Məktəblilərin yay tətilinin bir xeyli hissəsi artıq arxada qalıb. Bəs şagirdlərimiz bu tətil günlərində asudə vaxtlarını yetərincə səmərəli keçirə bilirlərmi? Naxçıvan şəhərində bir sıra istiqamətlər üzrə fəaliyyət göstərən məktəbdənkənar müəssisələrdə bunun üçün hərtərəfli şərait yaradılıb. Həmin müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq Mərkəzidir.
Məlumat üçün bildirək ki, bu məktəbdənkənar müəssisə 1973-cü ildə Gənc Turistlər Stansiyası adı ilə yaradılıb. 2005-ci ildən isə Turist-Diyarşünaslıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Hərtərəfli qayğı ilə əhatə olunan mərkəzin binası 2013-cü ildə yenidən qurularaq kollektivin ixtiyarına verilib. Buranın yaradılmasında əsas məqsəd uşaqların asudə vaxtlarının maraqlı, əyləncəli keçməsini təmin etmək, gənc nəslə doğma diyarı sevdirmək və vətənpərvərlik hisslərini gücləndirməkdir. Eyni zamanda yeniyetmə və gənclərdə turizm ixtisasına marağı artırmaq, onları regionun turizm potensialının təbliği işinə fəal şəkildə cəlb etmək, tariximizi, milli dəyərlərimizi aşılamaq, tarixi abidələrlə tanış etməkdən ibarətdir. Mərkəzin nəzdində fəaliyyət göstərən ədəbiyyat, tarix, coğrafiya kabinələri və muzey üçün ayrıca otaqlar var. Burada yüksək iş şəraiti yaradılıb. Mərkəzdə 12 dərnək və 100 qrup fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi dövrdə yüzlərlə məktəbli bu mərkəzə cəlb olunub, burada yaradılmış dərnəklər vasitəsilə onların istedad və bacarıqları üzə çıxarılıb. Mərkəz tərəfindən təşkil olunan ekskursiyalar tədbirlər planına əsasən aparılır. Gənc turistlərə tariximiz, mədəniyyətimiz, incəsənətimiz, mənəvi dəyərlərimiz, turizmin kütləvi formaları öyrədilir və təbliğ edilir. Bunun üçün mərkəzdə “Azərbaycanı sev və öyrən” devizi altında ekspedisiya dəstələri yaradılıb. Yay tətili günlərində daha bir dərnək təşkil edilib. “Kənd turizmi” adlanan bu dərnəyə cəlb olunmuş məktəblilərə muxtar respublikanın turizm potensialı haqqında məlumatlar verilir, onlar diyarımızın gəzməli, görməli yerlərinə aparılır.
Məktəblilərin Azərbaycan mədəniyyəti, incəsənəti, milli kinosu ilə tanış olmaları da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə onlara Azərbaycan filmlərinin nümayişi təşkil edilir.
2016-2017-ci tədris ili ərzində mərkəzdə şair və yazıçılarla, müharibə və əmək veteranları, şəhid ailələri və qabaqcıl müəllimlərlə, eləcə də digər peşə sahibləri ilə görüşlər keçirilib.
Muxtar respublikamızın qədim tarixinin uşaqlar tərəfindən öyrənilməsi baxımından mərkəzdə yaradılmış tarix-diyarşünaslıq muzeyinin fəaliyyətindən razılıqla danışmaq olar. Muzeydə qədim, orta və müasir dövrü özündə əks etdirən eksponatlar yerləşdirilib. Burada “İmamzadə” kompleksi, Hüseyn Cavid məqbərəsi, Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələrinin uşaqlar tərəfindən hazırlanan maketlərini görmək olar. Muzeydə orta əsrlərə aid saxsı və boyalı qablar, döyüş və əmək alətləri, XIII-XIX əsrlərə aid kağız, mis, latun pullar, uşaqların Duzdağ Fizioterapiya Mərkəzində olduqları müddətdə tapdıqları fərqli, faydalı daş süxur nümunələri, kətan parça üzərinə muncuqla, sapla toxunmuş gözəl əl işləri nümayiş etdirilir. Mərkəzə cəlb olunmuş məktəblilərin muxtar respublika iqtisadiyyatında önəmli rol oynayan sahibkarlıq subyektlərinə, emal və istehsal müəssisələrinə də ekskursiyaları təşkil olunur.
Mərkəzin Naxçıvan şəhərindəki tam orta məktəblərdə də dərnəkləri təşkil edilib. Belə tədris ocaqlarından biri də 1 nömrəli tam orta məktəbdir. Burada piyada turizm, gənc ekoloq və coğrafiya-diyarşünaslıq dərnəkləri fəaliyyət göstərir. Dərnək üzvlərinin bu dərs ilində Naxçıvan-Şəkərabad, Naxçıvan-Şıxmahmud, Naxçıvan-Tumbul, Naxçıvan-Qaraçuq istiqamətində təşkil edilən piyada yürüşləri yaddaqalan olub. Yürüşlər zamanı şagirdlərə olduqları ünvanlar, həmin yaşayış məntəqələrinin tarixi, mədəniyyət abidələri barədə ətraflı məlumatlar verilib. Bütün bunlar belə deməyə əsas verir ki, adıçəkilən mərkəzin dərnək üzvləri asudə vaxtlarını səmərəli keçirir, yurdumuzun coğrafiyasını, tarixini, turizm potensialını öyrənir, bilik və bacarıqlarını artırırlar.
Nərminə Həsənova
mərkəzin dərnək rəhbəri