Muxtar respublikada texniki-peşə təhsili pilləsi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində formalaşaraq tarixi bir yol keçib və ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayıb. Xüsusən 1995-ci ildən sonrakı dövrdə muxtar respublikanın texniki-peşə məktəblərində təlim-tərbiyə prosesinin səmərəliliyinin yüksəldilməsi, gənclərin peşə və fənlərə olan maraq və meyillərinin artırılması, onların istedad və biliklərinin üzə çıxarılması, pedaqoji prosesin forma və metodlarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Bu gün Naxçıvanda gənclərə peşə təhsili vermək üçün hər cür şərait yaradılıb. Muxtar respublikanın istənilən rayonundan, hətta Azərbaycanın digər bölgələrindən də müraciət edənlər bu məktəblərdə təhsil ala bilərlər.
2012-ci il avqust ayının 15-də istifadəyə verilən Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi də muxtar respublikada texniki-peşə təhsilinin müasir standartlarda həyata keçirilməsinə imkan verir.
Ötən günlərdə qonağı olduğumuz məktəb haqda qısa məlumat verərək qeyd edək ki, bu təhsil ocağı nəinki bölgəmizdə, hətta ölkəmizdə yüksək şəraitə və maddi-texniki təchizata malik olan məktəblərdən biridir. Burada 4 elektron lövhəli sinif, 2 metodik kabinə, 2 avtotrenajor sinfi var. Sinif otaqları lazımi avadanlıqlarla təchiz edilib, kompüterlər internetə qoşulub.
Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnməsinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir. Təbii ki, belə təhsil şəraiti nəqliyyat vasitələrindən düzgün istifadəyə və yol hərəkətinin təhlükəsizliyinə təminatdır. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Binanın birinci mərtəbəsində sənədlərin qəbulu otağı, tibb məntəqəsi, anbar, iş otaqları, kombayn və traktorların, minik avtomobillərinin quruluşu və istismarı, təcrübə-məşğələ və avtotrenajor sinifləri yerləşir. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün hər cür şərait yaradılıb, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulub. Sözsüz ki, bütün bunlar keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsini, kənd təsərrüfatı texnikaları üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını şərtləndirən başlıca amillərdir.
Sürücülük peşəsinə yiyələnmək istəyənlər avtotrenajor siniflərində avtomobillərin idarə edilməsini praktik olaraq mənimsəyirlər. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir. Bu avtotrenajorlar ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində tətbiq olunub. Avtomobil ilə eyni sistemə malik kabinədən ibarət olan avtotrenajorlarda müxtəlif yol şəraitinə və sürət həddinə uyğun təlimlər keçirilir və sürmənin nəticələri avtomatik olaraq kompüter idarəetmə sisteminə göndərilir. Təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir.
Binanın ikinci mərtəbəsində metodik kabinələr, kompüter otağı, tibbi hazırlıq, yol hərəkəti qaydaları və ümumi hərbi hazırlıq sinifləri, müəllimlər otağı, elektron lövhəli siniflər, təlimatçı otağı və arxiv vardır. Kompüter otağında 18 kompüter qoyulub və internetə çıxışları təmin edilib.
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbinin yataqxanası və yürüş-təlim meydançası müasir tələblər səviyyəsindədir. Burada aparılan kompleks quruculuq işləri çərçivəsində inşa olunan yataqxana binası müasir tələblərə cavab verir. Məktəb kompleksində yataqxana binasının yaradılması təhsil alanların rahatlığı baxımından əhəmiyyətlidir. Bu, tədrisin keyfiyyətinin yüksəldilməsinə və davamiyyətin təmin olunmasına imkan verir. Təlim meydançasında yol hərəkəti qaydalarına və müxtəlif yol nişanlarının tələblərinə əməl etməklə avtomobillərin idarə olunması praktik olaraq öyrədilir, müdavimlər əyani sürmə vərdişlərinə yiyələnirlər. Bu ilin ötən dövrü ərzində məktəbi 622 nəfər bitirib ki, onlardan da 96-sı qadındır.
Məktəbdə sürücülük peşəsinin sirlərini öyrənən Günay Rzayeva deyir ki, muxtar respublikada ictimai asayişin qorunmasında əldə edilən nailiyyətlərin, Naxçıvanın bugünkü inkişafının insanların düşüncə tərzinə də müsbət təsir göstərməsi bir çox qadınlar kimi, onun da sürücülük peşəsinə yiyələnmək həvəsini artırıb. Buna görə də o, bu məktəbə müraciət edib. Məktəbdə yaradılan şəraitdən minnətdarlıqla danışan Günay Rzayeva bildirir ki, burada bizim bu peşəni yaxşı öyrənməyimiz üçün bütün imkanlar mövcuddur, hər şey dəqiqliklə hazırlanıb. Məktəbin müəllim heyəti isə peşəkarlardan ibarətdir və onlar bir sürücünün bilməsi vacib olan bilikləri müdavimlərə bütün incəlikləri ilə mənimsədir, qarşılarına çıxan hər bir çətinlikdə onlara kömək edirlər. Burada yaradılan şəraitə görə dövlətimizə minnətdarıq.
