çevrələrin marağı böyük olub. Bundan başqa, rəsədxananın əməkdaşları Türkiyədə, İranda, Braziliyada və Çilidə keçirilən elmi konfranslarda iştirak edərək müxtəlif mövzularda maraqlı məruzələr ediblər. Hazırda rəsədxanada yerlə toqquşma təhlükəsi böyük olan asteroidlərin və kometlərin tədqiqi həyata keçirilir, Şamaxı Astrofizika Rəsədxanası, Marağa Astrofizika İnstitutu, Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən Astrofizika Rəsədxanası, Moskva Dövlət Universitetinin Astrofizika Rəsədxanası ilə əməkdaşlıq əsasında bir sıra işlər görülür.
Elmi mərkəzin turistlər üçün də cəlbedici məkan olduğunu bildirən Qulu Həziyev qeyd etdi ki, rəsədxanadakı ümumi şəraitlə tanışlıq zamanı paytaxtdan, ayrı-ayrı bölgələrdən, eləcə də xarici ölkələrdən gələn turistlərin sayı ilbəil artır. İsti aylarda buralar daha çox qonaq-qaralı olur. Buradakı elmi mərkəzlə yaxından tanış olmaq, teleskoplarla səma cisimlərini müşahidə etmək üçün gələnlər çoxluq təşkil edir. Bundan başqa, rəsədxananın qonaqları arasında tələbə-gənclər, ziyalıların da sayı az deyil. Sözsüz ki, bütün bu görülən işlər muxtar respublikada elmin kütləvi təbliğində səmərəliliyin artırılmasına çox müsbət təsir göstərir. Qonaqlar teleskopla səmaya baxmağa və burada çalışan mütəxəssislərin, alimlərin rəsədxana haqqında fikirlərini dinləməyə can atırlar. Onlar aydın səma altında müasir teleskoplarla göy cisimlərini müşahidə etmək, yeni məlumatlar öyrənmək üçün növbələrini səbirsizliklə gözləyirlər.
Digər bir maraqlı məqam da odur ki, onların arasında azyaşlılar da kifayət qədərdir. Sözsüz, bu, böyüklərlə yanaşı, uşaqların da astronomiyaya sonsuz marağından xəbər verir. Burada çalışan alimlər isə yorulmadan hər kəsin suallarını cavablandırır, onları kainatın, kosmosun sirləri ilə yaxından tanış etməyə həvəslə səy göstərirlər. Çünki rəsədxanada kifayət qədər müasir elmi-texniki avadanlıqlar, cihazlar var. Ən əsası da burada quraşdırılan teleskoplar vasitəsilə səma cisimlərini seyr etmək, onları yaxından öyrənməkdir. Buradakı teleskop, əsasən, spektral müşahidələr üçün nəzərdə tutulub. Bu siyahını bir qədər uzatmaq olar, lakin əsas odur ki, rəsədxanada müxtəlif təyinatlar üzrə belə qurğular var və yenilərinin də gətirilməsi planlaşdırılır.
Əsrarəngiz iqlimə və təbii sərvətlərə malik olan muxtar respublikamızın hər bir bölgəsi özünəməxsus turizm potensialına və son dərəcə zəngin tarixi abidələrə malikdir. Batabat Astrofizika Rəsədxanası bu baxımdan Naxçıvanın elmi-mədəni abidəsi olmaqla bərabər, həm də elmin inkişafına verdiyi töhfələrə görə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bura əlverişli turizm məkanı kimi də məşhurlaşıb.
Səbuhi HÜSEYNOV