Məktəbin direktoru Rəfail Abdullayev muxtar respublikada əvvəlki dövrdə baş verən avtomobil qəzaları ilə müqayisədə indi belə qəzaların sayının xeyli azaldığını dedi. Qeyd etdi ki, avtomobil qəzalarının çox olmasının obyektiv səbəbləri var idi. Bu qəzalara yolların darlığı və istismara yararsızlığı ilə bərabər, sürücülərin səriştəsizliyi və məsuliyyətsizliyi, nəqliyyatın təhlükəsizliyinə nəzarətin zəifliyi də şərait yaradırdı. Bütövlükdə, muxtar respublikanın yol təsərrüfatı, xüsusən yerli avtomobil yolları sistemində idarəetmə quruluşu köhnə olduğundan ümumi istifadədə olan yolların saxlanmasını, inkişafı və abadlaşdırılmasını təmin edə bilmirdi. Ancaq 1995-ci ildən sonra bu sahədə müsbət dəyişikliklər baş verdi. Bunun nəticəsidir ki, müasir dövrümüzdə muxtar respublikada nəqliyyat vasitələrinin bəhs etdiyim dövrdən qat-qat çox olmasına baxmayaraq, qəza halları ilə az-az qarşılaşırıq. Təbii ki, bu işdə Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbinin də xüsusi rolu vardır. Qeyd edim ki, məktəbin yaradılmasından sonrakı ilk mərhələdə sürücülük vəsiqəsinin asan əldə olunması tendensiyası aradan qaldırılıb. Məktəbin müdavimlərinin sonrakı fəaliyyəti də xüsusi diqqət yetirilən məsələlərdəndir. Sevindirici haldır ki, onlar arasında yol hərəkəti qaydalarını pozan, səkiləri zəbt edən, sürət həddini aşan, avtomobilini qaydasız və pərakəndə park edən və sair avtomobil qəzalarının artmasına şərait yaradan sürücülər, demək olar ki, yox dərəcəsindədir. Bu da, təbii ki, məktəbin müəllim heyətini ruhlandırır, yeni-yeni nailiyyətlər qazanmağa həvəsləndirir.
Məktəbin müəllimlərindən Həsən Əliyev isə bildirdi ki, tədris prosesində gənc sürücülərə onu aşılamağa çalışırıq ki, bütün qayda və qanunlar, ilk növbədə, həmin sürücünün həyatının və ətrafdakıların təhlükəsizliyinə hədəflənib. Çünki dövlətimiz üçün ən vacib olan öz vətəndaşının sağlamlığı, təhlükəsizliyidir. Müdavimlərimizlə söhbətlərimiz zamanı dəfələrlə qeyd edirik ki, yüksək sürücülük mədəniyyəti qəzaların qarşısını alacaq çox mühüm faktordur. Əgər bir sürücü yolda qəza vəziyyəti yaradırsa, təkcə özünün yox, o ərazidə olanların da həyatını təhlükə altında qoyur, baş verən qəza təkcə onun deyil, başqaları üçün də geriyə qaytarılması mümkün olmayan nəticələrə səbəb olur. Çalışırıq ki, məktəbdə təhsil alan müdavimlər yaxşı mütəxəssis kimi yetişsinlər.
Bəli, Naxçıvan Muxtar Respublikasında təhsilin bütün sahələri kimi, peşə təhsilinin inkişaf strategiyası hələ müstəqil dövlət quruculuğunun ilk illərində ulu öndər Heydər Əliyevin tapşırığı ilə hazırlanıb və həmin kurs indi də müvəffəqiyyətlə davam etdirilir. Günü-gündən yeniləşən Naxçıvan özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Bu illərdə uğurla həyata keçirilən dövlət proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi strategiyasına uyğun olaraq bir sıra mühüm tədbirlər reallaşdırılıb. Ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ixtisaslı kadrlara yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki-peşə təhsili sisteminin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Dövlət proqramlarının tələblərinin yerinə yetirilməsi və bu gün muxtar respublikamızın həyatında baş verən sosial-iqtisadi dəyişikliklər, yeni sənaye və xidmət sahələrinin yaradılması, müasir informasiya texnologiyalarının tətbiqi peşə təhsilinin inkişafı və bu yolla ixtisaslı işçi kadrların yetişdirilməsini də zəruri edib. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib. Bu tələbatın dolğun ödənilməsi üçün infrastruktur təminatı yüksək səviyyədədir. İndi əsas məsuliyyət peşə təhsili sahəsində çalışanların üzərinə düşür.
Nail ƏSGƏROV